Xəbər lenti

 
Xəbər verildiyi kimi, dünən Azərbaycanın enerji naziri Pərviz Şahbazov ilə Türkiyənin Enerji və təbii sərvətlər naziri Fatih Dönməz arasında Naxçıvana qaz nəqli barədə Anlaşma Memorandumu imzalandı. Sənədə əsasən, İğdır-Naxçıvan qaz kəməri layihəsinin bir il ərzində tamamlanması planlaşdırılır. Bu Anlaşmanın Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan Bəyanatdan sonra bağlanması bəzi suallara yol açır. Belə ki, həmin Bəyanata görə, Azərbaycandan Naxçıvana kommunikasiya əlaqələrinin bərpası nəzərdə tutulur. Bəs o zaman Naxçıvana qaz çəkilişi niyə bu xətt üzrə həyata keçirilmir, Türkiyədən qaz nəqlinə üstünlük verilir?
 
Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovla bu dəfəki söhbətimizə bu sualla başladıq. Söhbət əsnasında Türkiyə-Azərbaycan arasındakı son zamanlar yeni müstəviyə keçən münasibətlərdən tutmuş, Naxçıvanın bir sıra problemlərinə dair bir çox məsələlərə də işıq tutmağa çalışdıq. 
 
İlyas İsmayılovun Ovqat.com-a müsahibəsini təqdim edirik:
 
-İlyas müəllim, sizcə, Naxçıvana qaz niyə “Türan yolu” dəhlizindən yox, Türkiyədən çəkilir?
 
-Açığı, mən Naxçıvan dəhlizinin “Turan yolu” adlandırılmasına çox da müsbət baxmıram. Düzdür, bu yol qardaş ölkənin təkcə Azərbaycana yox, həm də Orta Asiyaya açılan qapısı olacaq. Bu mənada şərti olaraq onun “Türan yolu” adlandırılmasını anlayıram. Amma yolun Rusiyanın xüsusi xidmət orqanlarının nəzarətində olması məni bir qədər narahat edir. Bu ona bənzəyir ki, Türkdilli dövlətlərin qurultayı keçirilir, ortaq türkcə barədə qərar verilir və ortaq dil olaraq rusca seçilir. Nə yazıq ki, bu günün reallığı belədir. Hələ də bu coğrafiya Rusiyanın təsiri dairəsindən xilas olmayıb. Lakin bütün hər şeyin bir ilki olduğu kimi, Türk dünyasının da təməlləri indi-indi atılır. Ümidvaram ki, zamanla bu dövlətlər arasındakı münasibətlər güclənəcək və həqiqi ittifaqlar ortaya çıxacaq. Sözsüz ki, bu ittifaqda Rusiyanın da yer almasına qısqanclıqla yanaşmıram. Rusiyada da milyonlarla türkdilli xalqlar yaşayır və bu ölkəni potensial türk dövləti saya bilərik. Amma bunun üçün Moskvanın  ciddi siyasi islahatlara getməsi lazımdır. İlk növbədə Türk dünyası ilə münasibətlərini yenidən tənzimləməli, heç kimə yuxarıdan aşağı baxmamalıdır. Dünyanın yenidən nizamlanması prosesinə nəzər salsaq, hər tərəfdən sıxışdırılan Rusiyanın əvvəl-axır öz xarici siyasətini regional əməkdaşlığa uyğunlaşdıracağına və Türk dünyası ilə paritet əsaslarla ittifaqlar quracağına şübhəm yoxdur. Hələlik isə Moskvanın bu türk açılımına müttəfiq kimi yox, rəqib kimi baxdığını inkar etmək mümkün deyil. Görünür, Naxçıvana qaz nəqlinin Türkiyə üzərindən çəkilməsinin başlıca səbəblərindən biri budur. Bilirsiniz ki, enerji təhlükəsizliyi hər zaman, xüsusilə indiki sənaye çağında dövlətlərin ən əsas prioritetlərindən sayılır. Odur ki, ölkələrin enerji təhlükəsizlikləri başqalarının xoş niyyətinə buraxıla bilməz. Türkiyə Cənubi Qafqazda hegemon qüvvəyə çevrilmək istəyirsə, bölgədəki özünün ən yaxın müttəfiqinin enerji təhlükəsizliyini qarantiya altına almalıdır. Naxçıvana qaz nəqlinin məhz Türkiyə üzərindən həyata keçirilməsi bu zərurətdən qaynaqlana bilər.
Digər tərəfdən hər hansı enerji layihəsində iqtisadi amil ön plana çıxır. Şirkətlər, dövlətlər çəkiləcək qaz kəmərlərinin daha ucuz başa gəlməsinə çalışırlar. Bilirsiniz ki, Azərbaycan qazı TANAP layihəsi çərçivəsində Türkiyəyə çatdırılır. Əsas alıcımız da elə Türkiyədir. Bizim bu ölkəyə nəql etdiyimiz qaz Iğdıra qədər gedib çıxır. İğdır isə Naxçıvanın qonşuluğundadır. Məntiqlə, qazın ordan Naxçıvana nəql edilməsi üçün qısa bir xətt çəkmək kifayət edir. Qazın heç bir infrastrukturu olmayan işğaldan yeni azad edilmiş ərazilərdən nəqlini reallaşdırmaq isə daha baha başa gəlir. Görünür, qərar verilərkən bu amil də nəzərə alınıb.
Naxçıvana qaz nəqli Muxtar Respublikanı İran təsirindən də azad edəcək. Məlumdur ki, Azərbaycan Naxçıvana qazı İran vasitəsilə verir. İran isə bunun üçün bizdən 15% tranzit haqqı istəyir. Üstəlik, İranla münasibətlərimiz də olduqca həssas zəmin üzərində qurulub. Kiçik bir narazılıq Naxçıvanın qazla imtahana çəkilməsi ilə nəticələnə bilər. Odur ki, Iğdır-Naxçıvan qaz xəttinin çəkilməsi təkcə iqtisadi deyil, həm də təhlükəsizlik məsələsidir.
 
-Məsələ burasındadır ki, onsuz da Azərbaycandan coğrafi cəhətdən ayrı düşən Naxçıvanın Türkiyə ilə hətta enerji və ya digər təhlükəsizlik bağlarının möhkəmlənməsi gələcəkdə başqa nigarançılıqlara da yol aça bilər. Açıq danışaq: Naxçıvanın gələcəkdə daha çox Türkiyənin nəzarətinə keçməsi ehtimalına necə baxırsınız?
 
-Siz əgər bu sualla inteqrasiya prosesini nəzərdə tutursunuzsa, açıq etiraf etməliyik ki, hazırda təkcə Naxçıvan yox, Azərbaycan da Türkiyənin nəzarətinə keçir. Mənim fikrimcə, bu müsbət haldır. Çünki açıq dənizlərə qapısı olmayan, iqtisadiyyatı Qərblə əməkdaşlıq üzərində qurulan Azərbaycan kimi dövlətlərin regional qüvvələrdən birini seçmək məcburiyyəti var. Bizim ən yaxşı alternativimiz isə, sözsüz ki, Türkiyədir. Türkiyənin son yüz ildə dövlət kimi formalaşmamızda və özümüzü qorumağımızda əvəzsiz xidmətləri olub. Bunu danmaq mümkün deyil. Məhz Türkiyənin sayəsində 1918-1920-ci ildə dövlətimizi qurmuşuq. O ki qaldı Naxçıvana, Muxtar Respublika məhz Türkiyənin qarantorluğu altında olduğundan Qərbi Azərbaycan coğrafiyası kimi erməni işğalına məruz qalmamışdır. Türkiyənin Naxçıvanı ilhaq etmək kimi bir fikri də yoxdur. Əksinə Naxçıvanın Azərbaycanın ərazisində olmasını ən çox arzulayan da bu ölkədir. Çünki yalnız Naxçıvan vasitəsilə Türkiyənin Azərbaycanla torpaq bağı var. Türkiyə Naxçıvandakı 11 km-lik sərhəddimizin hesabına bizimlə əlaqə qura bilir, Orta Asiyaya uzanmağa çalışır. Belə bir qəniməti əldə etmək üçün qardaş ölkə böyük fədakarlığa qatlanıb, özünün ən ağır çağlarında İranla anlaşaraq bəzi əraziləri ondan pul bahasına alıb. Bu baxımdan xüsusilə geopolitik amillər Türkiyənin xeyrinə dəyişdiyi indiki çağda qardaş ölkənin öz siyasətini dəyişdirməsi qeyri-mümkündür. I Dünya Müharibəsindən məğlub ayrılan Osmanlının bütün fədakarlıqlara qatlanaraq 1921-ci ildə Rusiya ilə imzaladığı Moskva və Qars müqavilələrində Naxçıvana muxtar status verilməsinə nail olması da həmin dövr üçün yox, bu gün üçün nəzərdə tutulmuşdu.
 
-Maraqlı nüansa toxundunuz. Bilirsiniz ki, 100 il bundan əvvəl Naxçıvanı qoruyan həmin status bu gün ciddi problemə çevrilməkdədir. Məsələn, ermənilər Naxçıvanın muxtar statusunu əsas gətirib eyni imtiyazı istəyə bilərlər. Bu da azmış kimi, Naxçıvan rəhbərliyi də sanki bu statusundan sui-istifadə edir. MR-də gah Azərbaycandan fərqli viza rejimi tətbiq olunur, gah Naxçıvana daxil olan vətəndaşdan gömrük haqları alınır. gah da koronavirusla mübarizədə tamamilə başqa siyasətlərə üstünlük verilir. Sanki başqa respublika kimi davranma meylləri görünür. Sizcə, bu, gələcəkdə hansı problemlərə yol aça bilər?
 
-Düzünü desəm, Naxçıvan həssas yer olduğundan bu barədə danışmaq istəməzdim. Amma bir halda ki, sual veribsiniz, mən də öz fikrimi bildirim. Hesab edirəm ki, Muxtar Respublika statusu barədə Azərbaycan hakimiyyəti həqiqətən də ciddi düşnməlidir. Konstitusiyaya görə, Azərbaycan unitar dövlətdir və onun tərkibində hər hansı imtiyazlı bölgə olmamalıdır. Sabah ermənilərin bizdən status istəməsinin bütün bəhanələri ortadan qaldırılmalıdır. Açığı, İlham Əliyevin bir çox siyasətlərini bəyənməsəm də və zaman-zaman ona qarşı kəskin mövqe sərgiləsəm də, Dağlıq Qarabağa status verilməyəcəyi barədə bəyanatlarını dəstəkləyirəm. İndiki şəraitdə Dağlıq Qarabağa veriləcək muxtariyyət statusu Azərbaycanın param-parça olmasına yol aça bilər. Problemin qarşısını indidən almaq üçün bütün regionlar eyni imtiyaz və səlahiyyətlərə malik olmalıdır. Amma bir məsələ var ki, Naxçıvanın statusunu müyyənləşdirən Azərbaycan deyil. 1921-ci ildə bağlanmış Qars və Moskva müqavilələri ilə bu hüquq təsbit olunub. Həmin müqaviləyə isə Rusiya ilə yanaşı Ermənistan və Gürcüstan da qol çəkib. Dolayısıyla bu hüququn ləğv olunması üçün müqavilələrin başa çatma müddətini gözləmək lazımdır. Zənnimcə, o cür müqavilələr 100 illiyinə bağlanır. Əgər belədirsə, gələn il müqavilələrin qüvvədən düşmə zamanıdır. Ümidvaram ki, Azərbaycan bu məsələyə gələn il baxa bilər.
O ki qaldı Naxçıvanda koronavirus tədbirlərinə, bu barədə ən yaxşı fikri həkimlər deyə bilər. Mən isə sadəcə bir siyasətçi və hüquqşünas kimi mövqe bildirmək haqqına malikəm. Bilirsiniz ki, hər bir dövlətin ən təməl siyasəti vətəndaşların təhsil və sağlamlıq hüququnu təmin etməkdir. Bu hüquq istinasız olaraq bütün vətəndaşlar üçün eyni olmalıdır. Eyni dövlətin müxtəlif əyalətlərində fərqli sağlamlıq və təhsil qaydalarının tətbiqi yolverilməzdir və vətəndaşlıq hüquqlarına kölgə salır.
Amma o başqa məsələdir ki, Naxçıvanda tətbiq olunan qaydalar bir çox ölkələrdə sınaqdan çıxarılır. Bu gün Türkmənistan, Belarus, Şimali Koreya da heç bir karantin tədbiri həyata keçirmir. Naxçıvan da bu yolla gedir. Azərbaycanın, yoxsa Naxçıvanın tutduğu yolun düzgün olub-olmadığını gələcək göstərəcək. Bu gün isə Azərbaycan hakimiyyəti qarşısında bir vəzifə dayanır: vahid sağlamlıq siyasəti yürütmək üçün ya özü Naxçıvanın izlədiyi yolla getməli, ya da Naxçıvan öz siyasətini Bakıya uyğunlaşdırmalıdır.
Söhbətləşdi: Heydər Oğuz
 Ovqat.com

 


Ana səhifəyə qayıt        Baxış: 8 013          Tarix: 16-12-2020, 14:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma