Xəbər lenti


İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymanidən maraqlı analiz 

 

Qarabağ sülh prosesi; Amerikanın İranı uzaqlaşdırmaq cəhdi və bu prosesdə Türkiyə ilə Rusiyanın rolu

 

16 iyul 2022-ci il tarixində Ermənistan və Azərbaycan Respublikasının xarici işlər nazirləri iki ölkə arasında son gərginliyi azaltmaq məqsədilə 2020-ci il müharibəsindən sonra ilk dəfə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvilinin ev sahibliyi ilə Tbilisidə görüşüblər. Bu danışıqlar may ayında iki ölkə liderlərinin Avropa İttifaqının vasitəçiliyi ilə sülh müqaviləsi danışıqlarının irəliləyişinə dair əldə etdikləri razılaşmaya uyğundur.

 

Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin sabit və davamlı sülhə nail olmaq yolunda siyasi həllinin vacibliyinə dair mövqeyinə aydınlıq gətirib. O, həmçinin vurğulayıb ki, regional sülh baxımdan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunun birgə sədrlik formatının tətbiqi və onun beynəlxalq missiyası üçün müəyyən edilmiş çərçivəyə uyğun olaraq təcrübəsindən humanitar məsələlər, o cümlədən erməni hərbi əsirlərin azad edilməsi və onların öz vətənlərinə qayıtması, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi məsələlərində istifadə olunması vacibdir. Bu görüşün sonunda tərəflər təmasları davam etdirmək istəklərini bildiriblər. Tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı geniş spektrli müzakirələr aparıb, bu sahədə əvvəlki öhdəliklərin icrası prosesindən danışıb və mümkün tədbirlər haqqında fikirlərini bölüşüblər.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı demişdir: “Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüş ilk dəfədir ki, keçirilir, ümid edirəm ki, nəticə verəcək”.

 

Bayramovla Mirzoyan arasında danışıqlar iki ölkənin müdafiə nazirliklərinin bir müddət əvvəl bir-birini atəşkəsi pozmaqda ittiham etdiyi bir vaxtda baş tutub.

 

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişellə, aprel və may aylarında Brüsseldə keçirdikləri üçtərəfli görüşdə Dağlıq Qarabağ (İran diplomatı görünür, hələ də Dağlıq Qarabağ ərazisinin mövcud olmadığını bilmir – Ovqat) Sülh Planını müzakirə etdikdən sonra baş tutub. 

 

ABŞ dövlət katibi Entoni Blinken yazıb: “Ceyhun Bayramov və Ararat Mirzoyan Tbilisidə görüşərək müsbət addım atıblar. Birbaşa dialoq Azərbaycan və Ermənistan arasındakı fikir ayrılıqlarını həll etməyin ən etibarlı yoludur.

 

İki ölkənin xarici işlər nazirlərinin Tiflis görüşündən iki həftə əvvəl Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, ölkənin bütün qüvvələri mübahisəli Dağlıq Qarabağ bölgəsindən çıxarılacaq. O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsdən sonra Ermənistana qayıdır, bu proses  sentyabrda başa çatacaq və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələri erməni xalqının təhlükəsizliyinə zəmanət verir.

 

Moskva-Bakı-Yervan üçtərəfli sazişinə əsasən, 2020-ci il noyabrın 10-da Ermənistan otuz ildir işğal altında saxladığı Azərbaycan torpaqlarının bir hissəsini təhvil verib və Rusiya kövrək atəşkəs rejiminə nəzarət etmək üçün 2000-ə yaxın rus sülhməramlısını bölgəyə göndərib. Gücləndirilmiş Azərbaycan ordusu 44 gündən sonra Ermənistanın işğal etdiyi ərazilərin bir çox hissəsini azad edə bilib. 2020-ci ilin payızında baş verən bu münaqişə 6500-dən çox insanın ölümünə səbəb olub və Azərbaycan ordusu Şuşanı geri aldıqdan sonra Rusiyanın müdaxiləsi ilə tərəflər 10 noyabr 2020-ci il tarixində atəşkəs sənədi imzalanmışlar.

 

Qeyd edək ki, iki həftə əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın yüksək rütbəli hərbçisinin bu qüvvələrin regionu daha tez tərk edəcəyinə söz verdiyini xatırladaraq, erməni hərbi qüvvələrinin geri çəkilməsi prosesinin ləng getməsindən şikayətlənmişdi. Və əlavə etmişdi ki, Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmaq niyyətində deyilsə, bunu açıq şəkildə bəyan etməlidir ki, Azərbaycan da öz vəzifəsini bilsin!

 

Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda qalam işğal olunmuş rayonlardan çıxarılmasının elan edilməsi ilə eyni vaxtda Azərbaycan Respublikasının Zəngilan rayonunun Ağalı kəndinin əhalisinin İranla sərhədə yaxın ərazilərdə köçürülməsinə başlanmışdır. Bakıya yaxın Masazır rayonunda müharibə qaçqınları Ağalı kəndində İsrail şirkəti tərəfindən tikilən “ağıllı kənd”də yaşayacaqlar.

 

Bildirilir ki, birinci mərhələdə ümumilikdə 41 ailədən 10 ailə iyulun 19-da bu kəndə yola düşəcək. Bu ailələrin hər bir üzvünə iş təklif olunub və onlar bu işləri qəbul ediblər. Ailələr arasında təqaüdçülər, tələbələr, evdar qadınlar, mühəndislər, satıcılar, mühasiblər, mühafizəçilər, bağbanlar, fermerlər, müəllimlər, həkimlər, səhiyyə və təhsil xidməti işçiləri, kiçik biznes sahibləri var. Bu insanlar daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il ərzində dövlət yardımından istifadə edəcəklər.

 

Birinci Qarabağ müharibəsində Zəngilan şəhəri Ermənistan tərəfindən işğal olunana qədər Ağalı 1, 2 və 3 saylı üç kənddə 352 təsərrüfat var idi ki, onlar hazırda “ağıllı Ağalı kəndi”nə birləşdirilib.

 

Bu ağıllı kənddə məskunlaşacaq sakinlər üçün smart texnologiyalarla təchiz olunmuş evlər veriləcək, onların məşğulluğu, təhsili, tibbi-sosial məsələləri aidiyyəti qurumlar tərəfindən həll olunacaq.

 

Bu hadisələrlə eyni vaxtda biz Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin 2022-ci ilin iyulun 17-də Cənubi Qafqazda olmasının və bu ölkələrin rəhbərləri ilə danışıqlarının şahidi olduq.

 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Berns Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə danışıqlarının gedişatını müzakirə edib.

 

Ermənistanın baş naziri Nikol Paşinyan Vilyam Börnslə görüşündə regional və beynəlxalq təhlükəsizlik, o cümlədən terrorizmlə mübarizə, Cənubi Qafqazda cərəyan edən hadisələr və proseslərlə bağlı fikir mübadiləsi aparıb.

 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Bernsin görüşündən 3 gün sonra Ermənistanın baş naziri Paşinyan İrəvanda Rusiya Xarici Kəşfiyyat İdarəsinin (FTX) rəhbəri Narışkinlə görüşüb və danışıb.

 

Həmçinin Bayramovla Mirzoyan arasında görüş Tiflisdə keçirildi və 2022-ci il iyulun 17-də Ermənistan hakimiyyəti ölkənin bütün qüvvələrinin mübahisəli Dağlıq Qarabağ bölgəsindən sentyabr ayına qədər geri çəkiləcəyini bildirdi.

 

2022-ci il iyulun 29-da ABŞ-ın qazın, neftin və benzinin qiymətinin qlobal miqyasda bahalaşmasından və Avropa İttifaqı ilə Bakı hökuməti arasında təbii qazın alınmasına dair yeni razılaşmadan sonra ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransında təbii qaz sazişi ilə bağlı danışıb: “Açığı, biz Avropa İttifaqındakı müttəfiqlərimiz və regiondakı digər tərəfdaşlarımızla, o cümlədən Azərbaycanla enerji təhlükəsizliyi məsələdə çox sıx əməkdaşlıq edirik. Biz bu müddət ərzində sabit qlobal enerji təchizatı görmək istəyirik. Bu, ABŞ və Aİ işçi qrupunun üzərində çox çalışdığı bir şeydir”.

 

Bu arada, 2022-ci il iyulun 28-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və qurumun enerji komissarı Kadri Simson Azərbaycana səfər edərək bu əməkdaşlığı gücləndirmək üçün ölkə prezidenti ilə danışıqlar aparıblar.

 

O, Bakıya səfər etməzdən əvvəl "Twitter" səhifəsində yazıb: "Mən tezliklə bəzi yeni müqavilələr imzalamaq üçün Azərbaycana gedəcəyəm. Rusiya enerji ehtiyatlarından silah kimi istifadə etdiyi halda, enerji idxalının şaxələndirilməsi Avropa İttifaqı üçün prioritet məsələdir. Avropa İttifaqı etibarlı enerji təchizatçılarına doğru irəliləyir”. O, Bakıda olarkən yazırdı: “Məqsədimiz yaxın bir neçə ildə Azərbaycandan Avropa İttifaqına qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan Respublikası qaz təchizatının təhlükəsizliyi və karbon neytrallığına aparan yolda vacib tərəfdaş olacaq”.

 

Azərbaycan 2027-ci ilə qədər Avropaya hər il 20 milyard kubmetr təbii qaz ixrac etməyi planlaşdırır.

 

Bu arada Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib: “Paşinyan-Ərdoğan telefon danışığı münasibətlərin təşkilində daha bir mühüm addım oldu”.

 

Qriqoryanın sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması heç bir ilkin şərt olmadan aparılacaq.

 

Digər tərəfdən, Türkiyə bir daha təklif etdi ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin növbəti görüşü Yerevanda və ya Ankarada keçirilsin.

 

Ermənistan tərəfi hələlik Ankaranın yeni təklifinə cavab verməsə də, Yerevan bundan əvvəl iki ölkə diplomatlarının hərəkəti üçün sərhədlərin açılmasını tələb etmişdi.

 

Qeyd etmək lazımdır ki, Ermənistan və Türkiyə nümayəndələri diplomatik münasibətlərin olmaması, sərhədlərin bağlanması və tərəflər arasında etimadın olmaması səbəbindən onların nümayəndələri Moskva və Vyanada görüşlər keçiriblər. İki ölkə nümayəndələrinin sonuncu görüşü iyulun 10-da Vyanada keçirilib.

 

“Karsgazete” nəşri sərhəd kəndlərinin sakinlərinə istinadən yazıb ki, Türkiyə Ermənistanla həmsərhəd kəndlərdən biri olan İbiş sərhəd kəndi yaxınlığında minalardan təmizləmə əməliyyatları aparır.

 

Qars şəhərində nəşr olunan bu yerli qəzet vətəndaşların iddiasına istinadən bildirir ki, onlar təxminən bir ay əvvəl Ermənistan sərhədindəki İbiş kəndi yaxınlığında İsrail şirkətinin mütəxəssislərinin minatəmizləmə əməliyyatlarında iştirak etdiklərini görüblər. Qəzetin yazdığına görə, hələlik bununla bağlı rəsmi açıqlama verilməyib.

 

Son günlər Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Aİ-nin Cənubi Qafqaz böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın görüşü və onların Avropa İttifaqının prezidenti Çarlz Mişelin vasitəçiliyi ilə Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında imzalanacaq sülh razılaşmaların əldə edilməsi istiqamətində atılan növbəti müsbət addımlardan biridir.

 

Hadisələrin bu yöndə inkişafında ABŞ Nümayəndələr Palatası da boş dayanmayıb və birtərəfli hərəkətdə Milli Müdafiə Səlahiyyəti Aktına (NDAA - H.R.7900) əlavə etmək üçün təklif olunan dörd düzəlişi nəzərdən keçirəcəyini açıqlayıb. Təklif olunan düzəlişlərdə Azərbaycan Respublikası hökumətindən erməni hərbi əsirlərin tezliklə azad edilərək vətənlərinə qaytarılması, həmçinin Türkiyəyə müasir F-16 qırıcılarının satışı şərtlərinin müəyyən edilməsi üçün tədbirlər görülməsi xahiş olunur.

 

Paşinyanla Kalaar arasında keçirilən görüşdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması müzakirə olunan məsələlərdən biri olub.

 

13 iyul/22 iyul tarixlərində Ermənistanın baş naziri Aİ-nin Cənubi Qafqaz böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb, Cənubi Qafqaz regionunda mövcud tendensiyaları, Dağlıq Qarabağdakı vəziyyəti, sülh və sabitliyin bərqərar olmasını təmin etmək üçün həyata keçirilən tədbirlər barədə müzakirələr aparıb. Tərəflər Rusiya Federasiyası Prezidentinin vasitəçiliyi ilə Soçidə və Avropa İttifaqı Şurasının sədrinin vasitəçiliyi ilə Brüsseldə keçirilmiş üçtərəfli görüşlərin nəticələri, habelə sazişlərin icrası prosesi ətrafında da fikir alış-verişində bulunublar.

 

Bu görüşdə hər iki tərəf Azərbaycan ordusunun 44 günlük müharibədən sonra bir çox hissəsinin işğaldan azad etdiyi Qarabağda ermənilərin mədəni irsinin qorunmasına beynəlxalq ictimaiyyətin daim diqqət yetirməsinin vacibliyini vurğulayıblar. Ermənistan tərəfi, nümayəndə heyətlərinin giriş-çıxışını təmin etmək üçün təminat yaradılmasını tələb edib. YUNESKO və beynəlxalq humanitar təşkilatlar Dağlıq Qarabağın mübahisəli ərazilərinə nümayəndələrini göndəriblər. Halbuki, bu təşkilatlar Ermənistanın otuz illik işğal müddətdə Azərbaycanın tarixi, mədəni və dini abidələrinin dağıdılmasının araşdırılmasında heç bir səy göstərməmiş və Ermənistanın beynəlxalq assambleyalarını sorğu-sual etməmişdir!

 

Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi hər iki tərəfin müzakirə etdiyi digər məsələlərdən biri olub.

 

Bu görüşdə Ermənistanın baş naziri də Avropa Şurasının prezidenti Çarlz Mişelin regionda qarşılıqlı anlaşma və sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib.

 

Azərbaycan Respublikasının Prezidenti bu yaxınlarda verdiyi müsahibələrdən birində Ermənistan-Azərbaycan Təhlükəsizlik və Sərhəd Demarkasiyası Komissiyasının növbəti iclasının avqust ayına təyin edildiyini açıqlayıb. Lakin İrəvan hələlik bu məsələyə rəsmən münasibət bildirməyib.

 

İlham Əliyev başqa bir müsahibəsində hökumətinin yeni hərbi texnika, silah və sursat aldığını bəyan edib. O qeyd edib ki, son vaxtlar Ermənistan prezidenti və xarici işlər naziri tez-tez Qarabağda güzəşt əldə etməkdən danışırlar: “Bu çox təhlükəlidir. Bu halda biz də güzəşt istəyə bilərik. 1920-ci ilin noyabrında Azərbaycandan ayrılan Zəngəzur üçün güzəşt istəyə bilərik!”. Əliyev əlavə edib: “Bu ilin altı ayında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində bəzi addımlar atılsa da, təəssüf ki, hələ də real nəticələr əldə olunmayıb və Vətən Müharibəsindən bir il səkkiz ay keçməsinə baxmayaraq, təəssüf ki, Ermənistan hələ də öz öhdəliklərini yerinə yetirməyib, yetirmir”.

  

Bu arada Ermənistan Respublikasının xarici işlər naziri Mirzoyan Yunanıstanın “Kathimerini” nəşrinə müsahibəsində vurğulayıb: “Münaqişənin mövcudluğu sadəcə ona görə dayanmır ki, tərəflərdən biri onun artıq mövcud olmadığını bəyan edir. Onlar ancaq özünü aldatmaqla məşğuldurlar". O, daha sonra əlavə edib: “Bir çox tərəfdaşlarımızın və beynəlxalq təşkilatların, o cümlədən bu məsələdə vasitəçi ölkələrin rəsmi bəyanatları da aydın şəkildə göstərir ki, Dağlıq Qarabağ münaqişəsi hələ də danışıqlar yolu ilə həll olunmalıdır”.

 

Azərbaycan prezidenti İlham Əliyev iyulun 15-24-də Bakıda Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb və Ermənistanla Azərbaycan arasında münasibətlərin təşkili prosesini müzakirə edib. Tərəflər kommunikasiya və iqtisadi yollardakı blokların aradan qaldırılması, Azərbaycanın qarşısında duran vəzifələr, o cümlədən Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan əsərlərinin taleyi ətraflı müzakirə aparıblar.

 

Təhlil:

 

Aydın görünən odur ki, Putinin Ukraynaya təcavüzündən sonra regional və qlobal hadisələr yeni mərhələyə qədəm qoyub. Beləliklə, Cənubi Qafqazda baş verən proseslər və xüsusilə son sülhün əldə olunması da bu şərtlərdən təsirlənir.

 

Kreml etiraf etməsə belə, Rusiyanın Ukraynaya təcavüzündən sonra Cənubi Qafqazdakı mövqeyi zəifləmiş, qüvvələr tarazlığı müəyyən qədər pozulmuş, yaranmış boşluq isə Azərbaycan, Türkiyə və digər Qərb ölkələrinin xeyrinə doldurulmuşdur. Qərbin Rusiyaya tətbiq etdiyi embarqo nəticəsində Avropada yaranan enerji böhranı enerji ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın qaz istehlakçıları üçün əhəmiyyətini artırıb və enerji təhlükəsizliyini diqqət mərkəzinə gətirib. Ona görə də Qarabağda sülhün bərqərar olması üçün ABŞ və Avropanın səyləri artırılacaq və bu baxımdan aktyorların rəqabətinin tərəzisi Azərbaycanın xeyrinə dəyişəcəkdir. Halbuki, Rusiyanın Ukraynaya təcavüzündən əvvəl Qərb üstüörtülü şəkildə Ermənistana və Azərbaycanın işğalına dəstək verirdi. Bu məsələyə görə bir tərəfdən Qərb rəsmilərinin Azərbaycan və Ermənistanla, digər tərəfdən isə Rusiya rəsmilərinin bu iki ölkə ilə təmaslarının artdığının şahidi oluruq. Təbii ki, Qərbə qarşı enerji kartını itirməmək və zəiflətməmək üçün Moskva bu prosesdən qəzəblənir və narahatdır. O, xüsusilə Qarabağdakı sülhməramlı qüvvələrini işə salmaqla, daxildə mümkün böhran yaratmaqla Azərbaycanla Ermənistan arasında gərginlik yaratmağa çalışacaq. (Məsələn: Çərşənbə günü axşam Azərbaycan hərbçiləri Rusiya sülhməramlı qüvvələrinə məxsus avtomobildən icazəsiz silah-sursat daşıdıqlarını aşkar ediblər. Keçid məntəqəsi ərazisində 1 ədəd 82A markalı nəqliyyat vasitəsi və 3 ədəd "Ural” markalı avtomobil aşkarlanıb. Əsgəran-Ağdərə istiqamətində hərəkət edən avtomobil baxışdan sonra dayandırılıb. Avtomobillərdən birinin çarpayısından 5 ədəd AKM Kalaşnikov avtomatı aşkar edilib və qayda pozuntusuna yol verildiyi üçün geri qaytarılıb).

 

Amerika və Rusiya təhlükəsizlik xidmətləri rəhbərlərinin Bakı və İrəvana bir-birindən az məsafədə səfər etməsi iki ölkənin Qarabağdakı proseslərə həssaslığının dərinliyini və bu iki ölkədə təsir imkanlarını artırmaq cəhdlərini göstərir. İranla aparılan nüvə danışıqlarının dalana dirənmək ərəfəsində olduğunu nəzərə alsaq, çox güman ki, Amerika tərəfi Azərbaycan və Ermənistan liderləri ilə İran üçün məhdudiyyətlərin yaradılması və Amerikanın təkliflərini qəbul etmək şərti ilə müzakirələr aparıblar. Tərəflər bu prosesi sürətləndirəcəklərinə, Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq, iki ölkə ilə Türkiyə arasında quru əlaqə yaratmaq və Ermənistanla Türkiyə arasında münasibətləri normallaşdırmaq, sərhədləri açmağa söz veriblər. Ermənistanın Azərbaycan və Türkiyənin blokadasından çıxması ölkənin İrana ehtiyacını azaldacaq. Belə olan halda, Ermənistanın Zəngəzur dəhlizinin yaradılmasına razılıq verməsi ehtimalı da diqqətdən kənarda qalmamalıdır. Belə ki, İrəvan İrandan fərqli olaraq, İranla sərhədini itirməyə o qədər də həssaslıq göstərmir. Belə bir qərar veriləcəyi təqdirdə beynəlxalq hüquqa, ərazi bütövlüyü və milli suverenlik prinsiplərinə istinad edərək, bu hərəkəti öz milli suverenliyi çərçivəsində nəzərdən keçirəcək və İranın bu işə müdaxiləsini beynəlxalq hüquq normalarına zidd olaraq qiymətləndirəcək.

 

Həmçinin regionda enerji qovşağına çevrilmək layihəsini həyata keçirən Türkiyə Azərbaycanın tərəfdarı və NATO üzvü kimi qaza olan tələbatının bir hissəsini Azərbaycandan təmin etmək baxımından Qərbin yanaşmasını izləyir və onu müşayiət edir. Baxmayaraq ki, Rusiya ilə yaxşı münasibətləri var və qazı bu ölkədən idxal edir. Amma sanksiyalara görə Rusiyanın Türkiyənin yanaşmasını dəyişmək üçün effektiv aləti yoxdur. Digər tərəfdən, Türkiyə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının gedişi ilə paralel olaraq, bu ölkə ilə sərhədlərin açılmasını prioritet tutmaqla Ermənistanla münasibətləri normallaşdırmağa çalışır ki, bu razılıq sazişi də eyni vaxtda bağlanmalıdır. Türkiyə əgər bacararsa, Ermənistanda və Cənubi Qafqazda mövqeyini daha da gücləndirəcək və İrandakı mövcud vəziyyətə görə Ermənistan da Amerikanın təzyiqi ilə İrandan uzaqlaşacaq. Odur ki, İranın nataraz və gərginlik yaradan xarici siyasəti və onunla birlikdə kritik vəziyyətlə, böhranla üzləşmiş Rusiya ilə əməkdaşlığı İranın qalan imkanlarını da əlindən alacaq.

 * Məqalə İran diplomatiyası saytında dərc olunub

 Tərcümə etdi: Heydər Oğuz,

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 7 396          Tarix: 3-08-2022, 17:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma