Ukrayna qoşunlarının keçirdiyi əks-hücum əməliyyatlarn həftələr və ya aylarla sürə bilər.
Ovqat.com-un məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şolz və Polşa prezidenti Anjey Duda ilə danışıqlardan sonra bildirib.
“Artıq bir neçə gün əvvəl diqqətlə planlaşdırılan Ukrayna əks-hücuma başlayıb. Bu əks-hücum bir neçə həftə və ya ay davam edə bilər”, - Makron vurğulayıb.
Fransa prezidenti həmçinin qeyd edib ki, tərəfdaş ölkələr bu hərəkətlərdə Ukraynaya kömək etmək üçün mümkün olan hər şeyi ediblər, bununla belə, münaqişənin başlanğıcından bəri müəyyən olunmuş bəzi çərçivələrə də sadiq qalınıb.
“Biz münaqişənin başlanğıcından bəri qeyd etdiyimiz çərçivədə Ukraynaya bu əks-hücum əməliyyatını həyata keçirməsinə kömək etmək üçün hər şeyi edirik: Rusiyanı təcavüzkar hərəkətlərini dayandırması üçün cəzalandırır, Ukraynaya müqavimət göstərməsinə və əraziləri geri almasına kömək edirik, lakin heç vaxt Rusiyaya hücum etməyə heç bir formada yol vermirik”, - deyə Makron bildirib.
Fransa prezidentinin bəyanatından belə anlaşılır, Ukrayna qoşunlarının bir neçə gün əvvəl başlayan hücum əməliyyatı müttəfiqlərin dəstəyi ilə hazırlanıb və həyata keçirilməkdə olan strateji planın tərkib hissəsidir.
Qeyd edək ki, əks-hücumun ilk həftəsində Ukraynanın kiçik uğurları və xeyli texnika itirməsi NATO ölkələrinin ona hərbi yardımlarını davam etdirib-etdirməyəcəyi suallarını ağla gətirmişdi. Fəqət bu məlumatın yayılmasından dərhal sonra ABŞ Müdafiə Nazirliyi itirilən hərbi texnikaların yerini doldurmaq barədə qərar verdi. NATO-nun digər müttəfiqlərinin hansı qərar verəcəkləri maraq doğururdu. Bu məsələdə ən çox müxalif mövqe isə Fransadan gözlənilirdi. Görünür, Avropanın 2 nəhəngi və Polşa liderlərinin bugünkü görüşündə də bu məsələ masaya yatırılıb. Makronun iclasdan sonrakı açıqlaması toplantıda Kiyevi maksimum dəstəkləmək yönündə qərar çıxdığına işarədir.
Paylaş: