Xəbər lenti

 
Avropa İttifaqı (Aİ) rəsmiləri Rusiyanın Ukraynaya müdaxilə əməliyyatına görə sanksiyaya məruz qalan rusiyalı oliqarxların müsadirə olunmuş aktivləri hesabına Ukraynanın bərpası üçün istifadə etməyi planlaşdırır.
 
Ovqat.com xəbər verir ki, “Bloomberg”ə danışan üç mənbənin verdiyi məlumata görə, sözügedən qanun layihəsi hələ hazırlıq mərhələsindədir.
 
Məlumatı şərh edən Avropa Komissiyasının sədri Ursula fon der Leyenin sözçüsü Erik Mamer rus oliqarxlarının aktivlərinin dondurulduğunu və onların taleyi ilə bağlı hər hansı tələbin komissiyaya daxil olmadığını söyləyib.
 
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Aİ oliqarxlar da daxil olmaqla bir çox rus zənginlərinin aktivlərinə qarşı sanksiyalar elan edib. Bir çox Avropa ölkələri rus oliqarxlarının superyaxtaları, təyyarə və daşınmaz əmlakları kimi aktivlərə əl qoyub. Təkcə İtaliyada dondurulmuş aktivlərin məbləği 780 milyon avroya çatıb.
 
Aİ işğaldan sonra ardıcıl dörd sanksiya paketi elan edib. Dördüncü sanksiya paketi Rusiya iqtisadiyyatının müxtəlif sahələrini, bəzi şəxsləri və təşkilatları hədəf alarkən, Rusiyanın “ən əlverişli ölkə” statusu da ləğv olunub.
 
Aİ-dən verilən açıqlamada, Rusiya prezidenti Vladimir Putinə yaxın olan elitaya, onların ailələrinə və tərəfdarlarına təzyiqləri davam etdirəcəyi, sanksiyalardan qaçmaq üçün Rusiya dövlətinin və elitasının kriptovalyutalardan istifadəsinin qarşısını alacağı bildirilib.
 
AB ölkələrindən Rusiyaya lüks malların ixracına qadağa qoyulacağına diqqət çəkən açıqlamada, dəmir-polad sənayesində əhəmiyyətli malların Rusiyadan idxalının qarşısı alınacağı və Rusiyanın enerji sektoruna yeni investisiyaların qadağan ediləcəyi bildirilib.
 
Son sanksiyalar paketi çərçivəsində kürü, içkilər, siqarlar, elektron cihazlar, ətirlər, çantalar, paltolar, kostyumlar, ayaqqabılar, köynəklər, brilyantlar, qızıl və qiymətli daşların qiyməti 300 avrodan çox malların Rusiyaya göndərilməsi qadağan ediləcəyi nəzərdə tutulur.
 
Aralarında rusiyalı milyarder Roman Abramoviç də daxil olmaqla 15 nəfərin və 9 şirkətin AB-nin sanksiya siyahısına daxil edilməsi, onların aktivlərinin dondurulması və səyahət qadağasının qoyulması qərara alınıb.


Ana səhifəyə qayıt        Baxış: 5 432          Tarix: 19-03-2022, 14:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma