Xəbər lenti

Dekabrın 17-si Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan dövlət xadimi Eldar Həsənovun işi üzrə növbəti proses keçirilib. Azadliq.org xəbər verir ki, iclasda çıxış edən vəkil Cavad Cavadov Eldar Həsənovun həbs olunduğu gün Belqraddakı iş otağında aparılan axtarışa toxunub.
Eldar Həsənov 2020-ci il avqustun 13-ü Bakıda tutulub. Həmin vaxt o, iqamətgahı Belqradda olan Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfir postunu tuturdu.

Cavad Cavadov deyib ki, 2020-ci il avqustun 13-də Eldar Həsənovun Belqraddakı iş otağından Azərbaycan Xarici İşlər Nazirliyində Serbiyanın Ermənistana silah satması ilə bağlı aparılmış araşdırmalar üzrə sənədlər, həmçinin Belqrad və Bakıda medianın bu mövzuda yazdığı məqalələrin kserosurətləri götürülüb. Vəkil bildirib ki, həmin sənədlər axtarış protokolunda əksini tapsa da, nədənsə iş materiallarına əlavə edilməyib. Müdafiəçi məhkəmənin həmin sənədləri prokurorluqdan alıb iş materiallarına əlavə etməsinə, araşdırmasına vəsatət verib.
Prokuror buna etiraz edib, məsələnin ittihama aidiyyəti olmadığını deyib, hakim də Eldar Həsənovu bu haqda danışmağa qoymayıb.
Eldar Həsənov qeyd edib ki, silah məsələsi dövlətlərarası xarakter daşıyır: “Mən bu məsələ ilə əlaqədar yalnız onu deyə bilərəm ki, bir Azərbaycan övladı kimi üzərimə düşən vəzifəni, mümkün olan və olmayan işləri görmüşəm. Dövləti məlumatlandırmışam ki, filan ölkənin sifarişi ilə filan yerdən filan şeylər gedir”.

Sabiq səfirin sözlərinə görə, həbs edildiyi gün Belqradda kirayənişin olduğu evin qapısını Azərbaycandan gedən hüquq mühafizə orqanlarının nümayəndələri sındırıb, mülkiyyətin sahibi bununla əlaqədar yerli hüquq mühafizə orqanlarına şikayət edib, orada araşdırma gedir: “Deməzdim ki, o davranış Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının təşəbbüsü olub. Bildiyim qədər orada qapını sındırıb-sındırmamaq barədə müzakirə də aparılıb. Qapının sındırılması Xarici İşlər Nazirliyinin orada olan nümayəndəsinin təşəbbüsü olub. Mülkiyyət sahibi təxminən 20 gün sonra yerli hüquq mühafizə orqanlarına şikayət edib. Hazırda da araşdırma gedir”.

Prosesdə danışan vəkil Valeh Mehrəliyev deyib ki, Eldar Həsənovun səfir olduğu dörd ölkəyə – Rumıniya, Serbiya, Monteneqro, Bosniya və Herseqovinaya, ailə üzvlərinin yaşadığı Türkiyəyə istintaq zamanı 52 sualdan ibarət sorğular göndərilib, sabiq səfirin nəinki ailə üzvləri ilə, nəslində olan 38 nəfərin maliyyə əməliyyatları üzrə və sair məsələlərlə bağlı araşdırma aparılıb: “Heç bir qanunsuzluq aşkarlanmayıb. Prokurorluq göndərilən sorğuları iş materiallarına əlavə edib, lakin alınan cavablar ortada yoxdur. Çünki bu cavablar Eldar Həsənovun təqsirsizliyinə dəlalət edir. Beş ölkənin prokurorluğunda aparılan araşdırmalar zamanı onun əleyhinə bircə fakt tapılmayıb. Ona görə də gələn cavabları Baş Prokurorluqdakı xüsusi otaqda saxlayırlar. Xahiş edirik o materiallar Baş Prokurorluqdan alınsın, işə əlavə edilsin, məhkəmədə araşdırılsın”.

Cavad Cavadov deyib ki, Eldar Həsənov tutularkən onunla dostluq əlaqəsi olan, salam verdiyi, hətta tanımadığı 16 nəfərin evində məhkəmə qərarı olmadan qanunsuz axtarış aparılıb: “O adamlardan axtarışa etiraz etməmələri məzmunlu ərizə alınaraq bu addım rəsmiləşdirilib. Biabırçılıqdır, adamın evində, iş yerində axtarış aparırlar, hər dəfə də yazdırırlar ki, “etiraz etmirəm”. Aydın məsələdir ki, heç kim bunu könüllü etməyib”.
Azadliq.org bildirir ki, istər Serbiyadan Ermənistana silah satışı, istərsə də digər sənədlərin prokurorluqdan alınıb iş materiallarına əlavə olunması barədə vəsatətlər təmin olunmayıb.
Eldar Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulub. Bakıda indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.
1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.

1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.
2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, bir neçə yüksək vəzifəli məmur həbs edilib.

İyulun 16-da prezident İlham Əliyev Elmar Məmmədyarovu xarici işlər naziri vəzifəsindən çıxarıb, həmin posta Ceyhun Bayramov təyinat alıb.
Avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfir Eldar Həsənovun tutulduğunu açıqlayıb. Eldar Həsənov həmin gün səhər Bakıda evindən çıxaraq Xarici İşlər Nazirliyinə, nazirlə əvvəlcədən razılaşdırılmış görüşə gedərkən tutulub.
Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.
Eldar Həsənova maliyyə pozuntularına yol verilməsi, dövlətə külli miqdarda ziyan vurulması üzrə ittihamlar irəli sürülüb. O, ittihamları rədd edir.

Həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsində 2021-ci il sentyabrın 3-dən mühakimə olunur.
Prosesə məhkəmə sədrinin müavini Əfqan Hacıyev sədrlik edir, hakimlər kollegiyasına Əhməd Quliyev və Zeynal Ağayev də daxildir.
Eldar Həsənovun dörd vəkili var: Adəm Məmmədov, Cavad Cavadov, Cəlil Mirzəyev, Valeh Mehrəliyev.
Səhhəti ağır olan Eldar Həsənov 2021-ci ildə üç dəfə (iyul, avqust, oktyabr aylarında) Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında müalicə alıb.

Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olub.
Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Almaniya, Rumıniya, Makedoniya, Ukrayna, Serbiya, Monteneqroda nəşr olunmuş kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
Eldar Həsənov ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var. Onun övladları Türkiyədə yaşayır.
Novator.az bildirir ki, 2020-ci il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovniki İlqar Mirzəyev, mayorları Namiq Əhmədov, Anar Novruzov, baş leytenantı Rəşad Mahmudov, gizirləri İlqar Zeynallı, Yaşar Babayev, çavuşu Vüqar Sadıqov, baş əsgəri Elşad Məmmədov, əsgərləri Xəyyam Daşdəmirov, Elçin Mustafazadə, Nazim İsmayılov və mülki şəxs Əziz Əzizov şəhid olublar. Həmin döyüşlərdə Ermənistan hərbçilərinin Serbiyadan alınmış silahlardan da istifadə etdiyi bilinib.

Avqustun 7-də, Eldar Həsənovun Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfir postunu tutduğu son günlərdə Serbiya prezidenti Aleksandr Vuçiç dövlət başçısı İlham Əliyevə zəng edib. Aleksandr Vuçiç iyul ayında Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələr zamanı azərbaycanlı hərbi qulluqçuların həlak olması ilə əlaqədar başsağlığı verib. O, Ermənistanın Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib, vəziyyətin araşdırılması üçün yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib.

Avqustun 10-dan 12-dək Serbiya baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, daxili işlər naziri Neboyşa Stefanoviç Azərbaycana səfər edərək Azərbaycan rəsmiləri ilə müzakirələr aparıb. Üzrxahlıq xarakteri daşıyan bu səfər zamanı aparılan danışıqlarda Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri Eldar Həsənov da iştirak edib.
Bu ərəfədə Azərbaycanın bəzi KİV-lərində səfir Eldar Həsənovun Serbiyanın Ermənistana silah satmasına dərhal reaksiya vermədiyi barədə yazılar dərc edilib.

Avqustun 13-də tutulan Eldar Həsənov həbsindən bir gün öncə verdiyi müsahibədə (həmin müsahibə həbsdən sonra sosial şəbəkələrdə yayılıb) bu iddiaların əsassız olduğunu söyləyib: “Əslində səfirliyimiz bu məsələyə dərhal münasibət bildirdi. Eyni zamanda məsələnin araşdırıldığını, dəqiqləşdirildikdən sonra isə ictimaiyyətin daha geniş məlumatlandırılacağını bəyan etdi. Serbiya tərəfdən isə baş nazirin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin dilindən bu məsələyə üç dəfə münasibət bildirilməsinə nail olduq. Sonra Serbiya prezidenti Aleksandar Vuçiç Ermənistana silah satışını ilk dəfə şərh edərək “Azərbaycana 10 dəfə artıq” silah-sursat satdıqlarını, prezident İlham Əliyevlə dost münasibətlərinin olduğunu, yanlışlıqlara yol verildiyini və gələcəkdə silah-sursat ixracı məsələsinin bir daha nəzərdən keçiriləcəyini bəyan etdi. Bu açıqlamadan bir müddət sonra prezident Vuçiç siyasi iradə nümayiş etdirərək Azərbaycan prezidentinə zəng edib yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini bildirdi.
Ölkələrin strateji tərəfdaşlıq münasibətlərinin ruhuna, dövlət və milli maraqlarına xələl gətirəcək hallara yol verilməyəcəyi yüksək səviyyəli dövlət və hökumət qurumlarında keçirilən görüşlərdə, aparılan müzakirələrdə, Serbiya tərəfinin təqdim etdiyi rəsmi sənədlərdə də birmənalı vurğulanır. Bunların nəticəsi olaraq Serbiyanın baş nazirinin müavini, daxili işlər naziri, həmçinin Təhlükəsizlik Şurasının katibi Neboyşa Stefanoviç 10-12 avqustda ölkəmizdə işgüzar səfərdə oldu. Bütün bunlar beynəlxalq və ölkələrarası münasibətlərində Azərbaycan dövlətinin ciddiliyinin, prezidentimizin nüfuzunun göstəricisidir”.

Müsahibəsində Eldar Həsənov 1996-cı ildə baş vermiş bir hadisəni də yada salıb: “1996-cı ilin yenə də iyun-iyul aylarında Azərbaycanın hərbi prokuroru (hazırda Ali Məhkəmənin sədri) Ramiz Rzayev, Hərbi Prokurorluğun iki peşəkar, səriştəli əməkdaşı və baş prokuror kimi mən Rusiyanın (Boris Yeltsinin prezidentliyi dövrü) 1,5 milyard dollar dəyərində silah-sursat və hərbi texnikanı təmənnasız Ermənistana hədiyyə etməsi barədə faktlar – müqavilələr, hərbi yükün tərkibi, daşınma sənədləri, hərbi texnika, silah-sursatın sayı, təyinatı və digər təsdiqedici rəsmi sənədlər əldə etdik. Məsələ prezident Heydər Əliyevə məruzə olunduqdan sonra Azərbaycan və dünya ictimaiyyətinə məlumat verildi, Rusiya tərəfi ilə rəsmi müzakirəyə çıxarıldı. Nəticədə Rusiya hökuməti səmimi etiraf etməklə Azərbaycan prezidentinə üzrxahlıq etdi”.
Müsahibəsində Eldar Həsənov onu da diqqətə çatdırıb ki, Serbiyanın Ermənistana silah satmasından Azərbaycan hələ 2019-cu ilin fevralında xəbərdar olub: “Serbiya ilə bağlı konkret son məsələyə dair təhqiqat davam etdiyindən bu gün nəyi demək mümkündürsə, o qədər deyəcəm. Azərbaycan dövlətində etibarlı və təsdiqlənmiş məlumatlara əsasən, 2018-ci ildə və 2020-ci ilin may-iyun aylarında Serbiyadan Ermənistana minaatanlar və müxtəlif çaplı hərbi sursat da daxil olmaqla silah-sursat satılıb. Yeri gəlmişkən, bu əməkdaşlıqdan Azərbaycan dövləti 2019-cu ilin fevral ayından məlumatlı idi və müvafiq dəqiqləşmələr aparılırdı. Sadəcə, fərq ondan ibarətdir ki, silah-sursatın satılmasına dair ödənişlərin bir qismi Ermənistan tərəfindən deyil, üçüncü ölkələr üzərindən həyata keçirilib. Serbiyadan Ermənistana silah-sursat satışı Marşal Adaları və Honkonqda qeydiyyatdan keçmiş ofşor şirkətləri üzərindən icra olunub. Son istifadəçi sertifikatlarının hamısında isə Ermənistan qeyd olunub”.
Serbiyanın ticarət naziri Rasim Lyayiç ölkəsinin mövqeyini belə izah edib ki, Ermənistana silah satışında hüquqi baxımdan yanlışlıq yoxdur, çünki Ermənistana qarşı beynəlxalq təşkilatların və ya böyük dövlətlərin sanksiyaları mövcud deyil. Bununla belə nazir onu da qeyd edib ki, formal hüquqi prinsiplərlə yanaşı beynəlxalq, siyasi komponentlər də nəzərə alınmalıdır: “Gələcəkdə belə halların təkrarlanmasına yol verməməliyik. Bizə anlaşılmazlıq lazım deyil”.

Eldar Həsənov müsahibəsində bildirib ki, nazirin bu mövqeyi Serbiyanın gələcəkdə Azərbaycan tərəfinin qaldırdığı məsələyə daha diqqətlə yanaşacağına sübutdur.

Ermənistana silah satışıyla əlaqədar yaranmış narazılığa görə avqustun 7-də Serbiya prezidentinin Azərbaycanın dövlət başçısına zəng etdiyini, ayın 10-12-də isə Serbiyadan yüksək səviyyəli nümayəndə heyətinin Bakıya işgüzar səfərə gələrək Azərbaycan rəsmiləri ilə müzakirələr apardığını bir daha yada salan Eldar Həsənov vurğulayıb: “Səfər zamanı gəlinən qənaətlər və əldə olunan nəticələr bir daha göstərdi ki, Serbiya ilə Azərbaycan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun əməkdaşlığı davam etdirir və əminəm ki, gələcəkdə də davam etdirəcək”.


Ana səhifəyə qayıt        Baxış: 3 733          Tarix: 18-12-2021, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma