Xəbər lenti
Bu gün, 19:25

 

 

"Türkiyə ilə S-400 hava müdafiə sistemlərinin alışıyla bağlı müqavilədə texniki mövzuların hamısına aydınlıq gətirilib. Geriyə yalnız inzibati və maliyyə mövzuları qalıb”.

Ovqat.com xəbər verir ki, bunu Rusiya hərbi sənaye şirkəti “Rostek”-in rəhbəri (CEO-su) Sergey Çemezov bildirib.

Moskvada keçirilən "MAKS 2017" havaçılıq sərgisində jurnalistlərin suallarını cavablandıran Çemezovun bildirdiyinə görə, müqavilənin imzalanması üçün iki ölkə hökumətinin bəzi qərarlar verməsi lazımdır.

Sergey Çemezovun bu fikirlərini bir müddət əvvəl istər Rusiya, istərsə də Türkiyə rəsmilərinin açıqlamaları da təsdiqləyir. Mövzuyla bağlı ilk açıqlama Rusiyanın hərbi ixracat şirkəti “Rosoboronexport”-un icraçı direktoru Aleksandr Mixeyevdən gəlmiş və o, S-400 raketlərinin alınması məsələsində  razılığın təmin edildiyini söyləmişdi. Mixeyevin qəti üslubla ifadə etdiyi bu məlumatın detallarına isə Türkiyənin Milli Müdafiə naziri Fikri İşıq aydınlıq gətirmiş, müqavilənin hələ bağlanmadığını, sadəcə imzalanma mərhələsində olduğunu vurğulamışdı. Sergey Çemezovun etirafları da bu açıqlamaların davamı kimi görünür. Nəzərə alsaq ki, S-400 raketlərini satmaq Rusiyanın həm hərbi, həm ticari maraqlarına uyğundur, bu alqı-satqının “qırsaqqız” kimi uzanmasında Türkiyənin tərəddüdlərinin mühüm rol oynadığı ortaya çıxır.

Ankaranın bu tərəddüdlü davranışları, əlbəttə, səbəbsiz deyil. NATO üzvü və ABŞ-ın hərbi müttəfiqi olan Türkiyənin S-400-ləri alması ciddi risklər tələb edir. Başlıca risk isə ölkənin NATO çərçivəsində tamamilə sıxışdırılmaq ehtimalı ilə əlaqədardır. Təsadüfi deyil ki, ABŞ rəsmiləri dəfələrlə Türkiyəyə S-400 raketlərini almamaq tövsiyyəsində bulunmuş və öz fikirlərini bir neçə arqumentlə əsaslandırmışdılar. Əsas arqument isə bu silahların NATO sisteminə uyğunlaşdırılması ilə bağlıdır.  Baxmayaraq ki, NATO-nun digər üzvləri Almaniya, Yunanıstan, Bolqarıstan, Rumıniyanın da əlində eyni silahın daha zəif modeli –S-200-lər var və onları Alyansın hərbi sisteminə uyğunlaşdırmaq çətin olmayıb. Türkiyənin alacağı S-400-lər daha modern və “ağıllı” olduğundan, məntiqlə, bu sahədə də heç bir problem yaşanmamalıdır. Belə çıxır ki, ABŞ rəsmilərinin irəli sürdüyü arqumentlər bəhanədən başqa bir şey deyil.

ABŞ rəsmiləri arasında bu bəhanəni ən son irəli sürən müdafiə naziri  James Mattis, S-400 raketləri alacağı təqdirdə, Türkiyənin NATO ilə əlaqələrinin  və əməkdaşlıq imkanlarının pozulacağını dilə gətirmiş, bir növ, qardaş ölkəni təhdid etmişdi. Maraqlıdır ki, bu cür reaksiyalar daha əvvəllər də gəlmiş və Türkiyə Çinlə bağlanmaq istədiyi  müqavilədən geri çəkilmək məcburiyyətində qalmışdı. Halbuki, həmin müqavilədə qardaş ölkənin havadan müdafiə sistemləri ehtiyaclarının yerli imkanlarla təmin edilməsi nəzərdə tutulurdu. Müqaviləyə əsasən, raketlər Türkiyənin silah fabriklərində hazırlanacaq və onların hissələrin ən azı yarısı yerli imkanlarla istehsal olunacaqdı. Bu isə Türkiyə hərbi sənayesinin modernizə edilməsi, yaxın və orta mənzilli raket istehsal edəcək vəziyyətə gətirilməsi demək idi. Çemezovun açıqlamasından isə belə çıxır ki, Rusiyayla bağlanacaq S-400 müqaviləsində bu məqam nəzərdə tutulmayıb. Zira o, öz açıqlamasında Türkiyənin bu tip silahlar istehsal etmək üçün xeyli investisiya yatırmasının vacibliyini və bunun Ankara baxımından rentabelli olmayacağını bildirib. Kim bilir, bəlkə Türkiyənin tərəddüdlərinin arasında “qonşuya ümid olan şamsız qalar” məntiqi də rol oynayıb və ya oynamalıdır.

İnsafən, Türkiyənin istər Çin, istərsə də Rusiyayla bağlamaq istədiyi müqaviləyə ABŞ-ın bu qədər qarşı çıxması başa düşülən deyil. Nədən ki, Türkiyə 4 tərəfdən düşmən əhatəsindədir-ölkənin şərq sərhədlərində 3 min km mənzilli raketləriylə ciddi təhdid kimi dayanan İran, cənubunda rus raketləriylə silahlanan Suriya, qərbində Türkiyəylə gərgin münasibətlərdə olan Yunanıstan, şimalda Rusiya və rusun qoltuğuna sığınıb diş qıcayan Ermənistan. Bu qədər düşmənlə birgə yaşamağa məcbur olan Türkiyənin havadan müdafiə sistemlərinə böyük ehtiyacı var.

Üstəlik, cənub sərhədlərində yaşanan bölgənin yenidən formalaşdırılması prosesi də Türkiyəni narahat etməyə bilməz. Qardaş ölkə hər an istənilən sürprizlərə hazır olmalı, öz milli maraqlarının keşiyində ayıq-sayıq dayanmalıdır. Bunu isə müasir silahlar olmadan, sadəcə canlı hərbi qüvvələrə söykənərək təmin etmək mümkün deyil.

Xeyli çətin vəziyyətlə qarşı-qarşıya qalan Türkiyəyə isə müttəfiqləri arzulanan dəstəyi vermirlər. Bunun ən bariz nümunəsini biz iki il bundan əvvəl rus təyyarəsinin vurulmasıyla  başlanan gərginlik zamanı müşahidə etdik. O zaman başda Hollandiya və Almaniya olmaqla, NATO qüvvələri Türkiyəni hava hücumlarından qoruyan “Patriot”larını götürüb müxtəlif bəhanələrlə aradan çıxmış, faktiki olaraq qardaş ölkə tam əliyalın şəkildə rus təhdidilə qarşı-qarşıya qoyulmuşdu. Bu gün Polşada, Bolqarıstanda, Macarıstanda öz havadan müdafiə sistemlərini quran ABŞ da Türkiyənin köməyinə gəlməmişdi.

İndiki kritik zamanda Ankaranın Moskvayla bağlamağa hazırlaşdığı S-400 müqaviləsi ən azı iki rəqib tərəfin arasındakı münasibətləri yaxşılaşdırar, hətta silahdan istifadə emədən ən böyük təhlükələrdən biri zərərsizləşdirilər. Bu mənada S-400 müqaviləsi özü-özlüyündə belə, Türkiyə üçün regional təhdid sığortasıdır.

Fəqət o da istisna deyil ki, ABŞ-ın bu “sığortaya” qarşı çıxması məsələnin mahiyyətini Türkiyənin  əleyhinə dəyişə bilər. Belə ki, 400 km vuruş, 30 km yuxarıya uçuş mənzili olan S-400-lər istənilən təhlükəni özü təyin edib, dərhal hərəkətə keçir. Amma bu üstünlük ona sahib ölkələri terrorçu qrupların iqtisadi sabotajına da məruz qoya bilər. Zira Türkiyəyə zərər vurmaq istəyən terrorçu qruplar 200 dollara başa gələn kiçik raketləri atmaqla bu tipli bahalı müdafiə sistemlərini hərəkər keçirmək qabiliyyətinə malikdir. Atılan hər mərmi isə ölkənin müdafiə sisteminin boğazından kəsilən vəsait deməkdir. Sözügedən təxribatlara məruz qalacağı gözlənilən Türkiyə iqtisadi itkilərinin qarşısınıa almaq üçün S-400 sistemini söndürülə, beləcə, bu sistem faktiki olaraq fəaliyyətsiz hala gətirilə bilər.

Sirr deyil ki, Suriyanın şimalında PKK terrorçularını açıq şəkildə dəstəkləyən ABŞ-ın bu təxribat imkanları kifayət qədər mövcuddur. Üstəlik, kürd separatçılarından hərbi-iqtisadi sabotaj kimi istifadə edilməsi Şimali Suriyada bulunan və Türkiyəyə S-400 silahlarını satan Rusiya üçün də sərfəlidir. Nədən ki, atılacaq hər raket mərmisi yenidən alınmalı və yeri doldurulmalıdır.  Görünür, Türkiyəni tərəddüdə salan əsas amillərdən biri də budur.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 1 415          Tarix: 19-07-2017, 12:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma