Xəbər lenti

 

Bu zamanadək İrandan Azərbaycana ideoloji savaş Ərdəbil imam-cüməsi ayətullah Seyid Həsən Amili vasitəsilə həyata keçirilirdi. Görünür, Azərbaycan prezidenti İlham Əliyev ona “əyalət mollası” deyib cavab verəndən sonra Amili həzrətləri öz yerini tanıdı və o gündən bu günə bir də cəsarət edib ölkəmiz əleyhinə fikirlər səsləndirmir. İran hakimiyyəti isə indi Təbriz imam-cüməsi Seyid Məhəmməd Ali-Haşimini qabağa çıxarıb, bizi bu adamın Tehrandan göndərilən mesajları ilə incitməyə çalışır.

 

Təbriz imam-cüməsinin Tehrandan gələn direktivlərlə işləməsini onun İran dini lideri Xameneinin uydurduğu yalanları olduğu kimi təkrarlaması da təsdiqləyir.

 

Ovqat.com-un məlumatına görə, ötən cümə xütbəsində Seyid Məhəmməd Ali-Haşimi İran dini liderinin Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla görüşdə dilə gətirdiyi sözləri eynilə təkrarlayıb.

 

O da Xamenei kimi Azərbaycanın tələb etdiyi, İrəvanın razılaşmağa məcbur olduğu Zəngəzur dəhlizi barədə danışıb. Bildirib ki, guya Zəngəzur İranla Ermənistan arasında min ildir mövcud olan ticarət və kommuniskasiya yoludur və “İslam Respublikası heç vaxt İran və Ermənistan arasında sərhədin bağlanmasına səbəb olan siyasət və planlara dözməyəcək”.

 

Fars News” xəbər agentliyinin məlumatına görə, xütbəsində Zəngəzur dəhlizindən danışarkən imam-cümə bu layihəni ABŞ və Qərbin geosiyasi planı adlandırıb. “Bu gün Amerika və Qərb əvvəlkindən daha çox zəifləyib, böyük səylərinə baxmayaraq, bölgədəki siyasəti əhəmiyyətini itirib, ABŞ-ın regiondakı hegemonluğunun və onun siyasətlərinin qürub çağı başlayıb”, - deyə o bildirib. 

 

O, amerikalıların həm zülmkar, həm də hiyləgər olduqlarını da fikrinə əlavə edib: “ABŞ və sionist rejimə güvənmək olmaz”.

 

İslam Respublikasının heç vaxt İran və Ermənistan arasında sərhədin bağlanması ilə nəticələnəcək siyasət və planlara boyun əyməyəcəyini vurğulayan din xadimi Xameneyinin sözlərini təkrarlayıb: “Əgər İranla Ermənistan arasında sərhədi bağlamaq siyasəti izlənilsə, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd bir neçə min illik əlaqə yoludur”.

 

Görünür, Təbriz imam-cüməsi unudur ki, onların bəhs etdikləri Zəngəzur marşrutunun nəinki 1000 illik ömrü yoxdur, hətta indiyədək bu yol çəkilməyib. Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra Gorus-Qafan şossesinin bizim nəzarətimizə keçməsiylə İrəvan alternativ yol axtarışına çıxıb. Böyük xərc tələb edən və təbii istehkamlar adlandırılan dağların zirvələrindən aşan yeni yol rentabelli olmadığı üçün onun nə zamansa çəkiləcəyi belə şübhə altındadır. Hələ sadəcə çəkilməsi planlaşdırılan yolun 1000 illik tarixindən bəhs etmək böyük yalandır və bu yalanın İran dini liderləri tərəfindən ortaya atılması molla rejiminin “məşruluğunu” şübhə altına qoyur. Biz hələ rus imperiyasının tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistanın cəmi 100 illik yaşı olduğunu, indiki Fars İranının 1925-ci ildə ingilislərin xeyir-duası ilə yarandığını, dolayısıyla onun tarixilik baxımından Ermənistandan belə geri qaldığını demirik. 

 

İran molla rejiminin Zəngəzur dəhlizinə öz “müqəddəs yalanları” ilə qarşı çıxması Azərbaycan-İran münasibətlərinə də kölgə salır və bunun Təbriz imam-cüməsi tərəfindən dilə gətirilməsi bu ölkənin özü üçün daha çox zərərlidir. Nədən ki, Seyid Məhəmməd Ali-Haşiminin faktiki rəhbəri olduğu Təbriz şəhəri Cənub bölgəmizin ən həssas yeridir və bu bölgə tarixə Səttarxan, Xiyabani, Seyid Cəfər Pişəvəri, Şəriətmədari və s. kimi milli düşüncəli şəxsiyyətlər bəxş edib. Bu gün belə, əhalisinin 97,8 faizi türklərdən təşəkkül tapan Şərqi Azərbaycan əyaləti Şimali Azərbaycan məsələsinə xüsusi diqqətlə yanaşır. Təbriz imam-cüməsinin anti-Azərbaycan kampaniyasına qoşulması güneyli qardaşlarımız tərəfindən də birmənalı qarşılanmaya və bu da arzuolunmayan proseslərin başlanmasına səbəb ola bilər. İndiki həssas zamanda İran molla rejimi bu cür incə məsələlərə diqqətlə yanaşmalı və iki dövlət arasındakı əməkdaşlıq perspektivlərini təhlükəyə atmamalıdır. Əks halda Təbriz imam-cüməsinin bu fəaliyyəti yaxın gələcəkdə Tehran hakimiyyətinin özü tərəfindən İranı qəsdən parçalamağa yönəlik addım kimi də qiymətləndirilə bilər. Odur ki, Seyid Məhəmməd Ali-Haşimi həzrətlərinə özünü yalançı dini liderlərin şərindən qorumağı və onların ağzı ilə danışmamağı, Ərdəbilin əyalət mollası Seyid Həsən Amilidən ibrət dərsi almağı məsləhət görürük. 

 




Ana səhifəyə qayıt        Baxış: 6 797          Tarix: 24-07-2022, 08:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma