Xəbər lenti


Son zamanlar Azərbaycanda namazı Azərbaycan dilində qılmagın gərəkli oldugunu irəli sürənlər var. Bu insanların fikirincə, möminlər namaq qılarkən surələrin, ayələrin mənasını bilmirlər və yaxşı olardı ki, möminlər ibadətlərini öz dilimizdə etsinlər. Əlbəttə, bu təklifə tərəfdar olanlarla yanaşı, qarşı çıxanlar da var.

 

Mövzu ilə baglı politoloq Kamal Əliyevin mövqeyini öyrəndik.

 

Ovqat.com-a danışan müsahibimiz namazın dili ilə bağlı təklifləri şərh edərkən Türkiyə təcrübəsini misal gətirdi: “Əvvala onu deyim ki, namazın sözlərini, azan və iqamənin azərbaycan dilində olmasını irəli sürmək demaqogiyadır və bu, daha çox süni gündəm mahiyyəti daşıyır. Türkiyədə də 1932-ci ildən 1950-ci ilə məscidlərdə azan türkcə verilirdi. Bu, 1950-ci ilə qədər davam etdi. Daha sonra Demokrat partiyası hakimiyyətə gəldi və dövrün baş naziri Adnan Menderes bu qərarı ləgv etdi. 

 

Digər tərəfdən, hər insan öz dilində dua edir, namazın sözlərinə gəldikdə, bunun üçün cəmi 3-4 qısa surəni əzbərləmək lazımdır və bu, o qədər də çətin deyil. Bundan başqa, xristianlar da öz dillərində dua edirlər, ancaq kilsənin ritualları latın, arami və yunan dillərində ifa olunur” - deyə müsahimiz bildirdi.

 

Kamal Əliyevə görə, Azərbaycan ictimaiyyətinin diqqətini bu cür süni gündəmlərdənsə, real məsələlərin müzakirəsinə yönləndirmək daha effektli olar: “Xirtdəyə qədər problemlər içərisindəyik. Demokratiya, dərin sosial-iqtisadi problemlərimiz var, məmur özbaşnalıgı, rüşvət, təhsil, səhiyyə və başqa problemlərimiz var. Qazilər intihar edir, bürokratiyadan əziyyət çəkirlər. Və belə olan təqdirdə, ortaya çıxıb namazın sözlərini Azərbaycan dilində səsləndirməyi təklif etmək mənasızdır. Namazın, azanın sözlərini dəyişməkdənsə, Azərbaycanda dini təhsil sahəsində peşəkarlıga yol verilməlidir, insanlarımızın dini düşüncələrini İranın təsirindən qurtarmaq lazımdır. Mən həmişə demişəm ki, əsas məsələ dini mənbəələrdə, rituallarda yox, dinin insanlara necə təqdim olunmasıdır. Etiraf edək ki, azərbaycanlıların dini dünyagörüşünün formalaşmasında hələ də İrandakı müctəhidlərin, ayətullahların rolu və təsiri var. Biz bunu qırmalıyıq və xalqımızın din anlayışının formalaşmasında Nəcəf və Qum təlqinlərindən deyil, öz milli din xadimlərimizin intellektual gücündən istifadə etməliyik”.

 




Ana səhifəyə qayıt        Baxış: 6 011          Tarix: 14-08-2022, 06:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma