Xəbər lenti


Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğan dünənki andiçmə mərasimində yeni hökumətin üzvlərinin adlarını açıqlayıb. Bəzi rəsmilər kabinetdən tamamilə uzaqlaşdırılıb, bəzilərinin isə yerləri dəyişdirilib. Bu zamanadək gözümüzün öyrəşdiyi Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar və s. kimi Türk siyasətində önəmli rol oynayan idarəçilər yeni kabinetdə yer almayıblar. Çavuşoğlunu MİT-nin başçısı Hakan Fidan, Hulusi Akarı isə Baş Qərargah rəisi Yaşar Gülər əvəz edib. Buna paralel olaraq, Ərdoğanın artıq sabiq yardımçısı İbrahim Kalın MİT başkanı Hakan Fidanın yerinə, Baş Qərargah rəisi Yaşar Güler isə Milli Müdafiə naziri Hulusi Akarın yerinə gətirilib. Ən önəmli dəyişikliklərdən biri də Mehmet Şimşəkin Xəzinə və Maliyə Bakanlığına gətirilməsi olub. Halbuki, Ərdoğan müxtəlif çıxışlarında Mehmet Şimşəki sərt tənqid edən ifadələri ilə yadda qalmışdı. 

 

Bundan əlavə, yeni dönəmdə Rəcəb Tayip Ərdoğanın yardımçısı (vitse-prezident) Cevdet Yılmaz olacaq.  AKP hakimiyyətinin müxtəlif dönəmlərində iqtisadiyyatla bağlı yüksək görəvlərdə çalışan Cevdet Yılmazın karyerasında ən mühüm vəzifəyə gətirilməsi ona göstərilən etimadın ifadəsidir. 

 

Sözsüz ki, Ərdoğanın yeni dönəmə önəmli postlarda aparılan dəyişikliklərlə getməsi təsadüfi deyil və Türkiyənin bir sıra siyasətində ciddi dəyişiklərə gedəcəyindən xəbər verir. Bəs bu dəyişikliklər nə ola bilər?

 

Zənnimizcə, Ərdoğan yeni dönəmdə əsasən iki sahədə dəyişiklik aparacaq: 1) xarici, 2) iqtisadi siyasətdə. Prinsipcə, yeni kabinetdə yer alan kadrların tərcümeyi halları da bunu göstərir.

 

Xarici siyasət kursunda ən önəmli dəyişiklik Rusiya ilə münasibətlərdə araya məsafə qoyulması, yenidən NATO ittifaqına yönəlmək ola bilər. Təsadüfi deyil ki, Ərdoğanın andiçmə mərasimində iştirak edənlərdən biri də NATO Baş katibi Jens Stoltenberq idi. Bununla da NATO sanki Türkiyənin müttəfiqliyinə ciddi önəm verdiyini göstərməyə çalışırdı. Seçkilərin nəticələrinin müəyyənləşdiyi gün ABŞ Prezdenti Co Baydenin Ərdoğana telefon açıb onu təbrik etməsi, söhbət əsnasında İsveçin NATO-ya üzvlüyünün gündəmə gətirilməsi də müttəfiqlərinin Ankaradan gözləntilərindən birini nümayiş etdirir. Yəqin ki, yaxın zamanlarda Türkiyənin bu istiqamətdə mühüm addımlar atacağını da görəcəyik.

 

Türkiyənin İsveçin NATO üzvlüyünə qoyduğu vetonun qaldırılması üçün, təbii ki, Stolkolm da bəzi addımlar atmalıdır. Türkiyədəki seçkilərdən sonra İsveçin terrorla mübarizəyə dair qanun layihəsini müzakirəyə çıxarması bu sahədə atılmış addımlardan biridir. Baxmayaraq ki, layihədə yer alan maddələrin bir çoxu Türkiyənin tələblərini tam olaraq qarşılamır. Məsələn, terrorçuların dilə gətirdiyi fikirləri şüar edərək kütləvi etiraz aksiyaları keçirmək yeni qanun layihəsində də suç sayılmır. Bununla belə, terrorun maliyyə mənbələrinin qurudulması və terrorçu təşkilatların fəaliyyətində yaxından iştirak edənlərin ağır şəkildə cəzalandırılması kimi nüanslar yeni layihədə yer alır. Bu isə Türkiyənin tələblərinə xeyli yaxınlaşmaq deməkdir. Fikrimcə, yaxın zamanlarda İsveçin Türkiyəni razı salma fəaliyyətləri daha da artacaq və sonunda NATO-nun növbəti sammitində Ankara İsveçin bu alyansa üzvlüyünə yaşıl işıq yandıracaq.

 

Türkiyənin Xarici İşlər naziri postuna MİT rəhbəri Hakan Fidanın gətirilməsi də bu ssenarinin tərkib hissəsi ola bilər. Sirr deyil ki, PKK-nın xarici bağlantılarını ən yaxşı bilən şəxs Hakan Fidandır. Onun XİN rəhbərliyinə gətiriməsi Türkiyənin növbəti mərhələdə PKK-ya qarşı mübarizədə diplomatik səylərini artıracağına işarədir.

 

Türkiyənin İsveçdən istədiyini aldıqdan sonra onun alyansa üzvlüyünə razılıq verməsi ilə bərabər qardaş ölkənin ABŞ-la münasibətlərini normallaşdıracağı gözlənilir. Xüsusilə yeni F-16-ların alınması və mövcud təyyarələrin modernləşdirilməsi hədəflərini reallaşdıran Türkiyənin Rusiya ilə münasibətlərini yenidən gözdən keçirəcəyi də istisna deyil. Böyük ehtimalla, Ankara bu mərhələdə NATO və ABŞ-dan alacağı dəstəklə anti-Rusiya koalisiyasında daha aktiv yer almağa çalışacaq. Başqa sözlə desək, Türkiyənin xarici siyasət istiqamətində Rusiyadan uzaqlaşaraq Qərbə yaxınlaşma xətti bariz şəkildə özünü göstərəcək.

 

Ərdoğan hakimiyyətinin yeni mərhələsində əsas dəyişikliklərdən biri də, böyük ehtimalla, iqtisadi sahədə baş verəcək. Sirr deyil ki, 2016-cı il 15 iyul tarixində ABŞ-ın dəstəyi ilə hazırlanan, türk xalqı tərəfindən qarşısı alınan dövlət çevrilişi təşəbbüsündən sonra qardaş ölkənin Rusiyaya meyllənməsi onun iqtisadi həyatında da zəifləmələrə yol açmışdır. Xüsusilə son iki ildə Türkiyə iqtisadiyyatı iflas həddinə çatmışdır. Ərdoğan hakimiyyətinin son zamanlar getdikcə dərinləşən böhranın qarşısını almaq üçün ABŞ və Qərb ölkələri ilə əvvəlki əlaqələrini qurmağa, ölkəyə xarici kapital cəlb etməyə çalışması artıq qaçılmaz hala gəlmişdir. Yeni nazirlər kabinetinə Mehmet Şimşəkin Xəzinə və Maliyyə naziri kimi salınması, eyni zamanda Cevdet Yılmazın vitse-prezident təyin olunması bu istiqamətdə atılan addım təsiri bağışlayır. Hər iki kadrın tərcümeyi-halına nəzər salsaq, ikisinin də ABŞ-la və Böyük Britaniya ilə birbaşa əlaqəsi olduğunu anlaya bilərik. Xüsusilə Mehmet Şimşek iş həyatına ABŞ-ın Ankaradakı səfirliyində Türkiyə iqtisadiyyatı üzrə mütəxəssis kimi başlamış, 4 il sonra 1997-ci ildə Nyu-Yorka köçərək “Union Bank of Switzerland”ın səhmlərin təhlili bölməsində işləməmişdir. 1998-ci ilin əvvəlində İstanbula qayıdan Şimşek “Deutsche Bank”ın qiymətli kağızlar şöbəsində iş fəaliyyətini davam etdirmişdir.

 

Daha sonra “Merrill Lynch”də Aralıq dənizi bölgəsi üzrə mütəxəssis kimi çalışmış, qısa müddətdən sonra onun araşdırma sahəsinə Mərkəzi Avropa və Rusiya iqtisadiyyatı da daxil edilmışdır. 2005-ci ilin sonunda o, “Merril Lynch”in inkişaf etməkdə olan Avropa, Yaxın Şərq və Afrika regionu üçün iqtisadi və strateji tədqiqatlar bölməsinə rəhbərlik etmişdir. O, xaricdə işlədiyi müddətdə region ölkələrinin baş nazirləri və prezidentləri səviyyəsində çoxlu sayda rəsmilərlə görüşmüşdür.  Qısası Mehmet Şimşek nəinki Türkiyə, həmçinin Mərkəzi Avropa, Afrika və Rusiya iqtisadiyyatına da vaqif birisidir və beynəlxalq maliyyə qurumlarında kifayət qədər ciddi əlaqələrə malikdir. Bu da onun xarici dövlətlərlə ikitərəfli iqtisadi əməkdaşlıqlar qurmasına və Türkiyə iqtisadiyyatını böhrandan çıxarmaq üçün xarici kapital tapmasına kömək edə bilər.

 

Mehmet Şimşek dövlət idarəçiliyi baxımından da böyük təcrübəyə malikdir. Ərdoğan hakimiyyətinin bundan əvvəlki mərhələlərində bir sıra önəmli vəzifələrdə fəaliyyət göstərmiş, 29 avqust 2007 - 1 may 2009-cu il tarixləri arasında iqtisadiyyatdan sorumlu dövlət katibi, 2015-2019-cu illərdə Prezidentin iqtisadiyyat üzrə köməkçisi kimi mühüm vəzifələrdə çalışmişdir. Daha sonra ard-arda çıxışlarında yol verdiyi bəzi xətalara görə işdən uzaqlaşdırılmışdı. Hətta Prezident Ərdoğan xalqa müraciətlərində Mehmet Şimşek barədə tənqidi fikirlər də səsləndirmişdi. Odur ki, Mehmet Şimşeki yenidən mühüm vəzifəyə gətirməsi bir çox analitiklər tərəfindən qeyri-mümkün hesab olunurdu. Lakin dünən açıqlanan nazirlər siyahısında onun da adı vardı. Bu faktlar onu göstərir ki, R.T.Ərdoğan bu adamı könül xoşluğu ilə deyil, məcbur qaldığı üçün öz kabinetinə daxil edib. Nəzərə alsaq ki, Mehmet Şimşek həm də ABŞ və Böyük Britaniya vətəndaşıdır, onun nazirliyi dövründə Türkiyə iqtisadiyyatının bu ölkələrlə yaxından təmas halında çalışacağı şübhə doğurmur.

 

Türkiyənin yeni vitse-prezidenti Cevdet Yılmaz da öz magistr təhsilini ABŞ-ın Denver Universitetində tamamlayıb. Məntiqlə, onun da ABŞ-a meylli kurs tutacağı güman olunur.  

 

Maraqlıdır ki, həm Cevdet Yılmaz, həm də Mehmet Şimşek etnik kimlik baxımından kürddür. MHP ilə koalisiya quran AKP hakimiyyətini bu iki şəxsə çox mühüm postları həvalə etməsi onu göstərir ki, Türk millətçiləri də bu təyinatlara qarşı olmayıblar. Bu da Ərdoğanın yeni hakimiyyəti dövründə Türkiyədə ikinci kürd açılımının başladıla biləcəyinə işarədir. Təbii ki, birinci kürd açılımından daha fərqli üslubda. Son zamanlar getdikcə qütbləşən Türkiyənin separatizmi istisna edən ölçüdə hər kəsə qucaq açan siyasət yürütməsinə həqiqətən də ciddi ehtiyacı var. Zənnimcə, iqtisadiyyatla bağlı nazirliklərin Mehmet Şimşekə və Cevdet Yılmaza həvalə edilməsi qardaş ölkənin şərq bölgəsinin iqtisadi tərəqqisi üçün çalışmaların da sürətlənməsini hədəfləyir. Çünki PKK kimi terrorçu təşkilatların əhalinin kasıbçılığından və savadsızlığından istifadə edərək özünə tərəfdar topladığı hər kəsə bəllidir. Bu cür gərginliklərin qarşısını almaq üçün gərginlik ocaqları mütləq iqtisadi tərəqqi mərhələsindən keçməli və ölkədəki qütbləşmə aradan qaldırılmalı, bölgələrarası inteqrasiya gücləndirilməlidir. Son seçkilər ərəfəsində PKK-ya yaxınlığı ilə seçilən HDP-nin gözləniləndən daha az səs alması və partiya lideri Səlahəddin Dəmirtaşın da siyasətdən çəkilməsini elan etməsi də Türkiyənin cənub-şərq bölgəsi insanlarının  artıq yeni hədəfli siyasət arzuladıqlarından xəbər verirdi. Təbii ki, Türkiyə hakimiyyəti də vətəndaşlarının bu gözləntisini doğrultmağa çalışmalı, fürsəti əldən qaçırmamalıdır.

 

Bir sözlə, Türkiyənin növbəti mərhələdə həm xarici siyasətdə, həmdə iqtisadi sahədə ABŞ və Qərbə inteqrasiya xəttini tutacağı, Rusiya ilə araya müəyyən əngəllər qoyacağı gözlənilir. Ölkənin bütövlüyünün möhkəmləndirilməsi də Ərdoğan hakimiyyətinin başlıca prioritetlərindən olacaq. 

 

Heydər Oğuz,
 Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 6 816          Tarix: 4-06-2023, 15:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma