Serbiyanın Rusiyaya qarşı sanksiyalara qoşulmaması onun həm xaricdə, həm də daxildə ciddi müqavimətlə üzləşməsinə səbəb olub.
Ovqat.com-un məlumatına görə, Serbiyanın sanksiyalardan yayınması Qərbin təzyiqlərinə məruz qalması ilə nəticələnib. Belə ki, Aİ Xarici İşlər Xidmətinin rəhbəri Josep Borrell Rusiyaya qarşı sanksiyalardan imtina etdiyi üçün Serbiyadan narazılığını bildirib. Eyni zamanda ABŞ da Belqrada öz iradlarını çatdırıb və ona sərt təzyiqlər göstərib. Bu da nəticə etibarilə Serbiyada daxili gərginliklərə yol açıb.
Bildirilir ki, Serbiyanın iqtisadiyyat naziri Rade Basta xarici təzyiqlərə görə ölkəsinin Rusiyaya qarşı sanksiyalara qoşulmaq təklifi ilə çıxış edib və bu barədə bəyanat yayıb. O, bəyanatında Serbiyanın Rusiyaya qarşı sanksiyalardan imtina etdiyinə görə “ağır bədəl ödədiyini” təəssüflə bildirib. Qeyd edib ki, "bu, dözülməz haldır" və hökumətin Serbiya prezidenti Aleksandr Vuçiçə qarşı “təzyiqlər”lə bağlı səssizliyi anlaşılmazdır. Bu səbəbdən də nazir Rusiyaya qarşı sanksiyaların tətbiqini zəruri hesab edib. Eyni zamanda, Basta president Vuçiçi dəstəklədiyini və ona tam etibar etdiyini vurğulayıb və digər nazirləri də bu məsələyə münasibət bildirməyə çağırıb.
Bastadan başqa, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç də Rusiyaya qarşı sanksiyaların tətbiqinin düzgün addım olacağı ilə bağlı açıqlama verib. O bildirib ki, Ukraynadakı münaqişə və Rusiyaya qarşı sanksiyaları dəstəkləməkdən imtina Serbiyanı Qərbdə müttəfiqsiz qoyub.
Paylaş: