Xəbər lenti

 
Bu gün ermənilər hərbi qəhrəman hesab etdikləri Qaregin Njdeyə Xocavənd şəhərində heykəl ucaldıblar. 
 
Ovqat.com Dağlıq Qarabağ ermənilərinin Telegram səhifələrinə istinadən xəbər verir ki, heykəl müharibədən əvvəl hazırlansa da bu gün Xocavəndin mərkəzi küçələrin birində qoyulub. 
 
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında Njdeni “faşist, cəllad və terrorçu” adlandırıb. Odur ki, bəzi müşahidəçilər Xocavənddə ucaldılan bu heykəli ermənilərin Azərbaycanı növbəti dəfə qıcıqlandırma addımı kimi dəyərləndirirlər. 
 
Qeyd edək ki, Azərbaycanın Ordusunun Ermənistan üzərində zəfəri ilə tamamlanan son 44 günlük müharibədən əvvəl də erməni rəsmiləri bənzər təhrikedici təxribatlara əl atırdılar. Ermənistanın sabiq Müdafiə naziri David Tonoyan 2019-cu ildə ABŞ erməni diasporu qarşısında çıxış edərək Azərbaycana “yeni müharibə - yeni ərazilər” tezisi ilə təhdidlər yağdırmış, beləcə problemin sülh yolu ilə həlli ehtimalını şübhə altına almışdı. Daha sonra Paşinyanın bənzər təxribatçı çıxışları rəsmi Bakı qarşısında müharibədən başqa yol buraxmamışdı. 
 
Erməni ekspertləri, hətta Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da Dağlıq Qarabağdakı son döyüşlərin fundamentinin məhz Tonoyanın həmin çıxışıyla atıldığına inanırlar. Lavrovun bu iddialarına cavab verən Tonoyan bir müddət əvvəl erməni media qurumlarına verdiyi açıqlamada sözügedən tezisləri “məsəl üçün” dediyini, Azərbaycanın “İrəvan danışıqlara hazır olmasa, müharibə qaçılmazdır” xəbərdarlığına cavab verdiyini bildirmişdi. 
 
Xocavənd rayonunda Njdenin heykəlinin açılması onu göstərir ki, ermənilər Azərbaycanı yenidən müharibəyə təhrik etmək istəyirlər. ABŞ-da ermənipərəst mövqeyi ilə seçilən Cozef Baydenin hakimiyyətə gəlməsinin ardından bu təxribatçı hərəkətlərə start verilməsi İrəvanın yanlış geosiyasi hesablara ümid bəslədiyini göstərir. 


 
Qareqin Njde kimdir?
 
Qareqin Njde 1 yanvar 1886-cı ildə İrəvan quberniyasının Naxçıvan qəzasında anadan olmuşdur. 1902-ci ildə Peterburq universitetinin hüquq fakültəsinə daxil olur, 1904-cü ildə təhsilini yarımçıq qoyub, erməni millətçilərinə qoşulur. İrana köçərək daşnakların orada təşkil etdiyi hərbi məktəbdə təhsil alır, sonra Sofiyadakı zabit məktəbinə daxil olur. Məktəbi bitirdikdən sonra Murad Sebastasinin başçılıq etdiyi erməni silahlı dəstələrindən birinə qoşulur. Eyni vaxtda Qareqin Daşnaksütuna üzv olur və Njde ləqəbini alır. 1909-cu ildə Rusiyaya (Qafqaza) silah almaq məqsədi ilə gəlir və həbs olunur. Lakin 1912-ci ildə azad olunur və Bolqarıstana qayıdır. I Balkan müharibəsində Osmanlı imperiyasına qarşı döyüşlərdə iştirak edir, 272 nəfərlik könüllü erməni dəstəsinə başçılıq edir.
 
Birinci dünya müharibəsində
 
Birinci dünya müharibəsi başlayanda Rusiya imperiyasının Sofiyadakı səfirliyinə gələn Qareqin Njde öz xidmətlərini təklif edir. Drastamat Kanayanın başçılıq etdiyi erməni könüllü dəstəsinin komandir müavini təyin olunur. 1915-ci ilin mayında 3-cü dərəcəli Müqəddəs Vladimir, 4-cü dərəcəli Müqəddəs Anna ordenləri ilə, həmin ilin iyulunda isə 2-ci və 3-cü dərəcəli Georgi xaçı ilə təltif olunur.
 
Müharibədən sonra
 
Daşnakların Türkiyəyə qarşı vuruşan dəstələrindən birinə rəhbərlik edən Njde Ermənistan respublikasının ordu quruculuğu məsələləri ilə də məşğul olur. 1919-cu ilin sentyabrında, daşnak hökuməti tərəfindən Zəngəzura göndərilir, onun vəzifəsi bu əraziləri azərbaycanlılardan təmizləmək idi. Njdenin rəhbərlik etdiyi silahlı dəstələr, burada yaşayan azərbaycanlı əhalinin kütləvi qətli ilə məşğul olur, Njdenin bilavasitə rəhbərliyi və göstərişi ilə azərbayacanlılar yaşayan kəndlər yandırılır, əhalisi qətlə yetirilir və öz evlərindən qovulur.


 
Njde həmçinin Vedibasarda və Göyçə mahalında azərbaycanlı əhaliyə qarşı qırğınlar törədir. Njdenin dəstələri 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının ordusu ilə döyüşlərdə iştirak edir. Ən gərgin döyüşlər 1920-ci ilin mart ayında gedir. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra, Njde sovet ordusunun hərbi birləşmələri ilə də döyüşlər aparır. 1920-ci ilin sentyabrında sovet ordusunun hissələri Qafanı tutur, Njde öz dəstələri ilə Mehri tərəfə çəkilir və burada mövqe tutur. 1920-ci ilin qışında Njde Zəngəzurdakı digər erməni dəstələri ilə birgə Qırmızı ordunu sıxışdırıb çıxara bilir. 25 dekabr 1920-ci ildə Njde və silahdaşları Zəngəzurda "Dağlıq Erməni Respublikası"nın yaradılmasını elan edirlər. 1921-ci ilin fevralında Ermənistanda kommunistlərə qarşı yönəlmiş üsyan, Qırmızı ordunun əsas qüvvələrini İrəvan üzərinə göndərməyə vadar edir. Bütün bu zaman ərzində silahlı erməni dəstələri Qarabağ və Naxçıvanda yaşayan azərbaycanlı əhalinin kütləvi qətllərini törədir.
 
Qaregin Njde özünü yaratdığı oyuncaq respublikanın "ali baş komandan"ı elan edir. Lakin iyulun ilk günlərində hücuma keçən sovet qoşunları, erməni dəstələrini darmadağın edir və Ndje öz dəstələrinin qalıqları ilə İrana qaçır.
 
Mühacirət və İkinci dünya müharibəsi
 
Qafqazdan qaçandan sonra Njde Bolqarıstana gəlir və bu ölkənin vətəndaşlığını qəbul edir. Lakin 1933-cü ilin yayında ABŞ-a köçür. ABŞ-da Njde "Tseqakron" hərəkatını təsis edir (qatı millətçi, faktiki faşist ideologiyasına malik təşkilat). 1937-ci ildə Daşnaksütunun sıralarından ayrılır. Faşist Almaniyası ilə əlaqələr yaradır, Rozenberqlə görüşür, onları Türkiyəyə hücum etməyə çağırır və öz köməyini təklif edir.
 
1942-ci ildə general Dro ilə (Drastamat Kanayan) birlikdə Vermaxt nəznində erməni hərbi birləşmələrinin formalaşdırılmasında iştrak edir.
 
15 dekabr 1942-ci ildə Njde almanların yaratdığı "Erməni Milli Şurası"nın 7 üzvündən biri və "Azad Ermənistan" qəzetinin redaktor müavini olur. Dro və Njdenin başçılıq etdiyi erməni hərbi birləşmələri, Krım yarımadasının işğalında və Qafqazdakı döyüşlərdə iştirak etmişlər.
 
Almaniya rəhbərliyi Qafqazdakı və Türkiyədəki erməni əhalisini bu ölkələrdə qarışıqlıq yaratmaq üçün istifadə etməyə hazırlaşırdı, lakin cəbhədəki uğursuzluqlar onları bu planlarından imtina etməyə məcbur etdi.


 
Sovet ordusu Bolqarıstana girəndə Njde, müharibənin sonunun yaxınlaşdığını görüb özünə yeni müttəfiqlər axtarır və sovet generalı Tobluxinə məktubla müraciət edir. Məktubunda o, özünə bəraət qazanmaq məqsədilə nasistlərlə yalnız onların Türkiyəyə müharibə elan edəcəyinə inandığı üçün əməkdaşlıq etdiyini və Sovet İttifaqının Türkiyəyə müharibə elan etməsinin zəruri olduğunu bildirir, özünün isə bu işdə SSRİ ordusuna istənilən yardımı edəcəyinə söz verir. Lakin sovet hərbi əks-kəşfiyyatı onu həbs edərək Moskvaya göndərir. Bir müddət Dövlət Təhlükəsizlik Nazirliyinin həbsxanasında qaldıqdan sonra Njde İrəvana göndərilir. Məhkəmə zamanı Qareqin Njde antisovet fəaliyyətində və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinir və 25 illik həbs cəzasına məhkum olunur. Njde 21 dekabr 1955-ci ildə Vladimir şəhərində həbsxanada vəfat edir.
 


Azərbaycanın dövlət ərazisində xalqımıza qarşı qəddar üsullarla mübarizə aparan, əliyalın insanları qətlə yetirən bir düşmənin heykəlinin qoyulması ölkəmizin suverenliyinə yönəlmiş ən təhqiramiz hərəkətdir. Nə yazıq ki, bütün bunlar rus “sülhməramlı”larının himayədarlığı altında həyata keçirilir. Rəsmi Bakı bu təhrikedici hərəkətə laqeyd qalmamalı, Moskvaya sülhməramlılıq missiyasının mahiyyətini xatırlatmalı və dərhal ölçü götürülməsini tələb etməlidir. 
 
Azərbaycanın öz torpaqları üzərində suverenlik hüquqlarının tapdalanmasına göz yuman və rəvac verən Moskvanın heç nə yoxmuş kimi bir də bizdən rus “sülhməramlı”larının  statusunu müəyyənləşdirməyi gözləməsi heç bir siyasi əxlaq normativlərinə sığmır. Əksinə, Njde kimi faşistin Dağlıq Qarabağda heykəlinin qoyulması rus ordusunun Azərbaycanın bir bölgəsinin onun iradəsi altında altından çıxarılmasının, deməlı həm də işğal olunmasının ən bariz dəlilidir. Bu hərbi qüvvənin statusu da elə öz əməlinə uyğun olmalıdır – işğalçı rus ordusu.
 


Ana səhifəyə qayıt        Baxış: 6 038          Tarix: 27-01-2021, 09:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma