“Düşünməyin ki, mən burada hansısa hücum planlaşdırıram – Belarus ərazisindən Ukraynanı bombalayacağıq və s. Mənim sizin və mənim övladlarımın döyüşməsinə həvəsim yoxdur. Sakitləşmək lazımdır”.
Ovqat.com-un məlumatına görə, Belarus prezidenti Aleksandr Lukaşenko mətbuata açıqlamasında belə deyib.
Onun sözlərinə görə, “əslində Ukrayna müharibə şəraitində deyil. Bu gün bütün NATO bloku və Amerika, ilk növbədə, Rusiya ilə müharibədədir”.
Maraqlıdır ki, Lukaşenko bundan əvvəl tamamilə fərqli fikirdə idi. O, Kiyevi danışıqlar masasına oturmağa və “Rusiyanı təhdid etməməyə” çağırırdı. Belarus liderinin birdən-birə mövqe dəyişməsi bir neçə mühüm səbəblərlə izah edilə bilər.
Əvvəla, bir müddət əvvəl Belarusun Ukrayna ilə sərhədində “Zyabrovka” aerodromunun zenit-raket komplekslərinin və Rusiya qüvvələrinin raketlərinin əhəmiyyətli dərəcədə artması barədə xəbərlər yayılmışdı. Bildirilirdi ki, Belarus prezidenti Aleksandr Lukaşenko bu yaxınlarda tərk edilmiş aerodromu Rusiya hərbi aviasiyasının tam istifadəsinə verib. “Aerodromda 14-dən çox S-400 kompleksi, üç “48Y6 Podlyot” və “KASTA-2E2” radiolokasiya stansiyası yerləşdirilib… Bundan əlavə, Rusiya hərbi təyyarələrinin Qomel hava limanına (mülki olan) raketlər göndərdiyi və həmin silahların oradan Zyabrovkaya daşındığı da məlumdur”, - “Belarus Gayun” teleqram kanalında 2 gün öncə yayılan məluatda deyilirdi.
Məlumata görə, “Zyabrovka” aerodromunda yerləşən rus qüvvələri 24 avqust - Ukraynanın Müstəqillik Günü ərəfəsində Ukraynanı kütləvi raket yağmuruna tuta bilər. Bu isə Belarusun Ukrayna Silahlı Qüvvələrinin hədəfinə çevrilməsi anlamına gəlir. Görünür, Lukaşenko Kiyevin cəbhə xəttini genişləndirmək, Polşa, Baltikyanı respublikaları kimi Şərqi Avropa ölkələrini müharibəyə cəlb etmək məqsədilə Belarusu vurmaq üçün “əsaslı bəhanə axtardığını” düşünüb, məhz bu səbəbdən də həmin məlumatı dərhal yalanlamağa ehtiyac duyub.
Belarusun müharibədən qaçmaq səbəblərindən biri də iqtisadidir. Ukrayna-Rusiya müharibəsindən ən çox zərərçəkənlərdən biri kimi Belarus prezidenti getdikcə məğlub vəziyyətə düşən müttəfiqinin yanında olmaq istəmir, qarşı-qarşıya qaldığı iqtisadi böhrandan bir an öncə qurtulmağa çalışır.
Belarusun indi məqamda ən zəif tərəfi isə ölkə əhalisinin də Lukaşenkoya duyduğu nifrətdir. 2020-ci ildə seçkiləri saxtalaşdıraraq kreslosunu əlində saxlaya bilən Lukaşenko Ukraynadan gələn raketlərlə olan-qalan nüfuzunu da itirə və onun rəhbərlik etdiyi ölkə xaotik duruma sürüklənə bilər. Üstəlik, demokratik yolla siyasi hakimiyyəti dəyişdirə bilməyən Belarus xalqının böyük əksəriyyəti də hazırda davam edən müharibədə qəlbən Ukraynanın yanında yer alır. Hətta öz ölkəsindən qaçıb Ukraynaya sığınan yüzlərlə Belarus bu gün rus işğalçılarına qarşı döyüşlərdə iştirak etməkdən çəkinmir. Bildirilir ki, Ukrayna Silahlı Qüvvələri nəzdində Belarus alayı belə, fəaliyyət göstərir.
“Ukraynaya ilk Belarus könüllüləri hələ 2014-cü ilin yazında vətəndaş müharibəsi başlayanda gəliblər. Həmin vaxt Donbassda, Avdeyevka, Maryinka və Volnovaxa yaxınlığında, Donetsk ətraflarında, Peski uğrunda döyüşlərdə iştirak edən 30-a yaxın könüllüdən ibarət dəstə - “Belarus” Birgə Taktik Qrupu fəaliyyət göstərirdi. Qrup "Sağ sektor"un hərbiləşdirilmiş birləşmələrinin bir hissəsi idi. Belarus vətəndaşları digər hərbi birləşmələrdə - xüsusən Azov batalyonunda da xidmət göstərirdilər. Azov batalyonunun quruculuğunda rol oynayanlardan biri Belarus vətəndaşı Sergey Korotkix idi. NEXTA müxalifət layihəsinin gələcək həmtəsisçisi, belaruslu jurnalist Roman Protaseviç də Azovçuların olduğu yerə gəlmişdi. Ancaq 2014-2015-ci illərdə Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən belaruslar xüsusilə fərqlənmirdilər. Bundan əlavə, onların sayı çox az idi və bu imkan vermirdi ki, ayrıca batalyon yaratsınlar.
Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan sonra vəziyyət dəyişdi. 2022-ci il martın 25-də Ukrayna Silahlı Qüvvələrində ilk iri belarus birləşməsi “Kastus Kalinouski” adına batalyonunun hərbi qulluqçuları and içib fəaliyyətə başladılar. Mərasim "Azadlıq Günü"nə - ilk Belarus milli dövləti sayılan Belarus Xalq Respublikasının (BXR) elan edilməsinin ildönümünə həsr olunmuşdu. Müasir Belarusda bu bayram qeyri-rəsmi sayılır, müxalifət tez-tez Azadlıq Günündə kütləvi həbslərlə başa çatan etiraz aksiyaları keçirirdi”, - Rusiyanın Lenta.ru saytı yazır.
Nəşrin iddiasına görə, Belarus hərbi birləşmələri 1860-cı illərdə Polşa milli azadlıq hərəkatına rəhbərlik etmiş Kastus Kalinovskinin düşüncələrini özlərinin ideologiyasına çeviriblər. Bəs Kastus Kalinovski kimdir və onun ideyası hansı prinsiplərə əsaslanır?
Vinsent Konstasi Kalinovski (Belaruslar onu Kastus Kalinovski kimi tanıyırlar) Polşa milli azadlıq hərəkatının lideri, inqilabçı və publisist, 1863-cü il Polşa üsyanının rəhbərlərindən biri idi. O, başlatdığı qiyam zamanı Belarus və Litva xalqına müraciətlər paylayır, onları Polşa milli azadlıq hərəkatını dəstəkləməyə çağırırdı, çünki müstəqil Polşanın hakimiyyət orqanları belaruslara və litvalılara milli muxtariyyət verəcəkdir. Kalinovski bu müraciətlərində yazırdı: "Polşa məsələsi bizim amalımız, azadlığımızın səbəbidir".
Müasir Belarusda Kalinovski amilinin həm millətçi müxalifət, həm də rəsmi hakimiyyət tərəfindən tanındığını bildirən Lenta.ru müəllifi Dmitri Plotnikov, Ukraynadakı Belarus batalyonunun bu il martın 9-da təsis olunduğunu vurğulayır: “Buraya həm “Belarus” taktiki qrupunun tərkibinə Donbassdakı döyüş əməliyyatlarının iştirakçıları, həm də döyüş təcrübəsi olmayan çağırışçılar daxildir. Sonuncular arasında 2020-ci il etirazlarından sonra Belarusu tərk edən mühacirlər üstünlük təşkil edir, bəziləri isə Qərbi Avropadan və ABŞ-dan gəliblər.
Onların Ukraynaya köçürülməsi ilə Varşavadakı “Belarus Evi” məşğul olur. Bu, Belarus diasporunu birləşdirmək və onun mədəniyyətini Polşada populyarlaşdırmaq üçün 2013-cü ildə yaradılmış mühacir təşkilatıdır; 2020-ci ildən sonra “Belarus Evi”, müxalifət liderlərinin Varşavadakı "qeyri-rəsmi səfirliyi" adlanır.
Bir çox tanınmış müxalifət fəalları da artıq Kalinovski batalyonuna qoşulublar: Zubr hərəkatının, Kray idman-vətənpərvərlik təşkilatının və Gənc Cəbhənin yaradıcısı, Belarus Xristian Hərəkatının (BCD) üzvü Vadim Kabançuk; Gənc Cəbhənin rəhbəri vəzifəsini icra edən Denis Urbanoviç; "Maya Kraina - Belarus" və "Lukaşenkonun bığları" ictimai səhifələrinin yaradıcısı Sergey Bespalov kimi şəxslər.
Belarus alayının rəhbərliyi artıq bəyan edib ki, Ukraynada döyüş əməliyyatlarında iştirak onların fəaliyyətinin yalnız birinci mərhələsi olacaq. 2014-cü ildən Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan Kalinovçuların komandiri Denis Proxorov müsahibəsində bildirir ki, indi onun döyüşçüləri “Ukraynanı, sonra isə Belarusu azad etməyi” planlaşdırır. İndi bu hərbi birləşmədə rəsmən bəyan olunmamış bir tezis var: “Ukraynanı xilas etməklə Belarusu xilas etmək. Və başqa yol yoxdur”.
…Bundan əlavə, alay komandirinin sözlərinə görə, onların başqa məqsədi də var: onlar göstərmək istəyirlər ki, heç də bütün belaruslar ölkə prezidenti Aleksandr Lukaşenkonun siyasətini və onun xüsusi hərbi əməliyyatın keçirilməsində Rusiyaya yardımını dəstəkləmirlər. “Bir çox insan sadəcə qorxur. Məhz Putinin düşmən olduğuna birbaşa inanmayanlar çox azdır”, - Proxorov deyir.
Mayın 21-də Kalinovskinin batalyonunun alaya qədər genişləndirilməsi qərara alındı. Bölmələrin ümumi sayı açıqlanmır, lakin Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin “Belarus batalyonu”nda artıq 1500-ə yaxın adam var.
Belarus legionerləri Ukrayna uğrunda şəhidlər də veriblər. Ukrayna Müdafiə Nazirliyi bəyan edib ki, Kiyev yaxınlığındakı yaz döyüşlərinin nəticələrinə görə Belarus Milli Alayının bir sıra hərbçiləri dövlət mükafatlarına layiq görülüb, o cümlədən biri ölümündən sonra. Belarus müxalifət mediası ölən iki könüllü haqqında məlumat yayıb. Aprelin 12-də Aleksey Skoblya Tur çağırış nişanı ilə Kiyev yaxınlığındakı döyüşlərə görə ölümündən sonra Ukrayna Qəhrəmanı adına layiq görülüb. Ölümündən sonra “Ukrayna hər şeydən üstündür” mükafatı mayın 15-də Lisiçansk yaxınlığında həlak olan Kalinovski alayının rotalarından birinin komandiri Pavlo Volata da layiq görülüb.
Bütün bunlara baxmayaraq, Belarus alayının tam itkiləri barədə dəqiq məlumat verilmir və rəqəmlər açıqlanmır. Komandanlıq sadəcə bildirir ki, alay daim cəbhə xəttində olsa da, itkiləri azdır.
Göründüyü kimi, Ukraynada çox ciddi Belarus legionerləri və müqavimət hərəkatı hazırlanır. Və onlar son hədəflərinin Belarusda döyüşmək olduğunu gizlətmir, Ukrayna savaşına həm son məqsədlərinə çatmaq üçün ilk mərhələ, həm də təcrübələrini artırma meydanı kimi baxırlar. Sözsüz ki, Ukraynadakı atəş Belarusa sıçrayan kimi, onlar da yaranmış xaotik vəziyyətdən faydalanaraq öz ölkələrinə sıza bilərlər. Legionerləri isə orda böyük sosial baza- Lukaşenko zülmündən bezmiş Belarus xalqı da gözləyir. Hadisələrin inkişafı isə onu göstərir ki, Ukraynadakı atəşin Belarusa sıçraması çox da uzaqda deyil.
Ovqat.com
Paylaş: