Xəbər lenti


Atlantico, Fransa
03.02.2021


Müəllif: Sebastyan Bussua
Bakıda məskunlaşmış çox sayda qaçqın yeni həyat qurmaq üçün doğma torpaqlarına qayıtmağı arzulayır.
Bu, hər şeydən əvvəl, faciəvi həyat hekayəsidir. Bu, Birinci Qarabağ müharibəsindən bəri, 30 ilə yaxındır Bakının mərkəzində, “Gənclik” adlanan ərazidə məskunlaşmış təxminən 500 qaçqının hekayəsidir. Onların torpaqları o vaxt Ermənistan tərəfindən işğal edilmiş, bu insanlar öz ata-baba yurdlarından qovulmuşdular. Nəticədə onlar təxminən 30 il əvvəl özlərinə paytaxtda müvəqqəti sığınacaq tapıblar.
Birinci Qarabağ müharibəsi nəticəsində bu aqibəti təxminən 800 min insan yaşayıb.

Bu, digər qaçqınlarla eyni aqibəti yaşayan Rəsul və Aygün cütlüyünün hekayəsidir. Artıq 3 aydır ki, onlar tam fərqli məsələlər haqda düşünürlər. Məlum olduğu kimi, Ermənistana qarşı ötən ilin sonlarına apardığı 44 günlük müharibə nəticəsində Azərbaycan beynəlxalq birlik tərəfindən pnun ərazisi kimi tanınan torpaqları geri qaytarıb. İndi yüz minlərlə həmyerliləri kimi, bu cütlük də Bakıda keçirdikləri 30 ildən sonra yeni bir həyat qurmaq üçün doğma rayonlarına – Zəngilan və Qubadlıya qayıtmağı arzulayırlar.

Rəsulun 50, Aygünün 40 yaşı var. Onların hər ikisi Qarabağda anadan olublar. Lakin onlar 3 övladları – 23 və 19 yaşlarındakı oğlanları və 21 yaşlı qızları ilə müasir Bakının mərkəzindəki uçuq-sökük evdə yaşayıblar. Toyuq hinlərinin də olduğu bu təhlükəli yaşayış yeri sakinləri həmrəy olan kəndi xatırladır. Bütün bu illər ərzində hökumət tərəfindən dəstəklənən qaçqınlar indi öz doğma şəhərlərinə qayıdaraq, gözəl həyat yaşayacaqlarına ümidlidirlər.
Bəs bu insanlar orada nə tapacaqlar? Qarabağda qoyub gəldikləri evləri, bağ-bağçaları hansı vəziyyətdədir? 1993-cü ildə işğal olunmuş Dağlıq Qarabağda kəndlərin bir çoxu dağıdılıb. Yerevan tərəfindən bu torpaqlarda məskunlaşdırılmış ermənilər tərəflər arasında ötən il noyabrın 10-da imzalanmış atəşkəsdən sonra oradan qaçıblar.

İki düşmən arasında imzalanmış sənəddən iraəli gələn öhdəliklərin yerinə yetirilməsinə Rusiya nəzarət edir.
Rəsul ilə Aygünün doğma evləri də yerlə-yeksan olunub. Amma istənilən halda, bu, onlar üçün qələbədir. Azərbaycan prezidenti İlham Əliyevin, amma xüsusilə çoxsaylı qaçqınların qələbəsi! İndi bu insanlar doğma yurdlarına mümkün qədər tez qayıtmaq istəyir. Hər halda, qaçqınların öz doğma yurdlarına qayıtmaları üçün heç zaman belə fürsət yaranmamışdı. Sanki ölkə yeni yol ayrıcındadır. Müharibəni qazanmaq hər şey demək deyil. İndi sülhü təmin etmək lazımdır.

Rəsul əminliklə, bir qədər də emosianal şəkildə bildirir ki, hökumət “yaşıl işıq yandıran kimi”, o, öz evini yenidən tikmək üçün Zəngilana gedəcək. Müsəlman Azərbaycan cəmiyyətində qadın hər zaman həyat yoldaşının yanında olur. Odur ki, Aygün də tərəddüd etmədən, həyat yoldaşı ilə birgə gedəcək. Üstəlik, o da uşaqlığının keçdiyi Qubadlıya qayıdacağı anı səbirsizliklə gözləyir. Rəsul ikinci evini orada tikəcəyinə söz verib. O, bunun üçün pul da yığıb.

Rəsul bütün bu illər ərzində ailəsini sürücü işləməklə dolandırıb. Uşaqlarının təhsili də onun üzərindədir. Yeri gəlmişkən, Qarabağı görməyən uşaqlar həyatlarını qurmaq üçün Bakıda qalmaq, burada təhsillərini davam etdirmək istəyirlər. Başqa sözlə, onların arzuları valideynlərinin xəyalları ilə üst-üstə düşmür. Övladların yalnız böyüyü valideynlərinə kömək etmək üçün onlarla Qarabağa gedəcəyini deyir. Yeri gəlmişkən, torpaqların işğal olunduğu birinci müharibədə iştirak etmiş atası kimi, o da ikinci müharibədə döyüşüb.

Beləliklə, ailə az qala 30 ildir həddən artıq təhlükəli vəziyyətdə yaşadıqları iki otaqlı evi tərk etməyə hazırdır. Bura çox darısqaldır – qonaq otağı, hamam, mətbəx və yataq otağı sanki bir-birinə birləşib. Təhlükəsizlik məqədilə binaya qaz verilmir. Mətbəxdə elektrik enerjisi ilə işləyən kiçik qızdırıcı görünür.

Qarabağda isə hər şey daha yaxşı olacaq – təbiət, kənd həyatı, xatirələr, əcdadlar… Rəsulun ailə üzvləri Bakı yaxınlığında dəfn olunsalar da, o, geninin Qarabağdan gəldiyini unutmur. Ancaq o, qarşıda çətin mərhələnin olduğunu da anlayır. Çünki artıq qeyd olunduğu kimi, Azərbaycanın işğaldan azad etdiyi bölgənin əksər kəndləri dağıdılmış, tərk edilmiş vəziyyətdədir. Bir çox yaşayış yerləri məhv edilib, orada qalmış tək-tük tikilinin isə “statusu dəyişdirilib”. Məsələn, işğal dövründə buradakı məscidlərdən tövlə kimi istifadə olunub, kitabxanalar talanıb və s.

Hökumət artıq azad edilmiş əsas şəhərləri birləşdirən yolun çəkilişinə start verib. Rəsul orada hər şeyə sıfırdan başlaya biləcəyindən məmnundur. Həyat yoldaşının da dediyi kimi, ilk dövrlərdə orada yaşamaq çətin olacaq, amma “heç olmasa orada ölmək üçün həmin torpaqlara qayıtmaq istəyirik”. Amma ölmək vaxtı deyil. Hələ hər ikisinin vaxtı var.

Hər kəs anlayır ki, Bakı keçmiş 27 illik ömrü birnəfəsə tərk etmək asan olmayacaq. Ancaq bu cütlük artıq bir dəfə – 1994-cü ildə bənzər vəziyyətin öhdəsindən gəlib. Üstəlik, o vaxt onlar daha pis şəraitdə yaşayırlarmış. “O vaxt demək olar ki, yalnız başımızın üzərində davan var idi, vəssalam. Bu gün isə hər halda, nələrimizsə var”, - deyə Aygün bildirir. Həmin vaxt vəziyyət həqiqətən də daha dəhşətli imiş: Aygünün həyat yoldaşı döyüşdən yeni qayıtmışdı və müharibədə düz 3 dəfə yaralanmışdı.
Ötən il sentyabrın 27-də müharibə yenidən başlayan zaman cütlüyün narahatlığı yenidən artıbmış. Çünki ailənin böyük oğlu səfərbərlik çərçivəsində döyüşə aparılıbmış. Xoşbəxtlikdən o, sağ-salamat evinə qayıdıb. İndi ailə “ədalətin zəfər çalmasına”, xüsusən də oğullarının döyüşdən sağ-salamat qayıtmasına sevinir.

Amma valideynlərdə ümumilikdə ermənilərə nifrəti yoxdur. Zaman da mütləq öz işini görəcək. Onlar bir vaxtlar bu bölgədə hökm sürmüş harmoniyanı yenidən tapmaq istəyirlər. Deyirlər ki, illər sonra övladlarından biri Qarabağda yaşayan ermənini sevərsə, bunu qəzəblə qarşılamazlar.
Rəsul bunu belə izah edir: “Hamımız insanıq. Sevgi sevgidir. Biz ona qarşı çıxa bilmərik. Keçmişdə də azərbaycanlılarla ermənilər bir-birlərilə ailə qurublar. Biz uzun illər boyu ermənilərlə birgə yaşamışıq. Dinc, yanaşı yaşayırdıq. Ümid edirik ki, həmin dövr ən qısa zamanda geri dönəcək”.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)



Mənbə: Atlantico


Ana səhifəyə qayıt        Baxış: 4 050          Tarix: 3-02-2021, 15:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma