Xəbər lenti


Ukraynanın Rusiya ilə müharibədə tank tədarükü ilə bağlı çağırışlarına tərəfdaşları müsbət cavab verməyiblər.

 

Ovqat.com-un məlumatına görə, dünən Ukraynanın yaxın tərəfdaşları sayılan 50 ölkənin Müdafiə nazirlərinin Almaniyanın Ramşteyn şəhərindəki Amerika bazasında toplantısındakı müzakirələr faktiki olaraq nəticəsiz başa çatıb.

 

Qeyd edək ki, rəsmi Kiyev Rusiya ilə müharibə sahəsində qüvvələr balansını təmin etmək üçün Qərb ölkələrini ona ağır tanklar, xüsusilə də Almaniya istehsalı olan “Leopard 2” tanklarını verməyə çağırmışdı. Bu çağırışa Polşadan müsbət cavab gəlsə də, onun və digər ölkələrin arsenallarındakı “Leopard 2”ləri Ukraynaya vermək üçün Almaniyanın icazəsi tələb olunurdu. 

 

Yeri gəlmişkən, Polşa Ukraynaya 14 ədəd “Leopard 2” tankı verə biləcəyini açıqlamışdı. Berlin isə bu tələbə istəksiz yanaşır, bunun üçün ilk növbədə ABŞ-ın da Ukraynaya öz Abrams tankını verməsini şərt qoşurdu. Tərəfdaşlar arasında ilk fikir ayrılığının əsası belə qoyulmuşdu.

 

Məlumata görə, Kiyevin bu tələbini müzakirə etmək üçün toplanan müdafiə nazirlərinin iclası bu məsələdə mövqelər haçalandığından hər hansı qərar qəbul edilmədən başa çatıb.

 

Faktı Almaniyanın yeni təyin olunmuş Müdafiə naziri Boris Pistorius da təsdiqləyib. Boris Pistorius dünən “Feniks” telekanalına verdiyi açıqlamada bildirib ki, Almaniyanın Ramşteyn şəhərindəki Amerika bazasında Ukraynaya əlavə yardımın müzakirə edildiyi toplantıda iştirak edən müdafiə nazirləri “Leopard 2” tankları ilə bağlı hələlik heç bir qərar qəbul etməyiblər.

 

““Leopard”larla bağlı qərarın nə vaxt veriləcəyi və bunun necə olacağı hələ məlum deyil”, - deyən Pistoriusun sözlərinə görə, toplantıda həm tədarükün lehinə, həm də əleyhinə arqumentlər səsləndirilib və bu məsələdə ortaq məxrəcə gəlinməyib. Nazir əlavə edib ki, yalnız Almaniyanın tank göndərilməsinin əleyhinə olduğu təəssüratı doğru deyil.

 

Qərb dövlətlərinin tez bir zamanda ortaq mövqeyə gəlməyə çalışacaqlarına inanan Pistorius əlavə edib ki, səhər o, mövcud “Leopard” tanklarının mövcudluğunu və vəziyyətini yoxlamağı əmr edib. Bu, koalisiya nə vaxtsa Kiyevə döyüş tankları göndərmək qərarına gəlsə, Almaniya da “mümkün olduğu qədər tez hərəkət etməyə” çalışacaq.

 

Bununla belə, “Almaniyanın Ukraynanı dəstəkləmək səylərini zəiflətməyəcəyini” deyən Pistorius vurğulayıb ki, Qərbin yardımı Kiyevin “xüsusi ehtiyaclarına yönəldilməlidir”. Nazirin fikrincə, indiki vəziyyətdə Ukraynaya tank yox, hava hücumundan müdafiə sistemləri lazımdır. O xatırladıb ki, artıq yanvar ayından etibarən Almaniya Ukraynanın tələbatı istiqamətində mühüm addımlar atıb; ukraynalı hərbçilər Almaniyadan “Patriot” hava hücumundan müdafiə sistemi almağa başlayıblar və Berlin Kiyevə tədarük edəcəyi “Marder” zirehli transportyorlarının idarə olunması üzrə onlara müvafiq təlimlər keçəcək. Nazir həmçinin bildirib ki, Almaniya Kiyevə hərbi yardım üçün ümumi xərcləri təxminən 3,3 milyard avro dəyərində vəsait ayıracaq.

 

Ukraynadakı vəziyyəti “son dərəcə dramatik” adlandıran nazirin fikrincə, münaqişə hələ aylarla davam edəcək.




Ana səhifəyə qayıt        Baxış: 5 534          Tarix: 21-01-2023, 06:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma