“İŞİD, təşkilat lideri Əbubəkr əl-Bağdadinin öldürdüyünü təsdiqləyib”.
Ovqat.com xəbər verir ki, məlumatı İraq telekanalı “əl-Sumayra” yayıb.
Məlumatda həmçinin İŞİD-in yeni xəlifə seçdiyi də bildirilir.
Ninova bölgəsindəki qaynaqlardan alındığı irəli sürülən xəbərdə əl-Bağdadinin ölümündən sonra İŞİD-də ciddi parçalanmanın yaşandığı, hətta təşkilatda “çevriliş” baş verdiyi iddia edilir. Qeyd olunur ki, Bağdadinin bir çox tərəfdarları çevrilişçilər tərəfindən göz altına alınıb. Ehtimallara görə, Bağdadinin ölüm xəbəri İŞİD-çilər arasında yayıldıqdan sonra “xəlifəlik” iddiasında olan bir neçə qrup ortaya çıxacaq və təşkilatdaxili rəqabət qarşıdurmaya çevriləcək.
Hazırda İraqda Mosulu əldən çaxaran İŞİD-in mərkəzi, türkmənlərin yaşadığı Telafər qəsəbəsinə köçürüldüyündən təşkilatdaxili ziddiyyətin əsasən bu məntəqədə baş verəcəyi və nəticədə Telafərin azad olunmasının asanlaşacağı gözlənilir.
Xatırladaq ki, Əl-Bağdadinin ölüm xəbərini ilk dəfə Rusiya Müdafiə Nazirliyi yaymışdı. Həmin məlumatda bildirilirdi ki, bu ilin 28 may tarixində rus təyyarələri Suriyanın Raqqa şəhəri yaxınlığında İŞİD-in yüksək rütbəli idarəçilərinin toplandığı binanı vurmuş və 330 “xilafətçi”nin öldürülmüşdü. Onlardan 30-nun təşkilat rəhbəri olduğu iddia edilirdi. Əl-Bağdadinin də həmin hücum zamanı öldürülməsi güman olunur.
Rusiyanın yaydığı bu məlumat daha sonra ABŞ tərəfindən şübhə altına alınmış, İran tərəfindən isə təsqidlənmişdi. Odur ki, Bağdadinin ölüb-ölmədiyi bir müəmmaya çevrilmiş və hər kəs buna təşkilat tərəfindən aydınlıq gətirilməsini gözləyirdi.
Əl-Bağdadinin həyati vəziyyətini ən çox maraq edənlər isə, təbii ki, İŞİD-çilər idi. Bu zamana qədər İŞİD-çilər arasında bu barədə müzakirə etmək belə, yasaqlanmış, nəinki ölüm xəbərini yayan, hətta buna ehyam vuran istənilən şəxs ağır şəkildə cəzalandırılırdı. Məlumata görə, bu qadağanın ən ağır bədəlini ödəyənlərdən biri İŞİD-in baş vaizi Əbu Quteybə olmuşdu. İddia edilir ki, baş vaiz cümə namazlarının birində Bağdadinin adını çəkərkən özünü saxlaya bilməyib, ağlayıb. İŞİD rəhbərliyi isə bu göz yaşının saxta olduğunu, Əl-Bağdadinin öldürüldüyünü xalqa çatdırmaq üçün axıdıldığını irəli sürüb və Əbu Quteybə barəsində ölüm fitvası çıxarıb. Fitvadan dərhal sonra Telafərdə həbs olunan Quteybə şəriət məhkəməsinə çıxarılıb və qazinin hökmüylə, “xalqı üsyana təşviq etmək”də günahkar bilinərək, diri-diri yandırılıb.
Bəs, yaşayıb-yaşamadığı dünyada ciddi müzakirələrə yol açan, ölüm xəbəri belə, xeyli qanların axmasına səbəb olan Əbubəkr əl-Bağdadi kimdir?
Gəlin, İŞİD-in ən ünlü və ilk “xəlifəsini” yaxından tanımaq üçün onun barəsində irəli sürülən bəzi faktlara nəzər salaq:
İbrahim Avad əl-Bədri, yəni Əbu Bəkir əl-Bağdadi 1971-ci ildə İraqın Samarra şəhərində, iqtisadi cəhətdən orta səviyyəli bir ailədə dünyaya göz açıb. Əbu Bəkir əl-Bağdadinin ailəsi dindarlığıyla seçilir və ailənin Məhəmməd Peyğəmbərin nəslindən gəldiyini iddia edilir (Bizim terminlə desək, o, bir seyid idi).
Bağdadi gənclik illərində Quranı oxumağa böyük həvəs göstərib, şəriət qaydalarına ciddi riayət etməyə çalışıb. Bu həvəs onu ilahiyyat elminə yönəldib. Təəccüblü deyil ki, yazı qəhrəmanımızın ali məktəb seçimində də bu həvəs mühüm rol oynayıb. Məlumata görə, İbrahim Avad əl-Bədri Bağdad Universitetinin İlahiyyat fakultəsində təhsil alıb, 1996-cı ildə oradan məzun olub.
1999-cu ildə Səddam İslami Araşdırmalar Universitetinin Quran tədqiqatları bölümündə magistraturaya qəbul olunub və 2007-ci ildə isə doktorantura işini tamamlayıb.
İbrahim Avad əl-Bədri ali təhsil aldığı dövrün 2004-ci ilə qədərki hissəsini Bağdadın Tobçi məhəlləsində, iki həyat yoldaşı və altı uşağıyla birlikdə keçirib. Yerli bir məsciddə məhəllənin uşaqlarına Quran oxumağı öyrədib. O, eyni zamanda məscidin futbol komandasının oynayıb və komandanın ulduzu sayılıb.
Məlumata görə, gənc İbrahimi “yoldan çıxaran” əmisi olub. O, məzuniyyət dövründə əmisigilə gəlib və əmisi, qardaşı oğlunu Müsəlman Qardaşlarına qoşulmağa razı sala bilib. Beləcə, İbrahim Avad əl-Bədri Əbubəkr əl-Bağdadiliyə ilk addımını atıb.
İbrahim Avad əl-Bədri qısa müddət ərzində hərəkatın şiddət tərəfdarı, ultra-mühafizəkar kəsiminin cazibəsinə qapılıb və sələfi cihadçılığını mənimsəyib. O, bu fəaliyyətinə görə, 10 ay ABŞ tərəfindən həbs olunub və Bucca həbsxanasından təşkilat liderlərindən biri kimi çıxıb.
Gənc ilahiyyatçının liderə çevrilməsinin isə çox sadə bir səbəbi var: o, həbsdə olarkən, İraqın ABŞ tərəfindən işğalına etiraz edən bellucəlilərlə bir yerdə yatıb. Dini cəhətdən savadlı olması bu gəncin məhbəsdə ön plana çıxmasını, məhkumlara namaz qıldırmasını və xütbə oxumasını şərtləndirib. Bu minvalla bir müddətə qədər məscidin futbol ulduzu olan Bağdadi əsl liderlik vəsfləri qazanmağa başlayıb. Həbsdən çıxandan sonra isə o, ABŞ işğalına qarşı dirəniş hərəkatının əsas fiqurlarından birinə çevrilib.
Bir başqa ehtimala görə isə, ABŞ İraqı üç yerə - şiələrə, sünnilərə və kürdlərə parçalamaq üçün mühafizəkar sünni hərəkatını özü yaradıb və bu işdə məhbuslardan yararlanıb. Hansı iddianın doğru olduğu barədə hər hansı mülahizə yürütmək fikrindən uzağıq. “Doğrusunu Allah bilir” deyərək, bizim üçün bəlli olan mətləblərə qayıdırıq.
Bağdadi həbsdən çıxdıqdan sonra Səddam Hüseyn rejiminin devrilməsiylə hakimiyyətdən uzaqlaşdırılan və müxtəlif qruplara bölünən sünniləri bir araya gətirmək təşəbbüsünə qoşulur. Bu işdə də 10 ay imamlıq etdiyi məhbus yoldaşlarının əlaqələrindən faydalanır və müəyyən nəticələrə nail olur.
Azadlığa çıxdıqdan sonra o, ilk təmasını əl-Qaidənin İraqdakı lideri iordaniyalı Əbu Musab əl-Zərkavi ilə qurur (2004). Bağdadinin dini savadına heyran olan Zərkavi onu təşkilatlarına dəvət edir və Suriyaya getməyə razı salır. Di gəl ki, onun Zərkavi ilə yaxın ünsiyyəti uzun sürmür. 2006-cı ilin iyun ayında ABŞ-ın hava hücumunda öldürülən Zərkavinin yerinə misirli Əbu Əyyub əl-Masri gəlir. Həmin ilin oktyabr ayında Masri İraq əl-Qaidəsini ləğv edib onun strukturu üzərində İraq İslam Dövləti (İİD) adlı təşkilat qurur. Təşkilat bir müddət əl-Qaidəyə biət edir. Bununla belə, yeni qərarla razılaşmayanların itaətsizliyi təşkilatda xaotik vəziyyət yaradır. Bağdadı də bu xaosdan faydalanaraq 2011-ci ildə Suriyadakı tərəfdarlarına təşkilatlanma əmri verir. Təşkilatın yeni lideri kimi ortaya çıxmasında Bağdadinin köməyinə yenə ali məktəbdə aldığı dini savadı çatır. Dini mövzularda kamil biliciliyi və məhbəs həyatında qazandığı çevrəylə o, İraqın xaricində yaşayanlarla daxilindəki sünni cihadçıları özünə rahatlıqla cəzb etməyi bacarır və addım-addım təşkilatın zirvəsinə doğru yüksəlir.
Bağdadı ilk əvvəl təşkilatın Şəriət Komitəsinin rəhbəri və 11 nəfərlik Siyasi Şurasının üzvü seçilir və Əbubəkr əl-Bağdadi adını bu zaman qazanır. Bir müddətdən sonra sələfilər arasındakı əlaqələri onun təşkilatın Koordinasiya Komitəsinə seçilməsinə yol açır və qrupun İraqdakı rəhbərləriylə daha sıx ünsiyyətinə səbəb olur.
Təşkilatın qurucusu və əmirinin 2010-cu ilin aprel ayında ölmələrindən sonra Əbubəkr Əl-Bağdadi İraq İslam Dövlətinin yeni əmiri seçilir. Bundan sonra o, ABŞ ordusu tərəfindən ciddi şəkildə yox edilən təşkilatı yenidən bərpa etməyə başlayır və bu təşəbbüsündə böyük uğur qazanır.
Bağdadinin uğur qazanmasında, sözsüz ki, Səddam Hüseyn dövründə uzun illər İraqın rəhbəri olmuş sünnilərin onu dəstəkləməsi də mühüm rol oynayır. ABŞ-ın İraq rəhbərliyinə gətirdiyi şiə hakimiyyətiylə razılaşmayan köhnə komanda məcburən dirəniş hərəkatına qoşulur. Onların istər maddi, istər mənəvi, istərsə də hərbi cəhətdən Bağdadiyə yardım etməsi İŞİD-in böyük nailiyyətlər əldə etməsinin başlıca səbəblərindəndir. Görünür, İraqdakı bu potensial güc Suriyada fəaliyyət göstərən Bağdadinin də bütün diqqətini öz vətəninə yönəltməsini şərtləndirir. Və bu tendensiya Bağdadi ilə əl-Qaidə arasındakı bütün bağların qopmasına səbəb olur. Nədən ki, əl-Qaidə Bəşər Əsədi devirənə qədər Suriyada vuruşmağı tələb edirdi. Bağdadi isə İraqda yaranan xaotik vəziyyətdən istifadə edərək təşkilatın nəzarətindəki əraziləri böyütmək niyyətində idi, Əsədlə çox uğraşmamağı məsləhət bilirdi və tərəfdarlarına da İraq qolunu formalaşdırmağı tapşırmışdı.
Bağdadinin iraqlı damarının ağır basması onun rəhbəri olduğu təşkilatdakı suriyalıları da narahat edirdi. Xüsusilə İraq İslam Dövlətinə qoşulan Nusra Cəbhəsinin lideri Əbu Məhəmməd əl-Kolani bu qərarla razılaşmır, Əsədə qarşı vuruşan bütün müxalifləri öz ətraflarında birləşdirərək Dəməşqə doğru irəliləməyi tələb edirdi. Bağdadi isə bu tələbə tabe olmaq istəmirdi. İkili arasındakı ziddiyyət Bağdadinin sərt addım atmasına gətirib çıxaracaqdı: o, bir fitvayla “Nusra cəbhəsini” ləğv edib, öz rəhbərlik etdiyi təşkilata bağlayacaqdı. Və bundan sonra İraq İslam Dövlətinin adını da dəyişərək İraq Şam İslam Dövləti yaratdığını elan edəcəkdi.
2013-cü ildə baş verən bu ziddiyyət elə ciddi xarakter almışdı ki, o dövrdə bütün sələfi silahlı hərəkatının biət etdiyi əl-Qaidə işə qarışmışdı. Məlumata görə, həmin dövrün əl-Qaidənin rəhbəri Ayman əl-Zəvahiri İŞİD liderinə mesaj göndərərək, Nusra cəbhəsi haqqında verdiyi fitvanı ləğv etməsini istəyir. Bağdadi isə bu təklifi rədd edir. Zəvahiri Bağdadinin bu sözəbaxmazlığını İŞİD-i əl-Qaidədən uzaqlaşdırmaqla cəzalandırır. İŞİD lideri də Zəvahiriyə cavabsız qalmır və Nusra cəbhəsini təkfir edərək, öz tərəfdarlarını onlara qarşı vuruşmağı çağırır.
İki sələfi qrup arasında getdikcə böyüyən bu ixtilaf Bəşər Əsədin işinə yarayır və Dəməşq vuruşan tərəflər arasında gah bu, gah o tərəfi havadan bombalayaraq, qüvvələr arasındakı nisbəti sabit saxlamağa çalışır. Beləcə, sələfi döyüşçülərin Dəməşqə doğru irəliləyişi də dayanır. 2013-cü ildən etibarən sələfilər arasında başlayan bu ziddiyyətlər daha sonra Rusiyanın Suriyaya müdaxiləsilə sünni dirənişin tamamilə yoxoluşuna səbəb olur. Bu mənada Əbubəkr əl-Bağdadinin İŞİD-i nə qədər çox Suriya ordusu mənsublarının qanlarını axıtsa da, nəticə etibarilə Bəşər Əsədə heç kimin vermədiyi ərmağanlar da hədiyyə etmişdir.
Bağdadinin İraqa daha çox yönəlməsi qısa müddət ərzində böyük nailiyyətlərlə yadda qalmışdı. Onun ən böyük uğuru isə İraqın ikinci böyük şəhəri olan Mosulun alınması idi. Bildirildiyinə görə, Bağdadi bu şəhəri 1000-ə yaxın döyüşçüsü ilə bir gün ərzində ələ keçirib. Əlbəttə ki, bu uğurun bir neçə mühüm səbəbi var idi. Başlıca səbəblərdən biri əsasən sünni əhalidən təşəkkül tapan Mosulun şərqdən kürd separatçıları, cənubdan isə şiə hücumlarından qorunmaq üçün İŞİD-çilərə xilaskar kimi baxması idi.
Digər səbəb isə Bağdad hakimiyyəti tərəfindən işdən uzaqlaşdırılan Səddam Hüseyn komandasının, özəlliklə də hərbçilərin İŞİD liderinə ciddi dəstək verməsində axtarılmalıdır. Yenicə formalaşmağa başlayan şiə hakimiyyətinin təcrübəsizliyi də onların bir ovuc İŞİD-çi qarşısında məğlubiyyəti gətirmişdi.
2014-cü ildə Bağdadinin kiçik bir qrupla basqını nəticəsində ələ keçirilən Mosul ötən ilin noyabr ayından bu yana İraq hərbi qüvvələrinin, İranın yaratdığı Həşdi-Şabi könüllülərinin hücumu və ABŞ-ın hava qüvvələrinin bombardımanı altında bir neçə gün öncə azadlığa qovuşdu. Amma Mosulda daş üstündə daş da qalmadı. Maraqlıdır ki, Mosulun işğaldan tam azad olunması gününü Əbubəkr əl-Bağdadi görə bilmədi. Çünki o, özünün paytaxtı elan etdiyi bu şəhərin azad olunmaslndan ayyarım əvvəl öldürülmüşdü.
Bu yazının müəllifi nə qədər İŞİD-ə qarşı mövqeyiylə seçilsə də, kişinin haqqını da vermək lazımdır: ömrünün 45 yaşında döyüşlərdə həlak olan əl-Bağdadi nə qədər vəhşi olsa da, həqiqətən də qəhrəman adam idi. Onu bu vəhşiliyə yuvarladan isə dünya imperializminin İraqı işğal siyasətinə qarşı dirənişi və qisas andı olmuşdu.
Bu işğal olmasaydı, Bağdadi də arxasınca getdiyi elmi fəaliyyətini davam etdirər, ibadət etdiyi məscidin futbol komandasının ulduzu kimi neçə-neçə məhəllə komandasının qapısından qol keçirməyə sevinə-sevinə ömrünü davam etdirərdi və bəlkə də bu minvalla yüz il ömür sürərdi. İki yoldaşı, 6 uşağı ilə İbrahim Avad əl-Bədri sadə bir insanın xoşbəxt olması üçün hər şeyə malik idi. Nə yazıq ki, tarixi şəraitin diktə etdiyi vəziyyət ona bu rahat ömrü çox gördü.
Heydər Oğuz
Paylaş: