Xəbər lenti

 
““Novorossiya” layihəsi başa çatmayıb. Hamı bu layihənin tamamlandığını düşünür. Halbuki “Novorossiya” layihəsinə Xarkov, Dnepropetrovsk, Odessa, Zaporojye, Nikolaev, Xerson bölgələri də daxildir”.
 
Ovqat.com xəbər verir ki, Rusiyanın xeyir-duası ilə Ukraynanın daha 6 separatçı bölgəyə parçalana biləcəyinə dair proqnozu Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş nazir müavini, istefada olan polis general-leytenantı Gennadi Moskal bildirib.
 
General "Apostrof" YouTube kanalına verdiyi açıqlamada xatırladıb ki, 2013-2014-cü illərdə Donetsk və Luqansk bölgələri Ukraynadan ayrılaraq müstəqilliklərini elan etdilər: “2014-cü ildə “Donetsk Xalq Respublika”sının Baş Naziri Alexander Boroday və “Luqansk Xalq Respublikası” Xalq Şurasının sədri Aleksey Karjakin "Novorossia" tərkibində birləşmə sənədlərini imzaladılar. Həmin dövrdə “Novorosiya”nın quruluşuna Xarkov, Dnepropetrovsk, Donetsk, Luqansk, Zaporojye, Xerson, Nikolaev, Odessa bölgələri və Krım da daxil idi. Bölgələrin Ukraynadan ayrılmasının referendum yolu ilə reallaşdırılması planlaşdırılırdı.
 
2015-ci ildə “DPR” Xarici İşlər Naziri Alexander Kofman layihənin müvəqqəti dondurulduğunu söylədi. “Novorossiya” parlamentinin spikeri Oleq Tsarev, Ukrayna səlahiyyətliləri atəşkəsi pozacağı təqdirdə layihənin davam edə biləcəyini söylədi”.


 
Generalın sözlərinə görə, Rusiya istənilən anda yenidən “Novorossiya” düyməsinə basa və həmin vilayətlər müstəqilliyini elan edə bilərlər.
 
Qeyd edək ki, “Novorossiya” sözü 18-ci əsrdə baş vermiş Türk-Rus müharibələri zamanı işğal olunmuş Osmanlı torpaqlarına verilmiş addır. Həmin əsrin əvvəllərindən sonuna qədər müxtəlif aralıqlarla davam edən bu müharibələr silsiləsinin sonunda - 1787-1792-ci il savaşında Osmanlı imperiyası Krımın və digər ərazilərin düşmənə verilməsi ilə razılaşdı və həmin bölgələr 20-ci əsrin ilk yarısında “Novorossiya” (Yeni Rusiya) adlandırıldı.
 
Bölgə Bessarabiya, Kuban, Qara dəniz və Stavropol, Don Kazakları vilayətlərini əhatə edirdi. Sovet hakimiyyəti illərində bu torpaqlar coğrafi cəhətdən yaxın olduğu üçün Ukraynanın tərkibinə daxil edildi və bölgə "Cənubi Ukrayna" və ya "Şimali Qara dəniz bölgəsi" adlandırıldı.
 
2014-cü ildə Ukraynanın Cənub-Şərqindəki rusiyapərəst etiraz aksiyaları zamanı “Novorossiya” sözü yenidən gündəmə gətirildi, Krım, Donetsk və Luqanski vilayətləri  öz müstəqilliklərini elan etdilər. 2015-ci ildə isə Donetsk və Luqansk “Xalq Respublika”ları “konfederasiya qurdular. Qərb dövlətlərinin dövriyyəyə girməsiylə sülh danışıqları başladığından “Novorossiya”nın digər əraziləri separatçı tələblərini müvəqqəti dondurdular. Görünür, Rusiyaya kəsdiyi başın iliyini vurmaq sərf etmirdiUkraynanın tamamını əlində saxlamaq üçün ona dondurulmuş münaqişə zəmini lazım idi.
 



Ukraynalı sabiq polis general-leytenantı Gennadi Moskal da məhz bu həqiqətə eyham vuraraq, problemin dondurulduğunu, lazım gəldiyi anda yenidən güncəlləşəcəyini bildirmək istəyib. 
 
Generalın bu fikirlərinə cavab özünü çox gözlətməyib. Bir çox rus ekspertlər Ukraynanın şərq hissəsinin Rusiyaya geri qaytarılmasının vacibliyinə inanırlar. Bəziləri isə “Novorossiya”nın müstəqilliyinə qovuşa bilməməsində Moskvanı qınayırlar. 
 
2015-ci ildə Donetsk və Luqanskın konfederasiyası kimi elan olunan “Novorossiya” parlamentinin sabiq spikeri Oleq Tsarov rus mediasına verdiyi açıqlamada bildirib ki, həmin illərdə Moskvadan yetərincə dəstək alsaydılar, Ukraynanın digər bölgələri də separatizm bayrağı qaldırıb onlara bu ittifaqa qoşulardı.
 
"Bildiyimiz kimi, Maydan hadisələrindən sonra yalnız Krım yox, Ukraynanın digər şərq bölgələri də Kiyevdə baş verən çevrilişi pisləyirdilər. Onlar Rusiyanın mövqeyinə baxırdılar, amma Moskvadan müsbət siqnal almadılar. Əgər alsaydılar, Ukrayna bölünərdi",- Tsarov rus mediasına açıqlamasında belə deyib.
 
Tsarovun fikrincə, əslində Ukraynanın bölünmə prosesi indi də gedir: “Donbass Rusiyaya istiqamətlənibUkraynanın böyük hissəsi isə faktiki olaraq Qərb tərəfindən işğal olunub. Amma bu bölünmə xalqın əhvalını əks etdirmir, çünki Ukraynanın sol sahilləri hələ də Moskvaya sarı baxır",-Tsarev bildirib.
 


Onun fikrincə, Donbassda həyat səviyyəsi Rusiyanın regionları ilə eyni olsaydı, “Novorossiya”nın formalaşması ehtimalı qaçılmaz zərurətə çevrilərdi: "Söhbət əmək haqlarından, pensiyadan, işləyən müəssisələrdən gedir. Amma hələlik Moskva bu regionları qəbul etməkdən imtina edir və Minsk razılaşmalarının yerinə yetirilməsinin vacibliyindən danışır”.
 
Ukrayna siyasi mühacirlər və məhbuslar İttifaqının sədri Larisa Şeslerin mediaya verdiyi açıqlamaya görə isə, Moskalın “Novorossiya” haqqında söylədiyi fikirlər Qərbə Ukraynanın parçalanmaq həddinə gəldiyinə dair xəbərdarlıqdır.
 
Amma yaxın perspektivdə Ukraynanın tammiqyaslı parçalanması ehtimalı azdır. Çünki Ukraynada bütün siyasi fəal qüvvələr sıxışdırılıb", - deyə Şesler bildirib.
 
Digər ictimai və siyasi xadimlər də Ukraynanın mümkün ərazi itkisi haqda danışıblar. Ukrayna Ali Radasının sabiq deputatı Yevgeni Murayev hələ bir neçə ay bildirmişdi ki, növbəti dövlət çevrilişi baş verərsə, ölkə səkkiz vilayətini itirmək riski ilə üzləşəcək. Amma o, hansı vilayətləri nəzərdə tutduğunu açıqlamamışdı.
 
Bir başqa politoloq Pavel Rudyakov ölkənin indi olduğu kimi eyni istiqamətdə irəliləməkdə davam edəcəyi təqdirdə, Ukraynanın parçalanma təhlükəsi olduğunu söyləyib.
 


Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin üzvü, Krımdan olan senator Sergey Tsekov da Ukrayna hakimiyyətinə cənub vilayətlərindən Rusiyanın xeyrinə vaz keçməyi təklif edib.
 
Televiziya aparıcısı Vladimir Solovyov da öz növbəsində, rus oliqarxlarına Odessa satın almaq üçün tələsməyi təklif edib. Dövlət Dumasının MDB İşləri üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin də bu ideyanı dəstəkləyib. 
 
Odessalı tarixçi Aleksandr Vasilyevin fikrincə, Odessanın alınması barədə razılığa gəlmək üçün danışıqlar Kiyevlə yox, Vaşinqtonla aparılmalıdır və s. 
 
Bir sözlə, Rusiya və Ukraynadakı separatizm tərəfdarları aktiv şəkildə Ukraynanın bölünməsi məsələsini müzakirəyə çıxarıblar.

Heydər Oğuz,
 

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 633          Tarix: 28-12-2020, 22:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma