Xəbər lenti
27-11-2024, 19:25

 

“Fransa hökuməti Rusiyadan təbii qaz alışını tamamilə kəsməyə hazırlaşır və bunu gələcək planlarında ən çox ehtimal olunan ssenari olaraq görür”.

Ovqat.com xəbər verir ki, Fransanın maliyyə naziri Bruno Le Maire bunu bildirib.

Fransanın cənubunda keçirilən bir konfransda çıxış edən Le Maire deyib: “Hesab edirəm ki, Rusiya qazının bütün tədarükünün dayandırılması real imkana çevrilib və biz buna hazırlaşmalıyıq. Düşünürəm ki, bu varianta məhəl qoymamaq tamamilə məsuliyyətsizlik olardı”.

Bruno Le Maire vurğulayıb ki, ilk növbədə evlərin və müəssisələrin enerji istehlakını azaltmaq, ardınca da xaricdən gətirilən mayeləşdirilmiş təbii qazı yenidən qazlaşdırmaq üçün üzən LNG terminalı layihəsi kimi yeni infrastrukturlar tikmək lazımdir.

Avropa İttifaqı (Aİ) ölkələri yüksək istilik və enerji tələbatını ödəmək üçün kifayət qədər qaz ehtiyatlarının olmasını təmin etmək üçün iyulun 26-na planlaşdırılan fövqəladə iclasda qış üçün fövqəladə vəziyyət planlarını müzakirə edəcəklər. Fransalı nazirin bu iclasdan qabaq belə açıqlama ilə çıxış etməsi rəsmi Parisin həmin toplantıya hansı təkliflərlə gedəcəyindən xəbər verir.

Təbii qaz tədarükünün təxminən 17 faizini Rusiyadan təmin edən Fransa bəzi qonşuları ilə müqayisədə Rusiya qazından daha az asılıdır. Bununla belə, Rusiya qazının tamamilə dayandırılması hazırda Fransa üçün də problemli mövzudur. Çünki Fransada Rusiya təbii qazına ən yaxşı alternativ nüvə enerjisi  ilə işləyən elektrik generatorlarının yenidən istifadəyə verilməsidir. Bir neçə reaktorun texniki xidmət üçün bağlanması səbəbindən meydana gələn çatışmazlıq bu problemin həllində ciddi çətinliklər yarada bilər.




Ana səhifəyə qayıt        Baxış: 5 236          Tarix: 11-07-2022, 07:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma