![](/templates/Wmediat51/images/vetendash.jpg)
Qərb ölkələri Ukraynaya ən müasir tanklarını və digər hərbi texnikalarını göndərir. Təbii ki, bu durumda Rusiya da baş verənlərə laqeyd qala bilməz, əlinə keçən nə varsa cəbhəyə göndərməlidir. Necə deyərlər, “kasıbın olanından”.
Ovqat.com-un məlumatına görə, Rusiyanın cəbhə xəttinə göndərdiyi “tankeştayn”lar isə görənləri ümumiyyətlə heyrətə düşürüb. Sovet dövründən qalma gəmi qülləsini köhnə zirehli maşına montaj edilərək yaradılan bu tip “tank”ların görüntüsü xeyli müzakirələrə səbəb olub. Hər kəs onun nə silahı olduğunu təyin etməyə çalışıb. Böyük Britaniyanın (Böyük Britaniya) aparıcı qəzetlərindən olan "Telegraph" bu əcaib texnikanı "tankestein" (tankeştayn) adlandırıb.
Görüntülərin harada və nə vaxt çəkildiyi bilinməsə də, hərbi texnikadakı qüllənin sovet dövründə döyüş gəmilərində istifadə edilən 25 millimetrlik qoşa lüləli zenit silahı olduğu bildirilir. İddiaya görə, bu qüllə yenə sovet dövründən qalma MT-LB model amfibiya zirehli transportyoruna quraşdırılıb. Saatda 60 kilometrə qədər sürətlə gedən zirehli maşının 1960-cı illərdə istehsal edildiyi güman olunur. Hətta “tankeştayn”ların bəzi hissələrinin 1945-ci ilə aid ola biləcəyi düşünülür.
Böyük Britaniyada fəaliyyət göstərən kəşfiyyat və geosiyasi risk analizi firması “Sibylline”nin əməkdaşı Kastin Kramp tankeştaynın görüntülərini şərh edərkən bildirib ki, Kreml tükənmiş resurslarından qənaətlə istifadə etməyə çalışır və funksional olaraq çox köhnə hərbi texnikaları belə cəbhəyə göndərir.
İngiltərə ordusunun istefada olan tank komandiri Hamiş de Bretton-Qordon isə Rusiya “tankeştayn”larını Suriyada İŞİD-in əlində oxşar texnikalarla müqayisə edib: “Bir nömrəli hərbi qüdrət adlandırılan bir ölkənin Əl-Qaidə və İŞİD kimi terror təşkilatlarına bənzər avadanlıqları toplaması Rusiya ordusunun hansı təhlükəli vəziyyətdə olduğunu göstərir”.
İngiltərə Müdafiə Nazirliyi bazar ertəsi yaydığı bəyanatda zirehli texnikaları müharibədə ciddi şəkildə darmadağın olan Rusiyanın yaydan bəri cəbhəyə cəmi 800 ədəd T-62 model tank göndərə bildiyini iddia edib. Nazirliyin fikrincə, 60 illik tanklar anbarlardan çıxarılaraq yeni silahlarla təchiz edilib. İddiaya görə, ilk dəfə 1954-cü ildə istifadə edilən BTR-50 model sovet amfibiya zirehli texnikalarının belə Ukrayna cəbhəsində istifadə edildiyinin müəyyənləşdirilib.
Paylaş: