Xəbər lenti

 

Yadınızdadırsa, Prezident İlham Əliyev sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovu işdən çıxarıb onun yerinə təyin Ceyhun Bayramovu edəndə bunu yeni xarici siyasət kursunun başlanğıcı kimi qiymətləndirmişdi. Demişdi ki, bundan sonra biz “hücum diplomatiyası”na keçirik.

 

Böyük Britaniyadakı səfirliyimizə dinçilərin hücumu zamanı biz nədənsə heç bir diplomatımızı meydanda görmədik. Dinçilər asanlıqla səfirliyin balkonuna dırmaşıb Azərbaycan bayrağını çıxararaq yerə atdılar və heç kim buna mane olmağa belə çalışmadı. Budurmu hücum diplomatiyası? 

 

Səfirlik əməkdaşları unutmamalıdırlar ki, hər bir diplomat həm də bir əsgərdir və ya əsgər olmalıdır. Hətta ön cəbhə əsgərləri. Adətən, diplomatların masa arxasında mübarizəsi heç bir nəticə verməyəndə ölkənin maraqlarını qorumaq növbəsi Silahlı Qüvvələrə keçir. Məşhur bir aforizmdə deyildiyi kimi, “diplomatiya bitdiyi yerdə savaş başlayır”. Və yaxud, bunu belə də ifadə edə bilərik: hərb - diplomatların almaq istəyib ala bilmədiklərini zor gücünə həyata keçirmə sənətidir

 

Məsələyə bu aspektdən yanaşanda diplomatların da əslində bir hərbçi olduqları həqiqəti ortaya çıxır. İlham Əliyev “bundan sonra müdaifə diplomatiyasından hücum diplomatiyasına keçirik” deyəndə də əslində diplomatiyanın bir hərb sənəti olmasını nəzərdə tuturdu. Zira hücum və müdafiə anlayışları hərbi terminlərdir.

 

Dərd burasındadır ki, biz səfirlik əməkdaşlarının bu təxribata qarşı nəinki hücum taktikası ilə cavab verdikləri, hətta müdafiə mövqeyi belə tutmadıqları ilə üzləşdik. Halbuki, səfirlik əməkdaşları Azərbaycan bayrağını canları bahasına belə olsa qorumalı idilər. Onların bu təxribata reaksiyası isə Koroğlunun məşhur fikrinə - “igidlik ondur, 9-u qaçıb gizlənmək, 1-i isə ümumiyyətlə gözə görünməmək” prinsipinə daha uyğun idi. Bunu isə yalnız Koroğlu diplomatiyası adlandıra bilərik. Görünür, indiki Xarici İşlər naziri Ceyhun Bayramov və ya Böyük Britaniyadakı səfirimiz Elin Süleymanov həzrətləri Prezidentin “hücum diplomatiyası” təlimatını Koroğlu qəhrəmanlığı kimi başa düşüb.




Ana səhifəyə qayıt        Baxış: 5 779          Tarix: 5-08-2022, 12:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma