Qərbi Azərbaycandan olan ziyalıların Göyçə-Zəngəzur Respublikasının yaradılması barədə qərarı cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmadı. Hətta Qərbi Azərbaycan icması belə, bu qərarı bəyənmədiyini bildirən bəyanatla çıxış etdi. Görünən budur ki, cəmiyyətimizdə bu təşəbbüsünün əsl mahiyyəti düzgün anlaşılmır.
Zənnimcə, belə bir təşəbbüsün məhz indi ortaya çıxması təsadüfi deyil. Nədən ki, 44 günlük savaşda məğlubiyyətini etiraf edib kapituliyasiya aktına qol çəkən Ermənistan ABŞ-ın da həvəsləndirməsi ilə indi öz öhdəliklərindən boyun qaçırmağa çalışır, bu da azmış kimi, Qarabağ ermənilərinin öz müqəddaratını təyin etmək hüququndan danışır. Azərbaycanın ərazi bütövlüyünü hədəf alan son fikirlər xüsusilə Qarabağ erməniləri tərəfindən dilə gətirilir. Son zamanlar ABŞ hakimiyyəti də onların bu tezisini dəstəkləməyə yönəlik açıqlamalar səsləndirir.
Sözsüz ki, ermənilərin bu iddialarına əks arqumentlə cavab vermək lazımdır. Ən tutarlı arqument isə bu ola bilər: mənim ərazimdəki ermənilərə hansısa status veriləcəksə, eyni şəkildə Ermənistandan didərgin salınan azərbaycanlılar da öz ata-baba yurdlarına qayıdıb həmin statusla orada yaşamalıdırlar. Bunun üçün isə sözsüz ki, diplomatlarımızın arqumentini gücləndirən tələblər irəli sürülməli, qurumlar yaradılmalıdır. Yəni diplomatlarımızın arqumentləri aşağıdan da dəstəklənməlidir.
Əslində Azərbaycan Ordusunun Göyçə və Zəngəzur ətrafında apardığı əməliyyatların da əsas səbəbi bununla bağlıdır. Bildiyimiz kimi, biz ermənilərə öz ərazimizdən Ermənistana dəhliz verdiyimiz halda, onlar bizə eyni hüququ tanımaq istəmirlər. Açıq şəkildə yalnız bir dəhlizdən söhbət gedə biləcəyini, bunun isə Laçın dəhlizi olacağını bildirirlər. Halbuki, bizim insanlarımızı öz dədə-baba torpaqlarından qovan və faktiki olaraq Azərbaycanın bir hissəsini blokada şəraitində saxlayan ermənilərdir. Blokada vəziyyətində qalan Naxçıvan tez bir zamanda bu problemdən yaxa qurtarmalıdır. Əks halda beynəlxalq vəziyyət bizim əleyhimizə dəyişilən kimi, itirəcəyimiz növbəti ərazi Naxçıvan ola bilər və məndən soruşsanız, Vasif Talıbov zülmü davam etdilkcə, bunun üçün heç erməniyə belə ehtiyac qalmayacaq. Düzdür, Vasif xan problemini Azərbaycan özü həll etməlidir və nədənsə rəsmi Bakı bu istiqamətdə gözlənilən addımları atmır. Amma Naxçıvanı hazırkı ipdən asılı vəziyyətdən qurtarmaq üçün Zəngəzur dəhlizi də mütləq açılmalıdır.
Prinsipcə, ABŞ üçün də bu prinsip yeni və göydən düşmüş deyil. İlk dəfə Zəngəzur dəhlizi ideyası ABŞ politoloqu Pol Qobl tərəfindən 1992-ci ildə irəli sürülüb və o dövrün ABŞ prezidenti ata Corc Buş administrasiyası tərəfindən dəstəklənib. Pol Qoblun həmin vaxt ABŞ Dövlət Departamentinin müşaviri və MKİ-nin sovet və post-sovet ölkələri üzrə ən güclü analitiklərdən biri olduğunu nəzərə alsaq, onun səsləndirdiyi planın əslində Vaşinqtonun balışının altından çıxdığını anlaya bilərik.
Zəngəzur dəhlizinin açılması üçün də bizim Göyçə-Zəngəzur Respublikası ideyasını irəli sürməyimiz lazımdır. Özü də qeyri-hökumət qüvvələri tərəfindən. Necə ki, İrəvan «DQR» fikrinin onlara aid olmadığını, yerli ictimaiyyət tərəfindən irəli sürüldüyünü iddia edir. Zira hansısa dövlətin açıq şəkildə başqa dövlətin ərazisinə iddia etməsi diplomatik masalarda yolverilməz hesab olunur və istər-istəməz beynəlxalq təpkilərə yol açır. Azərbaycan ziyalıları da görünür, rəsmi Bakını belə bir məsuliyyət altında qoymamaq üçün sözügedən təşəbbüslə özləri çıxış ediblər və bunu Azərbaycan ərazisində deyil, Türkiyədə gündəmə gətiriblər. Elədirsə, onları süngü ilə qarşılayanların qarın ağrısını anlamaq olmur. Niyə Azərbaycan diplomatlarının əlində ermənilərin qarşısına qoymağa yeni arqumentlərin hazırlanmasına imkan vermirik? Axı Qarabağ məsələsi artıq dünya gücləri tərəfindən açıq şəkildə gündəmə gətirilir və Azərbaycan da danışıqlar masasına əl dolu getməlidir.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: