Xəbər lenti


 

Rusiya Gürcüstanla arasındakı birbaşa aviareyslərə qoyulan qadağanı aradan qaldıraraq gürcülər üçün vizasız gediş-gəlişi bərpa edib. Bu addımlar Gürcüstan hökumətinin Ukraynadakı müharibəyə təmkinli yanaşmasına görə Kremlin mükafatı kimi qiymətləndirilir, eyni zamanda Gürcüstanın Rusiya üçün sanksiyaları pozan mühüm ticarət qovşağı olmasının üstüörtülü etirafı təsiri bağışlayır.

 

Rusiya lideri Vladimir Putinin mayın 10-da verdiyi fərmana əsasən, gürcülərə Rusiyaya 90 günə qədər vizasız səfər etmək icazəsi veriləcək. Yeni qaydalar mayın 15-də qüvvəyə minəcək. Rusiyanın müəyyən etdiyi 90 günlük məhdudiyyət gürcülərin Avropa İttifaqında vizasız keçirə biləcəyi müddət qədərdir.

 

Bu arada Moskva Nəqliyyat Nazirliyi bəyan edib ki, Rusiya aviaşirkətləri dörd illik fasilədən sonra əlaqəni bərpa edərək, Rusiya və Gürcüstan paytaxtları arasında həftədə yeddi birbaşa uçuş həyata keçirəcək. Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyi Gürcüstana səfər edən Rusiya vətəndaşlarına qarşı tövsiyəni da aradan qaldırıb.

 

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanın hərəkətlərini Gürcüstanın Aİ-yə inteqrasiya ambisiyalarını puça çıxarmaq üçün hazırlanmış təxribat kimi səciyyələndirib. “Rusiya Ukraynaya təcavüzünü davam etdirdiyi və ərazimizi işğal altında saxladığı müddət ərzində Gürcüstanla birbaşa uçuşların bərpası və viza qadağasının ləğvi qəbulolunmazdır”, - Zurabişvili Twitter hesabında yazıb.

 

Rusiya 2000-ci ildə gürcü vətəndaşları üçün viza tətbiq etdi. Gürcüstan isə o vaxt buna qarşılıq vermədi, lakin 2008-ci ildə qısa gürcü-rus müharibəsindən sonra rusların səyahət imkanlarını sərtləşdirdi. Bu qaydalar tezliklə yumşaldıldı. Tiflis hazırda ruslara bir il müddətinə vizasız səfər etməyə icazə verir və bu müddət Gürcüstanın istənilən beynəlxalq sərhədlərini keçməklə və tez geri qayıtmaqla asanlıqla uzadıla bilər. Kreml 2022-ci ilin fevralında Ukraynaya qarşı hücuma başladıqdan sonra siyasi repressiyalardan yaxa qurtarmaq və ya rus ordusunun ətçəkən maşınına atılmamaq üçün vətənlərini tərk edən ruslar üçün əsas Gürcüstan sığınacaq oldu.

 

Bir çox müşahidəçilər Zurabişvilinin fikrini bölüşürlər ki, Putinin fərmanı Tiflisdə Gürcü Arzusu Partiyasının dominantlıq etdiyi hökuməti Gürcüstanın son vaxtlar Qərbdən uzaqlaşdığını göstərən siyasi kursunu sürdürməyə vadar edir. Səlahiyyətləri əsasən simvolik xarakter daşıyan Gürcüstan prezidenti özünü Gürcüstanda çoxluğun iradəsini təmsil edən hökumətin güclü tənqidçisi kimi ortaya çıxıb.

 

Gürcüstanda ictimai rəy sorğuları göstərir ki, əhalinin böyük əksəriyyəti Qərb institutları, xüsusilə Aİ ilə daha geniş inteqrasiyanın tərəfdarıdır. Bununla belə, “Gürcü Arzusu” hökuməti Brüssel və Vaşinqtondakı məmurları özündən uzaqlaşdıran siyasət və hərəkətləri, o cümlədən müstəqil mediaya və qeyri-kommersiya sektorunun fəallığına soyuq təsir göstərəcək “xarici agent” qanununun qəbul edilməsinə uğursuz cəhdi vətəndaşların bu təmayülünə adekvat görünmür. Hökumət eyni zamanda ABŞ-Aİ rəhbərliyinin Ukraynaya güclü dəstək vermək tələblərinə əməl etməyib.

 

ABŞ və Aİ-nin “Gürcü Arzusu” hökumətinin geosiyasi qeyri-müəyyənliyindən artan məyusluğunun əlaməti olaraq, Vaşinqton aprel ayında dörd gürcü hakimə qarşı sanksiyalara məruz qoyub.

 

Yüngülləşdirilmiş səyahət qaydaları, şübhəsiz ki, Gürcüstan-Rusiya ticarətinə kömək edəcək. Gürcüstan Qərb sanksiyalarının təsirini yumşaltmaq üçün tez bir zamanda yeni təchizat zəncirləri quran Rusiya üçün əsas kanala çevrilib. Ukraynada müharibə başlayandan sonrakı bir il ərzində ikitərəfli ticarət həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22 faiz artıb. Gürcüstanın Rusiyadan idxalı da kəskin artıb.


Russia rewards Georgia with lifting of visa requirement, renewal of direct flights


Eurasianet.org

 

Tərcümə etdi: Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 567          Tarix: 12-05-2023, 14:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma