Xəbər lenti

 
Bu gün Rusiya, Ermənistan və Azərbaycanın baş nazir müavinləri Moskvada Cənubi Qafqazda kommunikasiya əlaqələrinin qurulmasını müzakirə etməyi planlaşdırırlar. 
 
Ovqat.com-un məlumatına görə, danışıqlarda Rusiya tərəfini Aleksey Overçukun, Ermənistan tərəfini Mher Qriqoryanın, Azərbaycan tərəfini isə Şahin Mustafayevin təmsil edəcəyi gözlənilir.
 
Görüş iştirakçıların əsas vəzifəsi bölgədəki nəqliyyat əlaqələrini tamamilə həll etmək üçün tikilməli və ya bərpa edilməli obyektlərin siyahısını müəyyənləşdirmək olacaq.
 
Bildirildiyinə görə, baş nazir müavinləri bir neçə mümkün layihəni, xüsusən də Ermənistan ərazisi ilə Azərbaycan və Naxçıvanı, habelə Ermənistan və Rusiyanı birləşdirəcək dəmir yolunun tikintisini müzakirə edəcəklər. Hazırda Azərbaycanın Naxçıvanla əsas quru əlaqəsi İran ərazisindən keçir. Naxçıvan dəhlizi açıldıqdan sonra bu yol həm xeyli qısalacaq, həm də Azərbaycanın İrandan asılılığı azalacaq. 


 
Dəhlizin açılması həmçinin Orta Asiya dövlətləri ilə Türkiyə arasında da tranzit əlaqələrinin asanlaşdıracağı düşünülür. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, gələcəkdə Naxçıvan ərazisindən keçəcək quru yolu xətləri Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin uzunluğundan 1,7 dəfə az olmaqla daşınmaların xərcini və müddətini azaldacaq.
 
“Naxçıvan nəqliyyat qovşağı Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə komplementar olmaqla, Mərkəzi Asiya və Avropa arasında körpü rolunu oynayacaq. Həmçinin, Naxçıvan vasitəsilə Türkiyəyə avtomobillə gediş məsafəsi təxminən 343 km qısa olacağı üçün, hər iki ölkə arasında turistlərin ikitərəfli yerdəyişməsində Naxçıvan ərazisindən ölkəyə girişin geniş vüsət alacağı gözlənilir. Əvvəlki illərdə Türkiyə ilə Naxçıvan arasındakı Dilucu sərhəd keçid məntəqəsindən istifadə edən sərnişinlərin sayının 5-7,5 min nəfər idi. Naxçıvanla quru yolu bərpa edildikdən sonra Azərbaycanın digər bölgələrinə getmək istəyən turistlərin də bu yoldan istifadə etməsi ilə bu rəqəmin daha da artacağı proqnozlaşdırılır”, - qurumun şərhində belə deyilir.
 
Dəhlizin açılmasının yaradacağı bu perspektiv İranı ciddi narahat edir. BBC-nin məlumatına görə, İranda yayımlanan mühafizəkar “Maşrek” veb saytı da bu “təhlükə”yə diqqət çəkərək, dəhlizin İrana bir çox mənfi geosiyasi təsiri olacağını bildirib. "Maşrek" həmin təsirləri təhlil edərək aşağdakı altı başlıqla təsnifat verib:


  • Azərbaycan İran üzərindən Naxçıvana göndərdiyi qazın 15 faizini tranzit haqqı qismində İrana ödəyirdi.
  • Türkiyə ilə İran arasında 1996-cı ildə qaz satışına dair bir anlaşma imzalanmışdı. Həmin anlaşma əsasında Türkiyə illərdir İrandan bahalı qaz alırdı. Türkiyə İrana min kubmetr qaz üçün 490 dollar ödədiyi halda, Azərbaycan qazını 335 dollara ala bilər. Əgər bu koridor üzərindən Azərbaycandan Türkiyəyə bir qaz xətti çəkilərsə, İranın qaz gəlirindən itkisi böyük ola bilər.
  • Türkmənistandan İran üzərindən keçərək Türkiyəyə çəkilməsi planlaşdırılmış qaz boru kəməri layihəsi 2017-ci ildə maliyyə məsələsində fikir ayrılıqları səbəbindən dondurulmuşdu. İndi isə Türkmənistan artıq bu qazı Azərbaycan üzərindən də Türkiyəyə çatdıra bilər.
  • İranın Ermənistana boru kəmərinin əhəmiyyəti də azalıb.
  • ABŞ-ın dəstəklədiyi Transxəzər boru kəməri layihəsi yenidən gündəmə gələ bilər. Türkmənistan paytaxtı Türkmənbaşıdan Azərbaycana uzanacaq bu boru xətti Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı mövcud boru xətləri üzərindən Avropaya istiqamətləndirilə bilər (Qeyd edək ki, Azərbaycan və Türkmənistan prezidentlərinin bu yaxınlarda “Dostluq” yatağının birgə istismarı və nəqli məsələsində razılıq memorandum imzalaması Tehranın qorxularının əsassız olmadığını göstərir – Ovqat.com).
  • İrandan Avropaya qaz nəqlini nəzərdə tutan boru kəməri layihəsi qarşısında daha çox əngəl ortaya çıxacaq.
 
İran mətbuatında Türkiyə, Azərbaycan və İsrail tərəfindən Ermənistanın İranla sərhəddəki ərazilərini işğal edilməsi planlaşdırıldığı, lakin İranın bölgədə varlığı səbəbiylə bu planın gerçəkləşmədiyi və əvəzinə dəhliz variantına qayıdıldığı qeyd edilir.


 
BBC həmçinin qeyd edir ki, Naxçıvan dəhlizi Türkiyə ilə Orta Asiya arasındakı ticarət marşrutu dəyişə bilər.
 
“İran hazırda Türkiyədən Orta Asiyaya uzanan quruyol ticarətinə nəzarət etmək imkanındadır. İran Yol və Nəqliyyat Nazirliyinin 2020-ci ilə aid məlumatlarına görə, bu il koronavirus pandemiyasının ticarət əlaqələrinə təsir etməsinə baxmayaraq, hər ay Türkiyənin 12 minə yaxın yük maşını İran-Türkiyə sərhədini keçir və onun əhhəmiyyətli bir hissəsi türk respublikaları və Əfqanıstana yollanır. Bu ticarət İran üçün çox sərfəlidir. Türkiyə sərhədindən İran ərazisinə daxil olub Türkmənistan sərhədinədək gedən hər bir yük maşını 1800 kilometrlik yol üçün İrana 700-800 dollar məbləğində keçid haqqı ödəyir. Ermənistanda açılacaq dəhliz bu trafiki xeyli dərəcədə azalda bilər”.
 
Təsadüfi deyil ki, Azərbaycan, Rusiya və Ermənistan rəsmilərinin kommunikasiya əlaqələrinin bərpası üçün danışıqlara hazırlaşdığı əsnada İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif regional səfərə çıxdı. Bazar günü Azərbaycanda öz həmkarı Ceyhun Bayramovla görüşən Zərifin dünən Moskvaya səfər etdiyi xəbər verilir. Moskva görüşündən sonra İrəvana və Ankaraya getməyi planlaşdıran Zərifin bu təşəbbüsünə Türkiyədən hələ də müsbət cavab verilmədiyi gələn xəbərlər arasındadır. İddialara inansaq, Zərifin səfərinin əsas məqsədi İranın yeni Qafqaz layihəsindən kənarda qalmamaq arzusudur. 
 
Maraqlıdır ki, İranın bu istəyinə ən çox pəl vuran Rusiyadır. Moskva Cənubi Qafqazı heç kiminlə paylaşmaq istəmədiyindən İranın xüsusilə Ermənistanda möhkəmlənməsindən narahatdır. Zərifin son səfərinə hələ də qapılarını aralamayan Türkiyə isə öz prezidentinin diliylə Azərbaycan-Türkiyə-İran kimi üçtərəfli, Türkiyə-Azərbaycan-Rusiya-Ermənistan-Gürcüstan-İran kimi altıtərəfli əməkdaşlıqlara açıq olduğunu bildirmişdi.


 
Azərbaycana gəlincə, rəsmi Bakı son 44 günlük müharibədən əvvəl Ermənistana ciddi dəstək verən, qələbəmiz qətiləşincə bizə yaxınlaşmağa çalışan İranın passiv qonşuluq mövqeyində daha çox maraqlıdır. Zira torpaqlarımız işğal altındaykən Naxçıvana açdığı nəfəslikdə İran sərhədçilərinin vətəndaşlarımızın başına gətirdiyi oyunlar, həlledici məqamlarda bizə qarşı açıq şəkildə erməniləri dəstəkləməsi rahatlıqla unudulacaq məsələlər deyil. Əlinə fürsət düşərsə, İranın eyni siyasəti yenə yürütməyəcəyinə heç kim zəmanət verə bilməz. Tehranın səmimi və mehriban qonşuluq siyasətinə keçməyənədək rəsmi Bakının etibarını qazanacağı şübhə doğurur. 
 
Bununla belə, ölkələrimizin bir-biri ilə bir çox tellər vasitəsilə bağladığını nəzərə alan rəsmi Bakı İranla da xoş münasibətlər qurmaq əzmindədir. Görünür, bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev özünün bugünkü Moskva görüşündən əvvəl yanvarın 21-də Tehrana getmiş və ölkənin Prezident Aparatının rəhbəri Mahmud Vaezi ilə görüşmüşdü. Dünən İran Xarici İşlər naziri Zəriflə də görüşən Şahin Mustafayev “İranın xüsusilə elektroenergetika, kənd təsərrüfatı, minatəmizləmə, məscidlərin və tarixi-mədəni abidələrin təmiri sahələrində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçiriləcək bərpa və yenidənqurma işlərində ciddi şəkildə iştirak etməsi” ilə bağlı geniş fikir mübadiləsi aparmışdı.
 
Sirr deyil ki, bu zamana qədər Ermənistan və Gürcüstan vasitəsilə Rusiya ilə əlaqələrini möhkəmləndirməyə çalışan İran üçün getdikcə bu nəfəslik də daralır. Xüsusilə Naxçıvan dəhlizinin açılması ilə Ermənistanı öz təsiri altına salmağa çalışan Tehranın qarşısında indi rus FTX-nin əməkdaşları dayanacaq. Ən əsası isə Ermənistan İran üçün Qərbə və Rusiyaya açılan etibarlı qapı da deyil. Qərbə və Rusiyaya açılmaq üçün bir də Gürcüstan ərazisindən keçilməlidir. Gürcüstan isə NATO-ya inteqrasıya yolu seçib və Abxaziya və Osetiyanın işğalından sonra Rusiya ilə də əlaqələrini dondurub. Belə çıxılmaz vəziyyətdə qalan İranın Rusiyaya bağlantısı yalnız Azərbaycan üzərindən keçən Cənub-Şimal nəqliyyat xətti ilə baş tuta bilər. Təbii ki, bunun üçün də gərək o, öz ermənipərəst mövqeyinə bir daha nəzər sala.
 
İranın regional əməkdaşlığa qoşulub-qoşula bilməməsi Zərifin son səfərlərindən sonra aydınlığa qovuşacaq.
 
Ovqat.com

P.S. Yazı dərcə hazırlanarkən Məhəmməd Cavad Zərifin ermənistanlı həmkarı ilə görüşdüyü xəbəri gəldi




Ana səhifəyə qayıt        Baxış: 5 971          Tarix: 27-01-2021, 11:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma