Xəbər lenti


 

Azərbaycanın Laçın buraxılış-keçid məntəqəsində Qarabağ ermənilərinin sənədlərini yoxlaması, heç bir problem yaratmadan onların sərhəddən keçməsinə şərait yaratması və bunun videosunu çəkib yayması İrəvanda yeni mübahisələrə yol açıb.

 

Ovqat.com-un məlumatına görə, Qarabağdakı qondarma rejimin “yetkililəri” bildiriblər ki, sənədləri yoxlanılan həmin vətəndaşlar öz yurd-yuvalarına qayıdarkən anidən Azərbaycan sərhədçiləri ilə qarşılaşıblar. Guya bizim sərhədçilərimiz onları sənədlərini göstərməyə məcbur edib. Ermənilər də guya, məcburiyyət qarşısında qalıb bu tələbi yerinə yetiriblər.

 

Maraqlıdır ki, bu iddia İrəvan ermənilərini belə inandırmayıb. Ermənistan parlamentinin deputatı, “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan bu iddialarla razılaşmayaraq, öz Facebook səhifəsində yazıb:

 

Şəkildə: Tiqran Abramyan

“(Qarabağın) Dövlət nazirinin sözləri o baxımdan inandırıcı deyil ki, artıq bir həftədir mediada və sosial şəbəkələrdə azərbaycanlıların qanunsuz qurduqları nəzarət-buraxılış məntəqəsi ilə bağlı video və fotolar dərc olunur. Vətəndaşların bundan xəbərsiz olması ehtimalı azdır”.

 

Deputat bildirib ki, Ermənistandan Qarabağa girişdə və Azərbaycan keçid məntəqəsində “Artsax” polisi və ona bitişik ərazidə isə Ermənistanın sərhəd qoşunları növbətçilik edir: “Onlar təbii ki, vəziyyətdən xəbərdardırlar”.

 

Deputatın fikrincə, bütün bunlar onu göstərir ki, problem vətəndaşlarda deyil, “Artsax” hakimiyyət orqanlarındadır. Çünki Qarabağ “hökumət”inin icazəsi və ya razılığı olmadan Qarabağda və ya Ermənistanda yaşayış icazəsi olan şəxslərin “Artsax”dan və ya dəhlizin Azərbaycan keçid məntəqəsinin yerləşdiyi hissədən keçməsi mümkün deyil.

 

““Artsax” hakimiyyəti bu prosesin hansı razılaşma, hansı siyasi qərarla baş verdiyini izah etməlidir, çünki bu, azərbaycanlılar üçün beynəlxalq platformalarda blokada yaratmadığına dair iddialarına “haqq qazandırmaq” üçün kozır olacaq. Rəsmi Bakı bütün dünyaya göstərəcək ki, “Artsax xalqı” Azərbaycan qanunvericiliyi çərçivəsində yaşamağa”  hazırdır”, - deyə deputat bildirib. 

 




Ana səhifəyə qayıt        Baxış: 6 827          Tarix: 1-05-2023, 12:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma