Xəbər lenti

  

“Türkiyə ilə 5-ci nəsil döyüş təyyarəsi istehsal etməyi düşünürük. Bu sahədə Türkiyədə lazımi infrastruktur mövcuddur".

Ovqat.com xəbər verir ki, bu açıqlamanı rus hərbi sənaye şirkəti “Rostek”in sədri (CEO) Sergey Çemezov verib.

Anadolu Agentliyi müxbirinin “Türkiyə ilə birgə S-400 havadan müdafiə sistemləri istehsal etmək barədə fikirləşirsinizmi” sualını cavablandıran Çemezov bunun rəsmi Ankara üçün asan olmadığını bildirib.

 Onun sözlərinə görə, Rusiya S-400 sistemlərini birlikdə çıxarmağa hazırdır, amma qarşıda Türkiyədən qaynaqlanan bəzi maneələr var:

 “Türkiyənin bu sahədə mütəxəssis və infrastruktur çatışmazlıqları mövcuddur. Sizin daha əvvəl belə bir istehsalınız yoxdursa, hər şeyi sıfırdan başlamaq iqtisadi baxımdan çox rentabelli olmaz. Çox böyük miqdarda investisiya qoyub heç bir şey əldə etməmək ehtimalı da istisna deyil. Bu məsələ iqtisadi baxımdan hər tərəfli qiymətləndirilməlidir”.

Bununla belə, Türkiyənin 5-ci nəsil hərbi təyyarə istehsalı üçün gərəkli alt bazaya malik olduğunu etiraf edən Çemezov fikrini belə əsaslandırıb: “Türkiyə indiyə qədər öz təyyarələrini özü montaj edib. Bütün bu imkanlardan faydalanaraq, onunla birgə modern təyyarələr istehsal edə bilərik".

Qeyd edək ki, jurnalistin birgə S-400 istehsalı ilə bağlı sualı havadan doğmayıb. Ötən cümə axşamı günü Rusiya prezidenti Vladimir Putin “indiyədək heç bir ölkə ilə  birlikdə S-400 havadan müdafiə sistemləri istehsal etmədiklərini, amma həyatda heç nəyin də mümkünsüz olmadığını” bildirmişdi. Putinin bu sözlərindən sonra bütün gözlər son zamanlar isinişən Türkiyə-Rusiya əlaqələrinə yönəlmişdi. Nədən ki, Putinin bu sözləri haralarasa mesaj kimi qəbul olunmuşdu.

 Türkiyənin uzun illərdən bəri milli raket sənayesini qurmağa çalışdığı və öz təhlükəsizliyini qorumaq S-400-lərə göz dikdiyi bilindiyindən, Putinin bu açıqlamasından sonra ağla ilk gələn ortaq rəsmi Ankara olmuşdu.




Ana səhifəyə qayıt        Baxış: 2 298          Tarix: 3-06-2017, 23:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma