"Sabah Asiya Platforması çərçivəsində Türkiyə prezidenti Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü olduqca əhəmiyyətlidir. Əvvəla, təkcə Rusiya deyil, eyni zamanda,Türkiyə də Fransanın Qaraba məsələsində təşəbbüs göstərməsindən narahatdır. Praqada keçirilən dördtərəfli görüşdən sonra Fransanın Azərbaycan-Ermənistan sərhədində müşahidə missiyasına Moskva etiraz edib. Əminəm ki, Ankara da fransız müşahidə missiyasının Ermənistanda 2 ay müddətində fəaliyyət göstərməsində maraqlı deyil».
Tanınmış politoloq Kamal Əliyev Ovqat.com-a açıqlamasında belə deyib.
Fransanın son zamanlar Qarabağ problemi ilə əlaqədar canfəşanlığını şərh edən K.Əliyevin fikrincə, həm Moskva, həm də Ankara Paşinyanın hiyləgərcəsinə Qərbi Cənubi Qafqaza çəkməsinə isti yanaşmırlar. «Ankara və Moskva hesab edirlər ki, Qarabağda davamlı sülhü onlar təsis edə bilərlər. Bu baxımdan, sabah (artıq bu gün) Ərdoğan-Putin görüşü kritik olacaq və hətta müəyyən rəsmi və yaxud qeyri-rəsmi razılaşmaların da olacagını istisna etmirəm. Bilirsiniz ki, Astanada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin də görüşü keçiriləcək. Ancaq mənim üçün ən maraqlı məsələlərdən biri də Ermənistanın baş naziri Nikol Paşinyanın Astanaya gedib getməməsidir. Əgər Nikol Astanaya getməyəcəksə,bu,mənim üçün təəccüblü olmayacaq».
Kamal Əliyev Fransanın son vaxtlar Qarabağ problemi ətrafında xüsusi can-fəşanlıqlığına da şübhə ilə yanaşır. Həmsöhbətimiz deyib ki, Praqadakı dördtərəfli görüşdən sonra ermənilərin müəyyən müsbət fikirlər səsləndirməsinə baxmayaraq, Paşinyan hökuməti hələ də dırnaqarası "Artsax" mövzusunu gündəmə gətirir.
"Ermənistan hökuməti deyir ki, Azərbaycan gedib Xankəndidəki separatçı tör-töküntülərlə müzakirə aparsın. Bu, növbəti erməni hiyləgərliyidir və münaqişənin tarixində biz erməni rəhbərlərinin də eyni ritorikadan dəfələrlə istifadə etdiyini görmüşük. Ikincisi, bu ayın 15-də Fransa Senatında hansısa məsələni müzakirə edəcəklər. Fransa senatı Xankəndidə humanitar missiya yaratmaq istəyir. Deyə bilmərəm ki,Fransanın bu niyyəti reallaşacaq. Çünki,Qarabağdakı separatçı rejim Rusiyanın nəzarətindədir. Güman edirəm ki, ruslar buna imkan verməyəcək. Biz Fransa Senatını 44 günlük Vətən müharibəsindən çox yaxşı tanıyırıq. Bu, həmin Senatdır ki, müharibə zamanı Qarabağdakı separatçı rejimin müstəqilliyini tanımaga çağıran qətnamə qəbul etmişdi. İndi Paşinyan hər vəchlə çalışır ki, Fransanı Qafqaza gətirsin. Fransanın isə necə ermənipərəst olduğunu biz həm görmüşük. Buna qətiyyən imkan vermək olmaz", - deyə Kamal Əliyev fikirlərini yekunlaşdırıb.
Nicat Əlili
Paylaş: