Xəbər lenti


RNA, İran
04.01.2021


Azərbaycan 2020-ci il ilə vidalaşarkən koronavirus pandemiyası ölkə iqtisadiyyatına zərbə vursa da, işğal altındakı ərazilərin azad olunması 28 il sonra xalqın üzünü güldürüb, bununla da 2020-ni onlar üçün unudulmaz ilə çevirib.
Ermənistanla Azərbaycan arasında 44 gün davam etmiş müharibə nəticəsində 30 ilə yaxın erməni qüvvələrinin işğalı altında olmuş Qarabağ azad edilib. Ötən il Azərbaycanda bu qələbə, Milli Məclisə növbədənkənar seçkinin keçirilməsi, hakim Yeni Azərbaycan Partiyasının bu seçkidəki qələbəsi, struktur islahatlarının davam etməsi kimi hadisələrlə yadda qalıb.

Milli Məclisə növbədənkənar seçki
Azərbaycanda altıncı çağırış Milli Məclisə seçki 2020-ci ilin payızında keçirilməli olsa da, ölkədə aparılan struktur islahatları çərçivəsində fevralın 9-da növbədənkənar parlament seçkisi təşkil edilib. Seçki o zaman Dağlıq Qarabağın erməni qüvvələrinin işğalı altındakı əraziləri istisna olmaqla, 1314 namizədin rəqabət apardığı 125 seçki dairəsində keçirilib.
Seçkinin nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyası parlamentdəki 125 yerdən 65-ni qazanıb. Bu zaman çoxu hökumətin tərəfdarı olan 40 müstəqil namizəd də deputat seçilib.
Azərbaycanın Seçki Məcəlləsinə görə, ölkədə parlament seçkisi majoritar sistem əsasında aparılır. Ölkə üzrə 125 seçki dairəsi fəaliyyət göstərir. Hər dairədən yalnız ən çox səs toplayan bir namizəd parlamentdə təmsil olunur.
Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyası beşinci çağırış parlamentdə də yerlərin çoxuna sahib idi. Son seçkidə Qərbpərəst Xalq Cəbhəsi Partiyası və Demokratik Qüvvələrin Milli Şurası daxil olmaqla, bəzi siyasi partiya və təşkilatlar iştirak etməyib. Onların iddiasına görə, ölkədə azad və şəffaf seçkinin keçirilməsi üçün şərait yoxdur.

Qarabağın işğaldan azad olunması
Azərbaycanda 2020-ci ilin ən mühüm hadisəsi əlbəttəki, 44 günlük müharibə nəticəsində 28 illik erməni işğalına sona qoyulmasıdır. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında noyabrın 10-da imzalanmış üçtərəfli bəyannamə ilə 28 ildir münaqişənin davam etdiyi Qarabağ bölgəsində vəziyyət kökündən dəyişib. Azərbaycan sentyabrın 27-də başlamış və 44 gün davam etmiş müharibə nəticəsində Qarabağın işğal olunmuş ərazilərini erməni qüvvələrindən azad edib.

Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonunu (Laçın, Kəlbəcər, Qubadlı, Ağdam, eləcə də İran İslam Respublikası ilə sərhəddə, Araz çayı boyunca yerləşən Füzuli, Cəbrayıl və Zəngilan) 1992-1994-cü illərdə baş vermiş Birinci Qarabağ müharibəsi zamanı işğal etmişdi. O vaxtdan keçən 28 ildə ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupu problemin sülh yolu ilə həllinə dair danışıqlara vasitəçilik etsə də, bu, heç bir nəticə verməmişdi.

Üstəlik, 2018-ci ildə Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra sülh danışıqları demək olar ki, tamamilə dayandırılmışdı. Bununla yanaşı, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağla bağlı bəzi addımları, həmçinin işğal olunmuş əraziləri qaytarmaq niyyətində olmadığını göstərməsi, “Qarabağ Ermənistandır!” kimi bəyanatları bölgədə gərginliyi daha da artırmışdı.
Sentyabrın 27-də başlamış İkinci Qarabağ müharibəsindən bir müddət əvvəl – 2020-ci ilin iyulunda tərəflər arasında bir neçə günlük hərbi toqquşmalar da olmuşdu. O zaman da hər iki tərəf itki vermiş və qarşıdurma beynəlxalq vasitəçilərin, xüsusən Rusiyanın müdaxiləsilə dayandırılmışdı.

Sentyabrın 27-də başlamış müharibə isə 44 gün davam edib. O, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında üçtərəfli bəyanatın imzalanması ilə başa çatıb. Həmin sənədə görə, Rusiyanın 1960 əsgər, 90 zirehli texnika və 380 hərbi texnikasından ibarət sülhməramlı qüvvələri beş il müddətinə bölgədə yerləşdirilib. Sənəd müharibə qaçqınlarının BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında Dağlıq Qarabağ bölgəsinə və ətraf rayonlara qayıtmasınə da nəzərdə tutur.

Birgə bəyanata əsasən əldə edilmiş razılaşmalardan biri bölgədəki quru nəqliyyat yollarının bərpası, Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycanın qərb bölgəsilə Naxçıvan arasında Ermənistan ərazisi ilə quru yolunun çəkilməsidir.
Üçtərəfli bəyanatın müddəalarından biri Dağlıq Qarabağda Türkiyə və Rusiya hərbçilərindən ibarət atəşkəsə nəzarət mərkəzinin yaradılmasını nəzərdə tutur. Onun işğaldan azad edilmiş Ağdam rayonu ərazisində yaradılacağı deyilir.

Ərazilərin azad edilməsindən sonra məlum olub ki, erməni qüvvələri son 28 ildə Dağlıq Qarabağın bir çox yaşayış məntəqəsini tamamilə dağıdıb, neçə-neçə rayonu, o cümlədən Cəbrayıl, Zəngilan, Qubadlı və Füzulini viran qoyub.
İndi Azərbaycan hökuməti azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq layihələrinin həyata keçirilməsini planlaşdırır. Bu məqsədlə, yeni ilin dövlət büdcəsindən 2,2 milyard manat (1,3 milyard dollar) ayrılacaq.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Dağlıq Qarabağda bərpa-quruculuq layihələrinin həyata keçirilməsində dost ölkələrin şirkətləri də iştirak edəcək.
İran şirkətlərinin bu işlərdə iştirakı Azərbaycan baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Tehrana son səfəri zamanı müzakirə olunub.
Koronavirus pandemiyası və onun Azərbaycana təsiri
Digər ölkələr kimi, Azərbaycan da 2020-ci ildə koronavirusla mübarizə aparıb, onun ölkə iqtisadiyyatına mənfi təsirlərinin azaldılması istiqamətində çalışıb. Azərbaycan hökuməti qabaqlayıcı tədbirlərlə, sərt karantin məhdudiyyətlərinin tətbiqi ilə yanaşı, ilkin mərhələdə özəl sektora 2,5 milyard manat (1,7 milyard dollar) maliyyə yardımı da ayırıb. Bununla o, pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirini minimuma endirməyə çalışıb. Xüsusi dövlət proqramının icrası çərçivəsində iqtisadi subyektlərə və sahibkarlara maliyyə yardımı göstərilib.

Azərbaycan hökuməti COVID-19 pandemiyası dövründə ölkədə ümumi sayı 300 min nəfər olan işsizlərə hər ay 190 manat (110 dollar) maddi yardım da ayırıb. İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, pandemiya nəticəsində Azərbaycan iqtisadiyyatına gündəlik 120-150 milyon manat (70-88 milyon dollar) ziyan dəyib. Prezident İlham Əliyev isə koronavirusun ölkə iqtisadiyyatına mənfi təsirləri fonunda Nazirlər Kabinetini dövlət üçün prioritet olmayan xərcləri yenidən nəzərdən keçirməyə və azaltmağa çağırıb. O, pandemiya səbəbilə 600 mindən çox insanın müvəqqəti işsiz qaldığını deyib, dövlətin həmin şəslərin aylıq maaşlarının əhəmiyyətli hissəsinin ödənilməsini öz üzərinə götürdüyünü söyləyib.

Ekspertlər bildirir ki, Azərbaycan iqtisadiyyatının pandemiyadan ən çox zərər görmüş sektoru turizmdir. Onlar bildirir ki, koronavirusun Azərbaycanın ixrac sahəsinə mənfi təsiri o qədər də ciddi deyil. Çünki Azərbaycanda ixracın böyük hissəsini neft və neft məhsullarının payına düşür və ölkənin neft-qaz sənayesinin vəziyyəti daha çox qlobal neft bazarının durumundan asılıdır.
Azərbaycanda ixracın bir hissəsi də qızıl, pambıq, meyvə-tərəvəzin payına düşür. Dünya bazarlarında isə bu məhsullara tələbat yüksəkdir. Odur ki, pandemiya Azərbaycanda ixraca ciddi təsir göstərməyib.

Azərbaycanlı ekspertlər onu da deyir ki, COVID-19-un regional iqtisadi əlaqələrə mənfi təsirinə, bölgə ölkələri arasındakı iqtisadi əlaqələri müəyyən dərəcədə məhdudlaşdırmasına baxmayaraq, sözügedən dövlətlər arasında əldə olunmuş razılığa əsasən, onların ərazisindən keçən tranzit yolları fəaliyyətini davam etdirir.
Azərbaycanın rəsmi mənbələri bildirir ki, 10 milyon əhalisi olan bu ölkədə indiyədək koronavirusa 210 mindən çox insane yoluxub. Onlardan təxminən 156 mini sağalaraq evə buraxılıb, təxminən 2380 nəfər həyatını itirib.

Struktur islahatları
Son illərdə Azərbaycan dövləti əsas vəzifələrindən birinin dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi və optimallaşdırılması, korrupsiyaya qarşı mübarizə məqsədi ilə struktur islahatlarının aparılması olduğunu bəyan edib. Struktur islahatları çərçivəsində inzibati işlərə daha çox gəncin cəlbi, rəsmi qurumlarda daha çox innovasiyanın tətbiqi əsas hədəflərdən olub.

Azərbaycan Prezidenti İlham Əliyev dövlət strukturlarında iqtisadi islahatlar çərçivəsində korrupsiyaya qarşı mübarizəni Azərbaycan dövlətinin prioritetlərindən elan edib. O, son çıxışlarında dövlət rəsmilərinə və məmurlara dövlət strukturlarında korrupsiya ilə qətiyyətli mübarizə aparmaq əzmində olduğunu dəfələrlə çatdırıb, heç kimin bundan kənarda qalmayacağını bildirib. Korrupsiyaya qarşı mübarizə çərçivəsində, 2020-ci ildə Azərbaycan Xarici İşlər və Mədəniyyət nazirliklərinin bir neçə yüksək vəzifəli məmuru həbs edilib. Bunun ardından XİN başçısı Elmar Məmmədyarov və mədəniyyət naziri Əbülfəs Qarayev vəzifələrindən kənarlaşdırılıblar.

2020-ci ildə Azərbaycanın yeddi rayonunun icra hakimiyyətinin başçıları  korrupsiya, rüşvətxorluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbd ediliblər.

(Fars dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: IRNA


Ana səhifəyə qayıt        Baxış: 3 532          Tarix: 4-01-2021, 16:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma