Xəbər lenti


Beytoote, İran
19.03.2021


Azərbaycan paytaxtı Bakıda hər il Novruz bayramı yüksək səviyyədə qeyd olunur. Bu üzdən bir çox iranlı turist Novruz tətilində məhz Bakıya yollanır. Novruz bayramı günləri Azərbaycanda qeyri-iş günləridir.

Azərbaycan Novruzu milli bayram kimi qeyd edən yeganə qeyri-farsdilli ölkədir. Onun Novruz mərasimləri, bu bayramla bağlı adət-ənənələri İranın Novruz adətlərinə daha çox oxşayır.

Azərbaycanda Novruz bayramının tarixçəsi
Novruz İranda və bölgənin bəzi ölkələrində olduğu kimi, Azərbaycanda da baharın əvvəlində qeyd edilir.
1917-ci ilin oktyabrında Sosialist inqilabının baş verməsi ilə Qafqaz və Orta Asiyanın bəzi respublikaları tədricən Sovet hakimiyyətinin tabeliyinə keçirilirdilər. Bölgədə 1911-ci ildən yaşanan eniş-yoxuşlu proseslərin gedişində Azərbaycan da SSRİ-yə birləşdirilmişdi. Halbuki, 1918-ci ildə Müsavat Partiyası tərəfindən Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan olunmuş, ilk paytaxt kimi isə Gəncə şəhəri seçilmişdi. Lakin siyasi və iqtisadi böhranlar fonunda AXC 1920-ci il aprelin 28-də Sovetlər birliyi tərəfindən işğal olunub və bununla da süquta uğrayıb. Bundan sonra Azərbaycana SSRİ Kommunist Partiyası tərəfindən dəstəklənən Nəriman Nərimanovun rəhbərlik etdiyi İnqilab Komitəsi rəhbərliyə başlayıb və ölkə Azərbaycan Sovet Sosialist Respublikası adlandırılıb.

Kommunist hakimiyyəti dövrdə Novruz milli-dini bayram kimi qəbul edildiyindən, eniş-yoxuşlu yollardan keçməli olub. Doğrudur, Sovet İttifaqının ilk dövrlərində bolşeviklər Azərbaycanda Novruzun qeyd olunmasına icazə verib. Lakin Sovet hökumətinin ateist mahiyyəti üzündən 1928-ci ildə bu bayramla bağlı mərasimlər dini ayin sayılaraq, məhdudlaşdırılıb. 5 dekabr 1936-cı ildə isə Azərbaycanda Novruz bayramının keçirilməsi tamamilə qadağan edilib.

Bu məhdudiyyətlər bir də Stalinin ölümündən sonra tədricən aradan qaldırılmağa başlayıb. 1967-ci ildən ölkədə onun “Bahar bayramı” adı ilə qeyd olunmasına icazə verilib. Amma bu da uzun sürməyib və cəmi 3 il sonra – 1970-ci ildə Azərbaycanda Novruz şənlikləri yenidən qadağan olunub.

Azərbaycanda insanlar bu bayramı öz adı – Novruz bayramı adı ilə sərbəst şəkildə qeyd etməyə 1985-ci ildə Mixail Qorbaçovun hakimiyyətə gəlməsindən sonra başlayıb.

Nəhayət, 1991-ci ildə Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasından sonra Novruz dövlət səviyyəsində milli bayram kimi tanınıb. O vaxtdan Azərbaycanda hər il martın 20-dən başlayaraq təxminən 5 gün bayram qeyd olunur. Bu günlər qeyri-iş günləri sayılır.
İranda olduğu kimi, Azərbaycanda da Novruz adətlərindən biri bayramdan əvvəlki günlərdə ev-eşiyin təmizlənməsidir. Çünki Novruz günlərində hər bir ev qəfil qonaq gəlişinə hazır olmalıdır.

Burada insanlar buğda cücərdir, səməni hazırlayır. Səməniyə “İsfahan halvası” da deyilir.

Hər il Novruz ərəfəsində Bakıda bir canlanma hiss olunur. Hasarlar, işıq dirəkləri rənglənir, bəzədilir, meydanlara çiçəklər əkilir. Şəhərin müxtəlif yerləri xüsusi işıqlandırılır, hər tərəfə səməni maketləri düzülür. Bu günlərdə əksər mağazalar, ticarət mərkəzləri, mehmanxanalar və turizm məkanları xonçalarla bəzədilir. Bir sözlə, hər yerdən yenilik, təzəlik ətri gəlir.

Azərbaycanda Novruzdan əvvəl dörd çərşənbə axşamı qeyd olunur: Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və son olaraq Torpaq çərşənbəsi. Bu, insanların dünyanın su, od, yel və torpaq kimi dörd ünsürdən yarandığına dair qədim inancına əsaslanır. İrandan fərqli olaraq, Azərbaycanda çərşənbə axşamı gecələri tonqal qalanır, oğlanlar və qızlar onun üzərindən tullanır.

Keçmişdə xalq arasında bəzi başqa adətlər də geniş yayılıbmış. İndi onlar formal xarakter daşıyır. Belə adətlərdən biri də Kosa ilə Keçəl personajlarıdır. Kosa yazın rəmzi olaraq, yaşıl libas geyir, başına yaşıl papaq qoyur. Keçəl isə mavi libasda olur. Onun keçəl olması qışın barsız olduğuna işarədir. Mərasimdə tamaşaçılar onlara hədiyyələr verir.

Azərbaycan xalqının daha bir Novruz adəti papaq atma mərasimidir. Uşaqlar qonşuların qapısına papaq atır, ev sahibləri papağa şəkərbura, paxlava və digər nemətlər qoyur.

Qulaq falı isə Azərbaycan qızlarının Novruz ənənəsidir. Onlar gizlincə qonşuların evini dinləyir, eşitdikləri sözləri yoxmağa çalışırlar.
Bayramın ilk günündə ölkə başçısı şəhərdə təşkil olunan şənliyə qatılır. Həmin gündən başlayaraq şəhərin turistik məkanlarında şənliklər, ənənəvi musiqi festivalları və s. keçirilir.

Bayram günlərində kiçikdən böyüyə hamı yeni paltar geyir və bu mərasimlərə qatılır. Byram tədbirlərinin keçirildiyi yerlərdə milli təamlar, o cümlədən müxtəlif kabablar bişirilir. Pavilionlarda, köşklərdə Bakını simvolizə edən müxtəlif əl işləri, şirniyyatlar və mürəbbələr nümayiş olunur.

Novruzdan bir gün əvvəl insanlar qəbiristanlıqlara gedir, dünyasını dəyişmiş yaxınlarını yad edir. Onlar qəbirlərin üzərinə səməni düzürlər. Bəzi məzarların üzərində 2-3 səməni görmək olar. Demək, bu məzarı bir neçə qohum ziyarət edib. Həmin gün qəbiristanlıqda qəribə mənzərə yaranır – sanki azərbaycanlılar ölüləri üçün də Novruz bayramını qeyd edir.

Azərbaycanda Novruzun ən önəmli və əsas yeməyi balıqdır. O, mütləq süfrədə olmalıdır. Bəzən balığın başına üzük də qoydular və sonda həmin üzüyü ailənin böyük qızı barmağına taxmalıdır. Xalq inancına görə, bu, qızı xoşbəxt edir.

Azərbaycanlıların Novruz süfrəsi iranlıların Novruz süfrəsindən fərqlidir. Orada süfrəyə adı “s”, “ş” və ya “m” hərfi ilə başlayan nemətlərin qoyulması ənənəsi yoxdur. Lakin Azərbaycanda da Novruz süfrəsindəki hər komponent xüsusi məna daşıyır. Azərbaycan xalqı bayram süfrəsinə mütləq şəkərbura, paxlava və şor qoğalı qoyur. Burada ən məşhur şirniyyat olan şəkərbura badam, şəkər, hil toxumu, un, yumurta, xama, yağ, süd və xəmirdən hazırlanır. O, sobada bişirilir.

Azərbaycan xalqının daha bir məşhur şirniyyat növü olan paxlava qoz, kərə yağı, yumurta, un, şəkər, zəfəran və badamdan hazırlanır. Onlar süfrəyə çayla verilir.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Beytoote 



Ana səhifəyə qayıt        Baxış: 5 145          Tarix: 19-03-2021, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma