“Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən quru yolu məsələsi ayrıca gündəm mövzusu deyil. Ermənistan və Azərbaycan arasında bütün kommunikasiyaların açılması barədə qarşılıqlı razılığa gəliblər”.
Ovqat.com xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində keçirdiyi “Hökumət saatı” iclasında bu barədə bildirib.
Onun sözlərinə görə, tərəflər yeni nəqliyyat infrastrukturlarının yaradılması ideyası üzərində də iş aparırlar. “Bununla belə, Ermənistan yeni infrastrukturların qurulması ilə bağlı heç bir öhdəlik götürməyib, lakin bu variantı da nəzərdən keçirməyə hazırdır”, - deyən Paşinyan Ermənistanın mövqeyinə bir daha aydınlıq gətirərək vurğulayıb ki, bütün bu yollar keçdiyi ölkələrin suverenliyi altında fəaliyyət göstərməlidir.
Paşinyan xatırladıb ki, kommunikasiyaların açılması məsələsi 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Burada həmçinin Ermənistanın şimal və cənub rayonlarını birləşdirən dəmir yolunun Azərbaycan ərazisi üzərindən birləşdirilməsinin zəruriliyindən bəhs edilir. Ermənistanın Arazdəyən rayonu hansı prinsiplə Mehri ilə bağlanacaqsa, eyni prinsiplə də Azərbaycanın Horadiz məntəqəsi Ordubadla əlaqə saxlayacaq.
Paşinyan iddiasına görə, tərəflər bu barədə 2021-ci ilin dekabrında Brüsseldə də razılığa gəliblər, lakin Azərbaycanın naməlum səbəblərdən həmin təklifdən imtinası əldə olunan razılığın rəsmiləşdirilməsinə mane olub: “İndi tərəflər yenidən bu məsələni həll etməyə çalışırlar”.
Ermənistan hökumətinin başçısı onu da bildirdi ki, münsiflər heyətinin iştirakı ilə sübut edə bilər ki, o, heç vaxt, heç bir formatda ekstraterritorial dəhliz açılmasını vəd etməyib və belə bir fikrə əsas verməyib.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada erməni və azərbaycanlı həmkarları ilə görüşlərinin yekunlarına görə, xüsusilə demişdi ki, tərəflər kommunikasiyaların blokunun açılması məsələlərində artıq yekun razılaşmaya yaxındırlar.
Paylaş: