Xəbər lenti


 

 

““Vaqner” özəl hərbi şirkəti Donetsk Xalq Respublikasının Artemovsk (Ukrayna adı Baxmutdur) şəhərinin şərq hissəsinə nəzarət edir”.

 

Ovqat.com xəbər verir ki, bu barədə “Vaqner”in təsisçisi Yevgeni Priqojin məlumat yayıb.

 

Biznesmenin bu barədə audiomüraciəti qurumun Telegram kanalında yayımlanıb.

 

"Baxmutka çayının şərqindəki hər şey tamamilə “Vaqner”in nəzarəti altındadır", Priqojin müraciətində bildirib.

 

Qeyd edək ki, bir gün əvvəl DXR rəhbərinin səlahiyyətlərini icra edən müşaviri Yan Qaqin Rusiya hərbçilərinin Baxmut şəhərinin demək olar ki, yarısını nəzarətə götürdüyünü bildirmişdi. Priqojinin son açıqlası da bu faktı təsdiqləyir.

 

Rusiyanın media qurumları Baxmutun tamamilə ələ keçirilməsinin Ukrayna savaşında ciddi dönüş yaradacağına inanırlar. Onlar öz fikirlərini ABŞ Konqresinin keçmiş əməkdaşı Brandon Vayxertin Baxmutla bağlı proqnozuna əsaslandırırlar. Belə ki, Vayxert bu şəhərin işğal olunması ilə Ukrayna üçün "sonun başlanğıcı" prosesinin yaşanacağını bildirmişdi.

 

ABŞ-ın Müharibənin Tədqiqatı İnstitutu (ISW) tamamilə fərqli fikirdədir. İnstitutun yaydığı son açıqlamada bildirilir ki, Baxmutunun işğalı halında belə, “Rusiya ordusunun faktiki olaraq döyüş meydanında operativ effekt yaratmaq və Ukraynanın dərinliklərinə doğru irəliləmək” şansı yoxdur. Üstəlik, Ukraynanın hərbi rəhbərliyi martın 6-da bu xətti sona qədər saxlamaq qərarına gəlib. Hərbi rəhbərliyin Baxmutu boşaltmaq taktikasından vaz keçərək bu cür kritik qərar verməsi bu şəhər ətrafındakı rus qoşunlarının atəş gücünün azalması ilə izah edilir. Ukraynalılar bu sürprizi rusların hərbi sursatlarının azalması kimi alqılayıblar və “Vaqner” rəhbərinin son zamanlar verdiyi bəyanatlar da bu ehtimalı təsdiqləyib. Priqojin artıq neçənci dəfədir ki, rəsmi açıqlamalarında Rusiya Müdafiə Nazirliyinin onları silah-sursatla təmin etmək istəmədiyindən gileylənmişdi. Hətta sonunca açıqlamasında o, şəxsi nümayəndəsinin Müdafiə Nazirliyinin qapısından içəri buraxılmadığını da vurğulamışdı. Bəzi siyasi-hərbi analitiklər Priqojinin bu açıqlamalarından çıxış edərək, Rusiya hərbi elitasının parçalandığını, nizami ordu generallarının Baxmutun “Vaqner” tərəfindən alınmasında maraqlı olmadığını irəli sürürlər. Sözsüz ki, bu vəziyyətdə Ukrayna hərbi rəhbərliyi Baxmutu mümkün olduğu qədər əldə saxlayaraq vaxt qazanmaq və Qərbdən ağır texnikalar gələnə qədər Rusiyaya məğlubiyyət yaşatmaq  fikrinə düşə bilərlər. Qərb ölkələrinin Ukraynaya göndərməyi planlaşdırdığı hərbi texnikalar öz ünvanına çatdıqdan sonra isə Baxmutda zəifləşmiş Rusiya ilə hesablaşmaq daha asan olacaq.

 

ISW analitiklərinin son hesabatları da bu fikri təsdiqləyir. Onların fikrincə, Rusiyanın mexanikləşdirilmiş briqadaları yoxdur və taktiki “hücum qoşunları” belə, hərbi tapşırıqların öhdəsindən gəlməyəcək: "Rusiya qoşunlarının 10 aylıq hücumlardan sonra taktiki qələbədən daha çox uğur qazanması ehtimalı azdır".

 

Daha əvvəl İnstitut qeyd edib ki, rus qoşunlarının qüvvələrini irəlilətməsinin iki mümkün yolu var: Konstantinovka istiqamətində (Baxmutdan təxminən 20 km aralı) və ya Slavyansk-Kramatorsk istiqamətində (Baxmutdan təxminən 40 km şimal-qərb). Eyni zamanda, düşmən yalnız onlardan birinə hücum edə bilər, çünki Ukrayna qoşunları bu istiqamətlərin hər ikisini gücləndirib.

 

Digər bir məlumata görə, Pentaqonun “Baxmutun heç bir hərbi strateji əhəmiyyəti yoxdur, onun uğrunda böyük itkilər verməkdənsə şəhəri boşaldıb Krım istiqamətində döyüşlərə hazırlaşmaq lazımdır” tövsiyəsi Ukrayna rəsmiləri tərəfindən qəbul olunmayıb. Çünki Zelenskinin fikrincə, Baxmutun tutulması işğalçılara Ukraynanın dərinliklərinə girmək üçün münbit zəmin yarada bilər. 

 

“Zelenskinin sözlərinə görə, Baxmutun işğalı halında rus qoşunları üçün Donetsk vilayətinin digər yaşayış məntəqələrinə də yol açılacaq. Xüsusilə, Kramatorsk və Slavyanskaya. Buna görə də Ukrayna Silahlı Qüvvələrinin cəbhənin bu xəttində müdafiəsi mühüm taktiki addımdır”, - Ukrayna lideri martın 5-də strateji planını açıqlayarkən bildirmişdi. Martın 6-da Ali Baş Komandanın Qərargahında toplanan Ukrayna generalları da nəhayət ki, bu məsələdə Zelenski ilə razılığa gəliblər.

 

Bundan əvvəl Alman kəşfiyyatı da Baxmutun rus qüvvələri tərəfindən tutulmasının riskləri barədə məlumat vermişdi. Alman kəşfiyyatçıları da o qənaətdə idilər ki, bu şəhərin təslim olması Ukrayna Silahlı Qüvvələri üçün əsl fəlakətə çevrilə bilər və o zaman ruslar daha da irəli, növbəti sərhədlərə doğru irəliyə bilərlər.

 

Qısası, Ukraynanın bu qərarından sonra “Vaqner” silahlılarını Baxmutda küçə döyüşlərinə girməkdən başqa yolu qalmayıb. Xatırladaq ki, müharibənin ilk günlərində də Ukrayna rus ordusunu böyük şəhərlərin ətrafına qədər ötürmüş və onların bütün texnikalarını müasir hərb silahları ilə məhv etmişdi. Eyni prosesin indi Baxmutda təkrarlanması ehtimalı var. Görünür, Rusiya Müdafiə Nazirliyi də bunun fərqindədir və mənasız döyüşə girmək istəyən Priqojini məhz bu səbəbdən yaxına buraxmırlar. Sözsüz ki, daha önəmli səbəb Priqojinin nüfuz qazanmasının onlar üçün də problem yaradacağını düşünmələri ola bilər.

 

 

 




Ana səhifəyə qayıt        Baxış: 5 915          Tarix: 8-03-2023, 11:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma