İkinci dünya müharibəsindən bu yana böyük güclər arasında ciddi döyüşlərin olmamasına baxmayaraq, dünyanın mövcud hərbi-siyasi mənzərəsi üçüncü qlobal konfliktin əsasının qoyulması üçün zəmin yaradır.
Növbəti qlobal münaqişə - 3-cü dünya müharibəsinin başlanması üçünsə 3 əsas istiqamət var. Bu haqda söz açacağıq.
Qərb mətbuatı yazıb ki, 2-ci dünya müharibəsindən sonrakı post müharibə Avropası sülhə, sosial ədalətə və harmoniyaya can atıb.
Lakin bu proyektləri millətçilik müşayiət edib və bu zərərli vərdiş Avropanın sülh platformasını aradan qaldırır. Buna görə də, artan millətçilik fonunda Avropada qanlı münaqişələrin olacağı riski artır.
Perspektivdə böyük güclər arasında konflikt soyuq müharibə formasını ala bilər, bundan sonra qaynar münaqişəyə keçid etməsi isə mümkündür.
Bəs supergüclər müharibəyə necə hazırlaşır?
İlk növbədə demək lazımdır ki, böyük silahlanma yarışında qütblərin birinin başında Amerika, digərində isə Rusiya dayanır. Silahlanma periodunda supergüclərlə yanaşı, digər ölkələr də aktivlik göstərir. İndi isə böyük dövlətlərin hərbi arsenalı barədə ən son məlumatları təqdim edək.
Rusiya – Vladimir Putinin hakimiyyətə gəlişindən sonra dünya arenasında “ikinci SSRİ” imicini yarada bildi desək, yanılmarıq. Rusiyanı bu qədər qürrələndirən əsas məsələ onun hərbi gücüdür, digər parametrlərə görə isə, Rusiya dünyanın ən inkişaf etmiş ölkələrini üstələyə bilmir. Amma Moskvanın güc nümayiş etdirməsini başa düşməmək də sadəlövhlük olardı, çünki dünya hazırda müharibəyə hamilədir – bu mənada hərbi gücün olarsa, proseslərə yön verə bilərsən ya da asanlıqla diktə etmək gücünü özündə taparsan.
Rusiyanın aktiv hərbi personalı 1 milyon 27 min nəfərdir. Ən son məlumatlara görə, Rusiyanın balansında 31305 zirehli döyüş texnikası, 15402 tankı var. Özü hərəkət edən hərbi texnikaların sayı isə 5974-dür. 4633 top artilleriyası və 3797 reaktiv yaylım atəşi sistemləri var.
İndi isə Rusiyanın hərbi hava qüvvələrinin arsenalında olanlara diqqət yetirək.
Rusiyanın 3437 hərbi təyyarəsi var – bunun da 772-si döyüş təyyarəsidir, 464 döyüş helikopterlərinə sahibdir. Digərləri isə təlim və daşıma xidmətlərini həyata keçirir.
Hərbi dəniz qüvvələri də say və güc baxımından göz oxşayır. Rusiya hərbi dəniz qüvvələrinin balansında 355 gəmi var. Bunlardan biri döyüş təyyarələrini daşıyır.
4 freqatı, 12 dağıdıcı döyüş gəmisi, 12 korveti, 55 sualtı gəmisi, 66 sahil-mühafizə gəmisi, 35 mina daşıyan gəmisi var.
Bundan başqa Rusiya dünya ən müasir qitələrarası ballistik raketlərə, qanadlı raketlərə, hava hücumundan müdafiə sistemlərinə malikdir – elə NATO və onun müttəfiqlərini də vahiməyə salan əsas səbəb budur.
Çin
Çin ordusunun şəxsi heyəti daha çoxdur – aktiv hərbi personalı 2 milyon 337 min nəfərdir. Tanklarının sayına görə, Çin Rusiyadan geridə qalır (9162).
Özüyeriyən texnikalar 1712, artilleriyası 6249, reaktiv yaylım atəşi sistemləri isə 1773-dür.
Ümumi hərbi təyyarələrinin sayı 2863-dür ki, bunun da 1068-i döyüş təyyarəsidir. Çinin hərbi hava qüvvələrində 909 helikopter var – bunun da cəmi 198-i döyüş helikopterləridir.
Çin hərbi dəniz qüvvələri bəzi göstəriciləri də təqdim edirik:
667 hərbi gəmi. 1 təyyarədaşıyan gəmi, 48 freqat, 25 döyüş gəmisi, 24 korvet, 69 sualtı gəmi, 12 sahil-mühafizə gəmisi, 6 minadaşıyan gəmi. Çində də ən müasir ballistik raketlər və hava hücumundan müdafiə sistemləri mövcuddur.
Şimali Koreya
Amerika üçün böyük təhlükə mənbəyi olan Şimali Koreya ordusunun 1 milyon 195 min aktiv şəxsi heyəti var. 4208 tank, 4111 zirehli döyüş texnikasına, 2247 özüyeriyən texnikaya sahibdir. Reaktiv yaylım atəşi sistemlərinin sayı isə 2417-dir.
Hərbi hava qüvvələrinin balansı isə belədir: 458 döyüş təyyarəsi, 20 döyüş helikopteri və digərləri.
Şimali Koreyanın hərbi hava qüvvələri:
Ümumilikdə 947 hərbi təyyarəsi, 204 helikopter - 458 döyüş təyyarəsi, 20 döyüş helikopteri.
Hərbi dəniz qüvvələri:
976 hərbi gəmisi var. Lakin Şimali Koreyanın bir dənə də olsun təyyarədaşıyan gəmisi yoxdur. 3 freqatı var. Öz hərbi gücü ilə lovğalanan Şimali Koreyanın Rusiya, Amerika, Çin hətta İrandan fərqli olaraq dağıdıcı gücə malik olan gəmiləri də yoxdur.
2 korveti, 70 sualtı gəmisi, 213 sahil-mühafizə gəmisi, 24 minadaşıyan gəmisi var. Şimali Koreya Rusiya, Çin, kimi nüvə silahına malikdir.
Müsəlman dünyasının lider ölkələrindən biri olan İranın hərbi arsenalı elə də zəif deyil. İranın aktiv hərbi personalı 550 min nəfər civarındadır. Ehtiyatda olan hərbçilərin sayı isə 1 milyon 835 min nəfərdir.
İranın hərbi balansında olanları təqdim edirik:
1661 tank, 1318 zirehli texnika, 327 özüyeriyən silah, 1476 reaktiv yaylım atəşi sistemi, 138 döyüş təyyarəsi, 12 döyüş helikopteri, 405 hərbi gəmi, 6 freqat, 3 korvet, 33 sualtı gəmi, 257 sahil-mühafizə gəmisi, 5 minadaşıyan gəmi. Lakin İranı geridə qoyan bir məqam var - onun təyyarədaşıyan gəmisi yoxdur.
Avropa ölkələrindən İtaliyanın isə aktiv hərbi personalı 326 min nəfərdir.
İtaliyanın 589 tankı, 6975 zirehli texnikası, 167 özüyeriyən silahı, topu, 21 reaktiv yaylım atəşi sistemi, 113 döyüş təyyarəsi, 59 döyüş helikopteri, 2 təyyarədaşıyan gəmisi, 13 freqatı, 4 dağıdıcı gəmisi, 5 korveti, 6 sualtı gəmisi, 12 sahil-mühafizə gəmisi, 11 minadaşıyan gəmisi var.
Fransa – aktiv hərbçilərin sayı 208 min.
Fransa 426 tank, 6867 zirehli döyüş texnikası, 325 özüyeriyən silah, toplar, 44 reaktiv yaylım atəşi sistemi, 284 döyüş təyyarəsi, 48 döyüş helikopteri, 4 təyyarədaşıyan gəmi, 11 freqat, 11 dağıdıcı gəmi, 10 sualtı gəmi, 20 sahil-mühafizə gəmisi, 18 minadaşıyan gəmiyə sahibdir. Fransanın balansında korvet yoxdur.
Böyük Britaniyanın 153 min hərbçisi var.
Britaniyanın balansında olanlar:
411 tank, 5961 zirehli döyüş texnikası, 91 özüyeriyən silah, toplar, 47 reaktiv yaylım atəşi sistemi, 93 döyüş təyyarəsi, 67 döyüş helikopteri, 1 təyyarədaşıyan gəmi, 13 freqat, 6 dağıdıcı gəmi, 10 sualtı gəmi, 29 sahil-mühafizə gəmisi, 17 minadaşıyan gəmi.
Maraqlıdır ki, Böyük Britaniya kimi supergücün korveti yoxdur.
Gələk Amerika Birləşmiş Ştatlarına. ABŞ dünyada iqtisadi göstəricilərinə görə əsas rəqibi Rusiyanı əməlli-başlı geridə qoyur. Amerikanın supergüc olmasını təsdiqləyən başqa bir fakt budur ki, Vaşinqtonun iqtisadi gücü ilə yanaşı, çoxlu müttəfiqləri də var – Rusiya isə özünə daha çox düşmən qazanır ki, bu da Moskvanın öz zərərinə işləyir.
Amerika bəzi hərbi göstəricilərə görə, Rusiyadan geri qalır – tank istehsalı, hava hücumundan müdafiə sistemlərinin, ballistik raketlərin parametrlərinə görə.
Son on illikdə ABŞ-da tank istehsalı aşağı səviyyəyə düşüb. Ölkədə tank istehsal edən yeganə müəssisə Ohayo ştatındakı Lima zavodudur. Bu zavod ildə cəmi 12 “Abrams” tankı buraxır.
Lakin Rusiya Avropadakı qoşunlarını yeni nəsil tanklarla təchiz etmək niyyətindədir və onlar Amerikanın müvafiq texnikalarından daha dözümlüdür.
Amerikanın aktiv hərbçilərinin sayı 1 milyon 143 min nəfərdir.
Amerikanın balansında 8861 tank, 41072 zirehli döyüş texnikası, 1934 özüyeriyən silah, toplar, 1331 reaktiv yaylım atəşi sistemləri var.
Amerikanın hərbi hava qüvvələri:
Ümumi hərbi təyyarələrin sayı 13 min 900-dən çoxdur (2 min 312 döyüş təyyarəsi var). 5 min 739 yükdaşıyan təyyarə, 6 min 196 hərbi helikopter ( bunun 959-u döyüş helikopteridir).
Hərbi dəniz qüvvələri:
20 təyyarədaşıyan gəmi, 10 freqat, 63 dağıdıcı gəmi, 75 dağıdıcı gəmi, 13 sahil-mühafizə gəmisi, 11 minadaşıyan gəmi.
Yazının əvvəlində 3-cü dünya müharibəsinin start götürməsi üçün 3 istiqamət olduğunu qeyd etdik.
21-ci əsrdə 3 cəbhədəki tablo gələcək müharibədən xəbər verir. Biri Avropadır. Mümkündür ki, Avropa-Rusiya cəbhəsi Ukrayna münaqişəsinə görə, açıq konfrontasiyaya getsinlər.
İkincisi isə, Suriya böhranı və İŞİD təhlükəsinin ortaya qoyduğu qanlı toqquşmalardır.
Üçüncü əsas təhlükə isə Asiya-Sakit okeanı regionundan gəlməkdədir. Əsasən də ABŞ-la Çinin üzə-üzə gəlməsi fonunda bu təhlükə miqyasına görə, dəhşətli nəticələrə gətirib çıxara bilər.
Avropa Liderləri Şəbəkəsinin analizinə görə, Rusiya Avropada təlimlərə 80 min, NATO isə 15 min şəxsi heyət toplayır.
Hər iki təlimlə biri digərinin potensialını, imkanlarını araşdırır və müharibə taktikasını testdən keçirir və yeni müharibə planları hazırlayırlar.
Rusiya NATO ilə münaqişəyə girməyə hazırlaşır və NATO da rəsmi Moskva ilə mümkün konfrontasiyanı nəzərdən keçirir.
Avropada, xüsusilə Polşada Amerika qoşunlarının yerləşdirilməsi isə Qərblə Rusiya arasındakı münasibətləri gərginləşdirir.
Belə bir məqamda isə Rusiya Baltikyanı ölkələri hədələyir və Kalininqrada “İsgəndər-M” raketlərini yerləşdirib.
Yaxın Şərqdə isə münaqişələrin alovlanması – İraq, Suriya, Yəmən, Pakistan, Əfqanıstanda vəziyyətin dramatikləşməsi, üstəgəl İŞİD kimi güclü bazası olan terror təşkilatının şaxələnməsi dünyanı uçuruma aparır.
Paradoks isə bundan ibarətdir ki, terrorla mübarizədə bir çox dövlət müttəfiq kimi görünsə də, onların öz aralarında da dərin fikir ayrılıqları mövcuddur. Rusiya təbii ki, Suriyanın mövcud hakimiyyətini dəstəkləyir.
Lakin Suriya müxalifətini dəstəkləyən və ekstremistlərə qarşı mübarizə apardığını söyləyən dövlətlər vacib, həlledici məsələlərdə ortaq məxrəcə gələ bilmirlər.
Məsələn, ABŞ-Türkiyə əməkdaşlığı istənilən nəticəni vermir. Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı özü də müttəfiq imitasiyası yaradırlar, amma, vəziyyət heç də göründüyü kimi deyil.
Asiya-Sakit okeanı regionundakı Çinin ABŞ-la münasibətləri, üstəgəl Rusiya ilə rəqabəti, Şimali Koreya ilə Cənubi Koreya arasındakı gərginlik nəticələri daha təhlükəli edə bilər. Hələ nəzərə alaq ki, Şimali Koreya ABŞ-la, Yaponiya ilə az qala müharibə vəziyyətindədir. Bu azmış kimi, Yaponiyanın Rusiya ilə ərazi mübahisələri mövcuddur.
Əgər mümkün diplomatik müdaxilələr və siyasi rıçaqlarla problemlərin dərinləşməsinin qarşısı alınmasa, bu zaman həqiqətən də dünya yeni qlobal müharibəyə qədəm qoyacaq.(modern.az)
Paylaş: