Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun İran prezidenti Həsən Ruhani ilə görüşü başlayıb.
Ovqat.com-un məlumatına görə, görüşdə İranın Xarici İşlər naziri Məhəmməd Cavab Zərif də iştirak edir.
İranın Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Ceyhun Bayramov səfər çərçivəsində ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi və ali dini rəhbərin təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Əli Şəmxani və ölkə parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ilə də görüşəcək.
Müşahidəçilər əsl görüşün məhz ikincilərlə baş tutacağına inanırlar. Onların fikrincə, İranda əslində iki İran var. Bunlardan birini şərti olaraq rəsmi İran, digərini isə faktiki İran adlandıra bilərik.
Ölkə Prezidenti Həsən Ruhani və onun hökumət komandası rəsmi İranı təmsil edir. Onlar xarici siyasətdə dini iradənin fikriylə mütləq hesablaşır, bir çox hallarda teokratik hakimiyyətin direktivləri ilə hərəkət edirlər. Başqa sözlə desək, əslində Prezident də, Xarici İşlər naziri də faktiki İranın sözçüsü kimi xarici görüşlər keçirirlər. Hazırda Ceyhun Bayramovun görüşdüyü də elə faktiki iradənin sözçüləridir.
Maraqlıdır ki, faktiki İran Ceyhun Bayramovla görüşü təkcə sözçülərinin insiativinə biraxmaq istəməyib. Bu görüşdən sonra o, əsl iradə sahiblərinin təmsilçiləri ilə bir araya gələcək. Ölkələrimiz arasında münasibətlərin bundan sonrakı taleyini də məhz ikinci görüşdə əldə olunan razılaşmalar müəyyənləşdirəcək.
Ceyhun Bayramovun sonrakı görüşlərdə danışıqlara başlayacağı şəxslərin ikisinin İranın təhlükəsizlik sistemi ilə birbaşa əlaqəsi olduğu bildirilir. Cənab Əli Şəmxaninin kimliyi, zatən vəzifəsindən bəllidir: İran Ali Milli Təhlükəsizlik Şurasının katibi və ali dini rəhbərin təhlükəsizlik məsələləri üzrə nümayəndəsi.
Parlamentin sədri Məhəmməd Baqir Qalibafın isə keçmişi SEPAH-la bağlıdır. Uzun illər SEPAH-ın ən kritik birliklərinə rəhbərlik edən Qalibaf daha sonra Tehranın bələdiyyə sədri işləmiş, ötən il qatıldığı seçkilərdə millət vəkili ünvanını qazanaraq parlament sədrliyinə gətirilmişdi.
Qalibafın acıq-aşkar mühafizəkarların xeyrinə düzənlənən seçkilərlə qanunvericilik orqanın başına gətirilməsi dini iradənin “islahatçılar” kimi təqdim olunanlara artıq etibar etmədiklərindən və rejimin bel sütununu şübhəli şəxslərdən təmizləməyə çalışdıqlarından xəbər verir. Bunun başlıca səbəbi isə Ruhani-Zərif komandasının BMT TŞ-nın Daimi üzvləri və Almaniya ilə 2015-ci ildə bağladığı “nüvə sazişi”nin “lax” çıxması idi. 2016-cı ildə ABŞ-da hakimiyyətə gələn Donald Trampın 2 ildən sonra sazişdən çəkilməsi və İrana qarşı indiyədək misli görünməmiş sanksiyalara start verməsi ilə Ruhani-Zərif komandası dini liderin yanında nüfuzda düşdü. Bir müddət əvvəl Tehranın öhdəliklərindən imtina etməsiylə isə münasibətlər daha pisləşdi. Ruhaninin öhdəliklərdən imtinaya kəskin qarşı çıxması mövcud rəsmi hakimiyyət barədə dedi-qoduların yaranmasına rəvac verdi.
İrandakı hakimiyyətdaxili qüvvələr arasında gərginliklərin baş qaldırdığı bir zamanda Azərbaycan 30 ildir həllini gözləyən Dağlıq Qarabağda döyüşlərə başladı və böyük uğurlar qazandı. Ölkəmizə dəstək verən dövlətlərdən biri də İsrail idi və görünür, bu məqam cənub qonşumuzu ciddi narahat etməyə başladı.
Müahidəçilərin fikrincə, müharibənin gedişində gözləmə mövqeyi tutan İran rəsmilərinin qələbəmizin mütləqliyi ortaya çıxar-çıxmaz Azərbaycanı dəstəkləməsi də bu narahatlıqdan qaynaqlana bilər. Məsələ burasındadır ki, əsgərlərimizin irəliləyişi cənub cəbhəsində baş verir, ilk növbədə İranla sərhədlərimiz işğaldan azad olunur və ermənilərlə cənub qonşumuz arasındakı quru əlaqəsi tamamilə ortadan qalxırdı. Bəlkə də İranla düşmən mövqeyi sərgiləyən xarici qüvvələrin, açıq desək, İsrailin işğaldan azad olunmuş yerlərdə nəzarəti gücləndirə biləcəyi ehtimalı idi - Tehranı narahat edən və o, bəzi suallara aydınlıq gətirməyə çalışırdı. Nigaranlıq o qədər böyük idi ki, bu məqsədlə İran Xarici İşlər nazirinin bir müddət əvvəl Azərbaycana səfəri belə, nəzərdə tutulmuşdu.
İran XİN-in açıq bəyan etdiyi bu səfər qısa müddətdən sonra təxirə salındı. Rəsmi Tehran bu təxirəsalmanı İran parlamentində keçiriləcəyi gözlənilən büdcə görüşmələri ilə əlaqələndirdi. Guya, İran qanunvericiliyi büdcə görüşmələrində bütün nazirlərin müzakirələrdə iştirakını tələb edirdi və Zərif də bu səbəbdən Bakıya gələ bilməyəcəkdi. Halbuki, parlamentin gündəliyi əvvəlcədən bəlli olur və bu həqiqət bilinə-bilinə Bakı səfərinə qərar verilmişdi.
Daha sonra Azərbaycan Xarici İşlər nazirinin özü İrana getmək qərarına gəldi. Görünür, rəsmi Tehran bu mühüm görüşün Bakıda yox, İran paytaxtında keçirilməsinin daha “salamat” ola biləcəyini düşünmüş, Ceyhun Bayramovu səfərə dəvət etmişdi. Bəs, niyə?
Zənnimizcə, bu müəmmanın sirri isə Ceyhun Bayramovun keçirəcəyi ikinci görüşdə gizlidir. Belə aydın olur ki, faktiki İran Azərbaycan naziriylə sözçülər vasitəsilə yox, bir başa görüşməyin daha məsləhətli olduğuna inanıb.
Görüşdə isə İranla Azərbaycan arasında təhlükəsizlik məsələsi masaya yatırılacaq.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər