Xəbər lenti
 

Azərbaycan Respublikasının Turkiyədəki səfiri Xəzər İbrahim  özünü erməni adlandıran türkiyəli jurnalist Hilal Kaplanı təşəkkürnamə ilə təltif edib.
 
Ovqat.com xəbər verir ki, səfirin təşəkkürnamə təqdim etdiyi Hilal Kaplan təkcə ermənilərə rəğbət duymaqla qalmır, həm də dəfələrlə PKK yandaşı kimi çıxış edib.
 
Məlumata görə, Türkiyənin “Sabah”  qəzetinin yazarının bu şəkildə təltif olunması Türkiyə mediasında qalmaqalla qarşılanıb. 
 
Zira Hilal Kaplan, Türkiyə Silahlı Qüvvələri və dövləti əleyhinə və PKK terror təşkilatı lehinə bir neçə il öncə yazdığı tvitlərə görə cəmiyyət tərəfindən ən çox tənqid edilən yazarlardan biri kimi tanınıb.
 
Bəs, Azərbaycanın Türkiyə səfirinin belə bir insanı təltif etməsi nə dərəcədə doğrudur?


 
Sözsüz ki, Xəzər İbrahimin bir fərd olaraq istədiyi düşüncəyə simpatiya duyması, hətta öz adından hədiyyələr alması şəxsi məsələsidir. Amma bu şəxsi məsələ onun tutduğu vəzifə ilə üst-üstə düşmürsə, ikisindən birini tərcih etməlidir. Çünki elə iş sahələri var ki, orada çalışan adam öz kimliyini ümumi məqsədlər naminə itirir, milli şəxsiyyətə bürünür. Milli kimliyə layiq olub-olmasa da, istəsə-istəməsə də, həmin sahəyə qədəm qoyan şəxs mütləq işinin xətrinə fərdi kimliyini qurban verməyi bacarmalıdır. Mövlananın sözüylə desək, olduğu kimi görünə bilmirsə, heç olmasa göründüyü kimi olmalıdır.
 
Belə iş sahələrinin başında isə diplomatiya gəlir. Hər bir səfirin dediyi istənilən söz, atdığı hər addım təmsil etdiyi dövlətin davranışı kimi qəbul edildiyindən o, bütün hərəkətlərini ölçüb-biçməli, diplomatik qaydalara uyğunlaşdırmalı, dövlətlərarası münasibətləri poza biləcək fəaliyyətlərdən çəkinməlidir.
 
Üstəlik, elə səfirlər var ki, diplomatik fəaliyyətlərində digər həmkarlarından 10 qat, 100 qat diqqətli olmalıdırlar. Çünki onlar öz ölkələrini hansısa dövlətdə yox, strateji müttəfiq sayılan qardaş məmləkətlərdə təmsil edirlər. Dolayısıyla atacaqları addım da, deyəcəkləri sözlər də qardaşlıq çərçivəsində olmalıdır. Əks halda, kobud ifadə ilə desək, bir yabı bir ilxını batırdığı kimi, həmin səfirlər də təmsil etdikləri ölkənin adına ləkə vura bilərlər.
 


 Azərbaycanın da dünyada yeganə strateji müttəfiqi Türkiyədir. Hər zaman bizim problemlərimizə özümüz qədər yanan, bizimlə bir şənlənib, bir kədərlənən bu ölkə tarixin ən keşməkeşli anlarında Azərbaycanın yanında olub. Torpaqlarımız uğrunda mübarizədə ən həlledici anlarda türk qardaşlarımızı eyni səngərdə özümüzlə çiyin-çiyinə görmüşük. Bu gün Azərbaycanın müxtəlif yerlərində 100 il bundan əvvəl babalarımızın yardımına gələn həmin türk qəhrəmanlarının şəhid məzarları bulunmaqdadır. Hazırda erməni təcavüzünə qarşı mübarizə verdiyimiz bir zamanda ən çox dəstəyini gördüyümüz dövlət də məhz Türkiyədir. Qardaş ölkənin ən yüksək səlahiyyətliləri bəzən bizimkilərin deyə bilmədiyini dünyaya car çəkməkdən, hətta bunun üçün beynəlxalq basqılara, sanksiyalara belə, sinə gərməkdən çəkinmirlər. Dünyada hansı dövlət bunu bir başqası üçün edərdi? Bu mənada Azərbaycan-Türkiyə münasibətlərini “bir millət, iki dövlət” adlandıranlar yanılmırlar. 
 
 
 44 günlük Vətən müharibəsində ermənilər üzərində qazandığımız qələbədə də Türkiyənin qatqısı az olmayıb. Qardaşlıq naminə biz də gərək qardaş ölkəyə eyni həssasiyyətlə yanaşaq. Yanaşırıqmı? 
 
Təbii ki, hər birimizin qəlbində böyük Türkiyə məhəbbəti olduğu heç kimə sirr deyil. Amma biz bu məhəbbəti duymaq azdır, yeri gələndə ifadə etməyi bacarmalısan. Dövlətin duyğularını, münasibətlərini ifadə edən səfirlər olur. Səfir Xəzər İbrahim isə PKK simpatizanı jurnalistə dövlət adından təşəkkürnamə verir.


 
Xəzər İbrahim unutmamalı idi ki, təltif etdiyi Hilal Kaplanın vaxtaşırı kürd separatçılarını dəstəkləməsi heç də insan haqları məsələsi deyil (Olsa belə, səfirin belə məsələlərə qarışması diplomatik normalara sığmır). Kürd separatizmi də Türkiyənin Dağlıq Qarabağ problemidir və bu ölkə də eynilə bizim kimi uzun illər boyu separatizm problemi ilə əlləşir. İndiyədək bu yolda 10 minlərlə insanını qurban verib. Ankara da bizim kimi bütün dünyanın basqısı altında terrorizmə qarşı mübarizə aparır və yeri gələndə onun da qardaş dəstəyinə ciddi ehtiyacı var. 
 
Söhbət burada fiziki dəstək də getmir. Azərbaycan öz strateji müttəfiqinə hərbi dəstək verə bilmirsə, necə deyərlər, yağmırsa, heç olmasa guruldamalıdır. Xəzər İbrahim də guruldayır. Amma hansı tərəfdə? “Mən erməniyəm” deyən, kürd separatizmini qızışdıran şəxsə təşəkkür borcunu çatdırmaqla guruldayır. 
 
Azərbaycan hakimiyyəti isə nədənsə bu gurultu eşitmək istəmir. Niyə, bəlli deyil. Halbuki bənzər skandal başqa ölkələrdə çıxsaydı, dərhal ölçü götürülər, səfirin fəaliyyətində düşmən dəyirmanına su tökmə motivləri axtarılardı.
 


 Ən əsası isə səfir Xəzər İbrahimin təşəkkürnamə verdiyi həmin jurnalistin vaxtaşırı müdafiə etdiyi kürd separatçıları Dağlıq Qarabağdakı erməni daşnaklarını özlərinin ən yaxın müttəfiqi, bizi də düşmən hesab edirlər. Son Dağlıq Qarabağ döyüşlərində erməni separatçıları ilə eyni səngərdə dayanmaq üçün İraqdan, Suriyadan minlərlə PKK-çının gəldiyini də bilməyən yoxdur.
 
Elədirsə, “mən erməniyəm” deyən, PKK-ya simpatiyasını gizlətməyən bir jurnalisti “ölkəmizə verdiyi dəstəyə görə” mükafatlandıran səfir bununla nə mesaj vermək istəyir? Ümumiyyətlə, onun “ölkəmiz” deyərkən nəzərdə tutduğu coğrafiya haradır?

Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 6 977          Tarix: 9-01-2021, 22:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma