Xəbər lenti

 
Əksəriyyəti narahat edən və birmənalı qarşılanmayacaq bir məsələ haqqında danışmaq istəyirəm. 
 
Yanvarın 11-dən ali məktəblərdə imtahan sessiyası başlayacaq. Tələbələrin əksəriyyəti imtahanların ləğv edilməsi üçün sosial şəbəkələrdə kampaniya təşkil ediblər. Bunun üçün təhsil ekspertləri ilə on-line görüşlər təşkil edir, təhsil aldıqları universitetlər haqqında mənfi obraz yaratmağa çalışırlar. Ölkədəki karantin rejiminin, 44 günlük müharibənin gətirdiyi maddi, mənəvi, psixoloji çətinliklərdən bəhrələnməyə çalışan bəziləri isə gənclərin bu emosional vəziyyətindən sui-istifadə etməyə çalışırlar. Özünü “təhsil eksperti” adlandıran şəxsə on-line şəkildə “internetim olmadı dərslərə qoşula bilməmişəm” deyən tələbəni səhv yönəldən şəxsin məntiqinə şübhə etməyə bilmirsən. Axı tələbə hazırda səninlə on-line danışır. 
 
Tələbələri təkcə deyilən dərslər, oxunan mühazirələr, keçirilən seminarlar savadlandırmır. Öyrədənin davranışları, maneraları, söhbətləri, xarakteri də tələbəni formalaşdırır. Ona görə də hər zaman bütün davranışlarımızla gənclərimizə dəstək olmalıyıq. Oxuduğu universiteti pisləyən (tənqid edən yox) tələbəni buna həvəsləndirən və yönəldən “təhsil eksperti” tələbəyə hansı yaxşı nümunəni vermiş olur. Pis universitetin yaxşı tələbəsi ola bilərmi?!! Pis universitetin məzununu sabah hansı müəssisə işə götürər?!! 
 
Təhsildən uzaq bəzilərinin əlinə fürsət düşüb ki, tələbələrlə 1-2 saat danışsın. Heç olmasa adi elementar şeyləri onlara doğru-düzgün izah edin, əgər buna biliyiniz çatırsa edin, yoxsa əlinizi vicdanınıza qoyaraq gələcəyimizə balta vurmaqdan geri çəkilin. 
Təhsil öyrənmənin, yaxud başqa sözlə bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının asanlaşdırılması prosesidir. Ortaya çıxan problemə bu aspektdən baxanda tamamilə fərqli yanaşma ortaya çıxır. Müdrik insan problemi mürəkkəbləşdirmir, onu sadələşdirərək həll edir. 
Aristotel bildirir ki, uğur qazanmaq üçün tələbələr öndə olanları tutmalı və arxada duranları gözləməməlidirlər. İndi hər şeyi dondurmağa, məhv etməyə çalışan, sükunətə sürükləyən, metafizik düşüncə sahibi olan “təhsil ekspertləri” və onlar kimi düşünənlər bəyəm çox geridə qalanlar deyilmi? “Olsun” və “olmasın” dilemması bu şəxsləri əməlli-başlı “mat” edib, burulğana salıb və üçüncü yol barədə ümumiyyətlə, təsəvvürləri də yoxdur.
 
Bəs imtahanlar keçirilməlidirmi?
 
Ölkədə olan internet probleminə və kifayət qədər çətinliklərə baxmayaraq, məhz gələcəyimizin və gənclərimizin xatirinə imtahanlar keçirilməlidir. Ancaq imtahanlar asanlaşdırılmış və yüngülləşdirilmiş şəkildə təşkil edilməlidir. Praktik həyatla məktəb arasında əks-əlaqə sistemi təmin edilməlidir. Tələbəyə izah olunmayan, keçilməyən mövzu heç bir halda imtahan suallarına salına bilməz. 
 
Baxmayaraq ki, imtahan çətin bir prosesdir. Hətta Avropanın yarısını işğal etmiş, döyüşlərdə ordusunun önündə gedən Napaleon imtahandan qorxduğunu deyirdi. Tələbələrimizin imtahanlara girməmək üçün müxtəlif variantlara əl atması anlaşılandır. Ancaq gələcəyimiz olan gənclərimizi imtahana girməmək və onun ləğv edilməsinə yönəldənlərin hərəkətləri isə ən azı başa düşülən deyil. Çünki tələb edilən güzəşt deyil, kütləvi savadsızlaşdırmadır.  
 
İmtahan tələbəni məşhər ayağına çəkmək kimi obrazdan çıxarılmalıdır. Tələbəni görən kimi üz-gözünü turşudan, “zəhmli” sifət alan və imtahanı cəza metoduna və yerinə çevirənlərin düşüncəsi dəyişməlidir. Biz bu streotiplərdən tezliklə yaxa qurtarmalıyıq. İmtahanlara öyrətmə prosesinin tərkib hissəsi kimi baxılmalıdır. 
 
Bir şeyi də unutmamalıyıq: müasir müəllim bələdçidir, istiqamət verəndir, öyrənməyin yollarını öyrədə biləndir, tələbələri stimullaşdırmağı, onlarda öyrənmə motivlərini inkişaf etdirəndir. Bunu da on-line şəkildə müəyyən qədər yerinə yetirmək mümkündür. 
 
Daniel Defo deyir ki, bədənə yerləşdirilən bir ruh, kəsilməmiş bir almaz kimidir və cilalanmalıdır, əks halda heç vaxt parlaya bilməz; və ağıl bizi heyvanlardan fərqləndirirsə, təhsil bu fərqi daha da artırır və heyvanlardan başqalarına nisbətən daha da irəliləməyimizə kömək edir. Biz indi bu almazı on-line olsa da cilalamağa çalışmalıyıq.
 
Yaranmış obyektiv və çətin situasiya əsl müəllimləri təhsildən tamamilə yayınmağa məhkum edə bilməz. Onlar öz vəzifələrinin məsuliyyətini, çətinliyini, müqəddəsliyini dərk edərək, gələcək nəslin cavabdehliyini çiyinləri üzərində daşımağa imza atmaqla bu yolda heç bir çətinlikdən qorxmayan, zəhməti, fədakarlığı hesabına cəmiyyətə yön verən şəxslərdir. Abır-həyalarına bükülərək bu gün susan həmin ziyalılarımızı dinləməliyik. Onlar bizə ən çətin situasiyalardan çıxış üçün ən məqbul yolu göstərəcəklər. 
 
İmtahana girəcək tələbənin xarüqələr yaradacağını iddia etmirəm. Amma minimum oxuyacaqlarına əminəm. Heç oxumamaqdansa oxumaq yaxşıdır. 
 
Sabah bu tələbələr bizləri həkim kimi müalicə edəcək, mühəndis kimi tikdikləri evlərdə yaşayacağıq, bizim övladlarımıza təhsil verəcəklər... 
 
Bunu anlamaq çətindirmi?!
 
Mütəllim Rəhimli 
 


Ana səhifəyə qayıt        Baxış: 4 503          Tarix: 10-01-2021, 10:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma