Xəbər lenti
13-05-2024, 20:31


 

“Laçın dəhlizi ilkin şərtlər irəli sürülmədən tam açılmalıdır”

 

Ovqat.com-un məlumatına görə, bunu Fransanın Xarici İşlər naziri Ketrin Kolonna “France Inter” radiosuna müsahibəsində deyib.

 

Nazirin sözlərinə görə, Ermənistanla Azərbaycan arasında danışıqları davam etdirmək lazımdır, o cümlədən “Qarabağ xalqı üçün hüquq və təminat dedikdə nə nəzərdə tutulduğuna” da danışıqlar zamanı aydınlıq gətirilməlidir. 

 

“Fransanın, Avropa İttifaqının və Beynəlxalq Ədalət Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, Laçın dəhlizi tam və ilkin şərt olmadan açılmalıdır”, - Ketrin Kolonna açıqlamasında bildirib.

 

“Dəhlizi bağlayan, ermənilərə qarşı etnik təmizləmə siyasəti aparan Azərbaycana qarşı sanksiyalar gözləmək olarmı” sualına isə nazir birbaşa cavab verməyib və bildirib ki, iki ölkənin danışıqlar səyləri dəstəklənir. O, vurğulayıb ki, Ermənistanla Azərbaycan arasındakı münasibətləri “ermənilərin məskunlaşdığı anklav olan Qarabağdakı vəziyyətdən” ayırd etmək lazımdır. Nazirin fikrincə həll edilməli olan və iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda son müzakirələrində gündəmə gətirilən məsələlər var.

 

Kolonna qeyd edib ki, may ayı ərzində Avropa İttifaqının vasitəçiliyi ilə digər müzakirələr də nəzərdə tutulub və iyunun 1-də Avropa Siyasi Birliyinin Zirvə görüşü çərçivəsində hər iki liderin görüşünün keçirilməsi mümkündür.

 

Dağlıq Qarabağa gəlincə, nazir deyib ki, burada humanitar risklər var - “indiyə qədər xoşbəxtlikdən bundan ciddi heç nə yoxdur”.

 

Eyni zamanda, Fransanın, Aİ-nin və BMT məhkəməsinin mövqeyi ondan ibarətdir ki, Qarabağa gedən yolun blokadası ilkin şərt olmadan götürülməli, Qarabağa giriş sərbəst və maneəsiz olmalıdır.

 

“Mən bunu (Bakıya səfərim zamanı - red.) Prezident Əliyevə xatırlatdım”, - Kolonna deyib.

 

Amma bu xatırlatmanın heç bir təsiri olmadığını qeyd edən jurnalistə Kolonna belə cavab verib: “Oldu, hazırda davam edən danışıqların məqsədi budur. Bizim və beynəlxalq ictimaiyyətin məqsədi Qarabağ xalqı üçün hüquq və təminatların nə demək olduğu da daxil olmaqla, sülh danışıqlarına gedən yolu davam etdirməkdir”.

 

O, həmçinin Fransanın təşəbbüsü ilə Aİ-nin monitorinq missiyasının Ermənistan ərazisinə yerləşdirildiyini xatırladıb və Ermənistana səfəri zamanı həmin missiyanın yerləşdiyi ərazilərə yaxın yerlərə baş çəkdiyini xatırladıb. 

 

“Bu, mənə baş verənləri müşahidə etməyə, faktları qeyd etməyə, Aİ-yə üzv dövlətlərin mövqeyini təqdim etməyə imkan verdi. Müşahidəçilərin olması sərhəddə onların yerləşdirilməsindən bəri gərginliyin azaldılmasına kömək edib”, - deyə nazir bildirib.

 

Xatırladaq ki, Praqa görüşündən sonra Fransa prezidenti Emmanuel Makron ermənipərəst ritorika ilə burnunu özünə aid olmayan məsələlərə soxduğu üçün Azərbaycan prezidenti İlham Əliyev fransız liderin iştirak etdiyi heç bir müzakirə prosesinə qatılmayacağını bildirmişdi. Bununla da Azərbaycan və Ermənistan arasındakı danışıqlarda Fransanın yer alması perspektivi tamamilə sıradan çıxmışdı. Maraqlıdır ki, Fransa Qarabağ müzakirələrində vasitəçi kimi iştirak edən Rusiya və ABŞ tərəfindən tamamilə təcrid olunub. Bütün bunlara baxmayaraq, Fransa Xarici İşlər nazirinin hələ də danışıqlara müdaxilə cəhdi qapıdan qovulan qonağın zorla bacadan girmək təşəbbüsünə bənzəyir. Sözsüz ki, özünə hörmət edən heç bir dövlət Fransanın vəziyyətinə düşmək istəməz.

 




Ana səhifəyə qayıt        Baxış: 6 750          Tarix: 4-05-2023, 18:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma