Xəbər lenti

 
ABŞ Rusiya boru kəmərinə qarşı yeni sanksiyalara hazırlaşır. Ancaq böyük ehtimalla,” Qazprom” bütün məhdudiyyətləri aşaraq “Şimal axını-2” layihəsinin tikintisini başa çatdıra biləcək”
 
Ovqat.com xəbər verir ki, ABŞ-ın dünyaca ünlü “Bloomberg” nəşri bu qənaətdədir.
 
Nəşrin bildirdiyinə görə, “Qazprom”  boru çəkmə işlərini 5 dekabrda davam edəcək.
 
“Bloomberg”in fikrincə, hazırda “Şimal axını-2” layihəsinin qarşısında 3 mühüm vəzifə durur: boru çəkilşini yerinə yetirmək üçün gəmi tapmaq, layihəni sığortalatmaq və işin təhlükəsiz və AB standartlarına uyğun olduğunu təsdiqləmək. ““Qazprom” hər üç sahədə də çalışır və tezliklə uğur qazana biləcək”,-Bloomberg belə düşünür.
 
Nəşr iddia edir ki, şirkətin qarşısındaki bu 3 vəzifədən ən mühümü boru xətti inşasının tamamlanması üçün gəmi tapılmasıdır. “Şimal axını-2” layihəsinin taleyi məhz bundan asılı olacaq.
 
Məsələ burasındadır ki, “İsveçrənin Allseas Group SA şirkəti sanksiyalar tətbiq edildikdən dərhal sonra bütün gəmilərini inşaat zonasından çıxartdı. Layihədən bütün ümidlər kəsildiyi bir zamanda bölgədə “Akademik Çerski” gəmisi peyda oldu. Artıq bu gəmi Mukranda (Baltik dənizinin Almaniya sahilindəki əsas lojistik liman) da görünməyə başladı və yəqin ki, borunun tamamlanması bu gəmiyə həvalə olunacaq.


 
ABŞ-ın növbəti zərbəsi “Şimal axını-2”-ni sığortalayan “Zurich Insurance Group AG” şirkətinə yönəldilmişdi. “Bloomberg”ə inansaq, Moskva bu məhdudiyyəti də atlaya biləcək. Çünki layihəni sığortalayan qurum, sanksiya riskləri ilə mübarizə aparmaq üçün yaradılan Rusiya Milli Təkrarsığorta Şirkətindən bütün lazımi xidmətləri ala biləcək”,-məqalədə belə deyilir.
 
O ki qaldı sertifikatlaşdırma probleminə, nəşrin iddiasına görə, indiyədək Norveçin “Det Norske Veritas Holding AS” şirkəti bu məsuliyyəti boynuna götürmüşdü. Şirkət artıq layihə üzərində iş həcmində azalma olduğunu bəyan edib. “Bloomberg” nəşri “Qazprom”un bu şirkəti başqa bir ölkədən tapa biləcəyini də istisna etmir.
 
Qeyd edək ki, Vaşinqton qəti şəkildə bu layihəyə qarşı çıxır və Avropadakı müttəfiqlərini “Şimal axını-2”-nin inşasından geri çəkilməyə çağırır. Bu ilin ilk yarısında ABŞ Dövlət Departamentinin sədri Mayk Pompeo bir neçə dəfə sözügedən tələbləri dilə gətirmiş, əks halda layihədə iştirak edən şirkətləri ağır sanksiyalarla təhdid etmişdi. İlk zamanlar bu təhdidlər istənilən effekti vermişdi də. İndisə belə görünür ki, “Qazprom” çətin də olsa, vəziyyətdən çıxış yolları tapıb. 
 
İnşaatının artıq 95%-i bitən “Şimal axını-2” layihəsi tamamlanarsa və Qərbi Avropa ölkələri ondan qaz almağa başlayarsa, bu, ABŞ-ın Avropadakı nüfuzuna böyük zərbə vuracaq. 
 


Layihənin tamamlanmasında əsasən mərkəzi və Qərbi Avropa ölkələri, xüsusilə də Almaniya və Fransa maraqlıdır. Onlar bu layihəni ABŞ-ın təsir dairəsindən çıxmağın və rus xofunu iqtisadi həvəsləndirmə ilə zərərsizləşdirməyin ən optimal yolu olaraq görürlər. ABŞ isə rus qazının inhisarı altında qalan Avropanın enerji təhlükəsizliyinin Kremldən asılı vəziyyətə düşəcəyindən ehtiyatlanır. Bunu özünün dünya hegemoniyası üçün təhlükə kimi görən Vaşinqton nəyin bahasına olursa-olsun layihəni dayandırmağa çalışır.
 
Vaşinqton “Şimal axını-2” layihəsinə alternativ olaraq özünün və Qətərin mayeləşdirilmiş qazını Avropa ölkələrinə xeyli ucuz qiymətə satmağa belə, razıdır. Fəqət onun bu siyasəti Şərqi Avropa ölkələrinin vasitəsilə həyata keçirməyə çalışması da Almaniya və Fransa kimi güclü dövlətləri qane etmir. Onların fikrincə, ABŞ Avropanın güc mərkəzini qitənin qərbindən şərqinə sürüşdürmək fikrindədir, bu isə Almaniya və Fransanın böyük dövlət olma və ya status-kvonu saxlamaq maraqlarına cavab vermir.
 
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 5 825          Tarix: 30-11-2020, 22:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma