Xəbər lenti

 
 
 
Kompüter oyunlarının demək olar hamısında ənənəvi bir qayda var: oyunun bir mərhələsini bitirib növbəti mərhələyə atlayırlayırsan. Yeni mərhələdən sonra isə yenə bir başqası gəlir. 
 
Son Qarabağ müharibəsi də bu oyuna bənzəyir. Azərbaycan ilk mərhələdə qarşısına qoyduğu bütün hədəfləri yerinə yetirdi. Bəyənib-bəyənməməyimizdən asılı olmayaraq, bu mərhələdə rəsmi Bakının qarşıya qoyduğu və prezident İlham Əliyevin ilk gündən son ana qədər təkrarladığı hədəflər vardı: Dağlıq Qarabağ ətrafındakı 7 rayon mərhələli şəkildə geri qaytarılacaq və daha sonra digər 4 rayonunun məsələsinə baxılacaq. Azərbaycan ordusu bu ilk hədəfi 44 gün ərzində reallaşdırdı. Ordumuz 4 rayonu düşməndən təmizləyərək Ermənistan ordusunun bütün gücünü məhv etdi. İrəvanı ağ bayraq qaldırmaq məcburiyyətində buraxdı. Müharibənin taleyi tam həll olunmaq mərhələsinə yaxınlaşmışdı ki, Rusiya Dağlıq Qarabağa müdaxilə etdi. “Sülhməramlı missiya” adı altında hərbi qüvvələrini bölgəyə yeridən Moskva ikinci bir ortaq istəməyərək Türkiyəni prosesdən kənarda saxlamağa çalışır. Ankaranın təzyiqi ilə tədricən yumşalma xətti tutan Kremlin Türk sülhməramlıları ilə əməkdaşlıq prinsipini qəbul etmək məcburiyyətində qaldığı müşahidə olunur. Bu gün Ankarada aparılacaq müzakirələrdə sözügedən əməkdaşlığın detalları masaya yatırılacaq. Rusiya, sözsüz ki, ələ keçirdiyi qəniməti Türkiyə ilə bölüşməyə həvəssizdir. Türkiyə isə Dağlıq Qarabağın içərisində sülhməramlı missiyasını davam etdirmək əzmindədir. Son sözü isə rəsmi Bakı deyəcək. Çünki beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ Azərbaycanın ərazi bütövlüyünə daxildir və burada kimin olmasına qərar vermək bizim müstəsna hüququmuzdur. 
 
Qüdrətli qonşumuz olan Rusiyanın çox xətrinə dəymək istəməsək də, Türkiyəni Dağlıq Qarabağda görmək bizim maraqlarımıza daha uyğundur və tərəflərin indiki israrlı mübahisəsində Bakının Ankaranın yanında yer almaması mümkün deyil. Ən azı ona görə ki, Rusiya açıq şəkildə erməniləri, Türkiyə isə bizi müdafiə edir. Vəziyyətin indiki kritik mərhələyə gəlməsi Dağlıq Qarabağ münaqişəsinin lokal savaşdan qlobal müharibəyə çevrilməsinə zəmin yarada bilər. 
 
Bu gün bəzi Qərb dövlətləri ermənilərin tərəfini saxlasa da, münaqişənin qlobal müstəviyə sıçraması ilə tərəflərin münasibətlərini büsbütün dəyişdirəcəyini gözləmək mümkündür. Nədən ki, Azərbaycanın öz ərazi bütünlüyü uğrunda mübarizəsi tədricən Rusiyanın bölgədən sıxışdırılıb çıxarması prosesinə çevrilir. Bu da Şərqi Avropadan tutmuş, Rusiya əleyhdarı hərbi alyansın əksər dövlətlərin maraqlarına tam cavab verir. Ermənilərin Rusiyanın arxasında gizlənməsi və bölgəni Moskvanın nəzarətinə keçməsinə şərait yaratması da beynəlxalq müstəvidə bizim xeyrimizədir
 
Vəziyyətin indiki mərhələsində xüsusilə keçmiş sovet ölkələrindən olan Qara dəniz-Baltikyanı dövlətlərinin Rusiyaya qarşı fəallaşması gözlənilir. Azərbaycanın Dağlıq Qarabağda qazandığı uğurlar, üstəlik, bunun beynəlxalq birlik tərəfindən dəstəklənməsi perspektivi həmin ölkələri də ərazi bütövlüyü uğrunda mübarizəyə həvəsləndirə bilər və yəqin ki, böyük dövlətlər bu fürsəti qaçırmayacaqlar.
 
Təsadüfi deyil ki, Rusiyanın başı Dağlıq Qarabağa qarışdığı bir zamanda ən maraqlı və gözlənilməz addım isə dünən Belarus liderindən gəldi. Məlumata görə, cəmi bir neçə ay əvvəl Moskvaya sığınaraq kreslosunu qoruya bilən Lukaşenko dünən Belarus Atom Elektrik Stansiyasının açılış mərasimində Polşa və Litvaya dostluq mesajları göndərib. O, sözügedən ölkələrlə bir zamanlar eyni dövlətin - Litva Böyük Hersoqluğunun varisləri olduğunu xatırladaraq, Rusiyaya qarşı birgə mübarizələrinə eyham vurub.
 
 
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko açılış nitqində ölkəsi ilə Polşa və Litva arasındakı dostluqdan danışdı. Bu qonşu ölkələrin liderlərinə keçmişi unutmamağı və münasibətləri sıfırdan qurmağı təklif etdi. Lukaşenkoya görə, Belarus və Litva bir vaxtlar eyni dövlətin tərkibində idilər və indi yaxşı qonşuluqda, elektrik enerjisi və digər mallarla ticarət edə bilərlər. Belarusiya Respublikasının lideri polyaklara, hər halda heç kimin qarşısında “diz çökməyəcək” Belarusların ruhunun əyilməzliyinə işarə edərək dostluq təklif göndərdi. “Xalqlarımız bir vaxtlar eyni vəziyyətdə idilər, normal yaşayırdılar və indi də normal yaşayırlar. Gəlin, birlikdə çalışaq, biz açıq şəkildə əməkdaşlıq etməyə hazırıq”-deyə Lukaşenka Varşavaya üz tutdu”,-Rusiyanın Avia.pro portalı belə yazır.
 
Portal xatırladır ki, Belarusda keçirilən aktiv etiraz aksiyaları zamanı Prezident Aleksandr Lukaşenko ölkəsinin Rusiyanın ən yaxşı dostu və ortağı olduğunu bildirərək Polşa və Litvanı ittiham etmişdi, amma indi yenidən Qərblə münasibətləri inkişaf etdirməyə qərar verib. Rusiyada isə bunu heç kim gözləmirdi.
 
Məlum olduğu kimi, son prezident seçkilərindən əvvəl də Lukaşenko bənzər mövqe sərgiləmiş, ölkəsinin enerji ehtiyaclarını ABŞ-dan alacağı LNG qazı hesabına təmin etmək yolunu tutmuşdu. ABŞ-ın dövlət katibi Mayk Pompeo bu məqsədlə Minskə gəlmiş və Rusiyanın təsir dairəsindən çıxmağa çalışan bütün ölkələri dəstəkləyəcəyini bəyan etmişdi. Minsk hətta ABŞ-dan dəniz yoluyla Litvaya, ordan isə Belarusa göndərilən ilk qazı belə, almışdı. Di gəl ki, həmin ərəfədə Belarusda keçirilən seçkilər Lukaşenkonu yenidən Rusiyanın qucağına atsa da, dünənki çıxışı ilə o, iqtsadi müstəqillik üçün Qərbə yönəlməkdən başqa alternativ olmadığını düşündüyünü bir daha ortaya qoyub.
 
Minskdən sonra Rusiyaya qarşı ikinci hərəkətlənmənin Ukraynadan başlayacağına kəsin gözlə baxılır. Bu ölkədə ABŞ-ın strateji hərbi təyyarələrinin yerləşdirilməsi və ordunun Krım və Donbası işğaldan qurtarmaq təlimlərinin keçirilməsi də təsadüfə bənzəmir. Maraqlıdır ki, Ukraynanın Rusiyaya qarşı mübarizəsini dəstəkləyən ən aktiv ölkə də Türkiyədir. O Türkiyə ki, bizim Dağlıq Qarabağda ərazi bütünlüyümüzün tam təmin olunmasını bu gün Ankarada rusiyalı diplomatlarla müzakirə edəcək. Rusiyanın hansı sövdələşmə şərtləri üçün Dağlıq Qarabağa girdiyi bugünkü müzakirələrdən sonra bəlli olacaq. Əlbəttə, bu sövdələşmənin detallarının ictimaiyyətdən hələ uzun müddət gizli tutulacağı da istisna deyil.
 
?@ovqatcom


Ana səhifəyə qayıt        Baxış: 5 549          Tarix: 13-11-2020, 11:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma