![](/templates/Wmediat51/images/vetendash.jpg)
“44 günlük müharibə zamanı keçirilən əks-hücum əməliyyatında Lələ Təpə hündürlüyünü qaytarmaq kimi bir məqsədim olmayıb”.
Ovqat.com erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu Ermənistan parlamentinin 44 günlük müharibənin şəraitinin araşdırılması üzrə komissiyasının iclasında çıxışı zamanı bildirib.
Onun dediyinə görə, 2020-ci il oktyabrın 5-6-da Xankəndidə, Müdafiə Ordusunun komanda məntəqəsində olub: “O vaxt 9-cu müdafiə bölgəsində hücumlar artıq baş vermişdi. Dağlıq Qarabağın hərbi-siyasi rəhbərliyi var idi. Vəziyyətin pisləşdiyini nəzərə alaraq hansı təkliflərinin olduğunu soruşdum”.
Paşinyan qeyd edib ki, Dağlıq Qarabağın Təhlükəsizlik Şurasının katibi, Müdafiə Ordusunun keçmiş rəisi Samvel Babayan rayonun müdafiə xəttinin bərpası təklifini irəli sürüb.
Baş nazirin sözlərinə görə, o, 2016-cı ildə aprel döyüşləri zamanı itirilən Lələ-Təpə yüksəkliyinin qaytarılması barədə göstəriş verməkdə ittiham olunur. Amma “belə bir mövzu ümumiyyətlə yox idi”.
“Mənim üçün Silahlı Qüvvələrin Baş Qərargah rəisinin fikri önəmli idi... Mən obyektiv və subyektiv şəraitə görə Baş Qərargah rəisi postunda olan insanlara demək olar ki, qeyd-şərtsiz inanırdım və etibar edirdim. Onları təyin edib-etməməyimin fərqi yoxdur, onların general paqonu taxmaları etimad üçün böyük bir əsas idi”, - Paşinyan deyib.
Baş nazirin iddiasına görə, həmin vaxt Ermənistan ordusunun Baş Qərargahının rəisi general-polkovnik Onik Qasparyan ona bildirib ki, Müdafiə Ordusunun komandiri Cəlal Arutyunyan plan hazırlamalıdir və onun həyata keçirilməsinin mümkünlüyü qiymətləndiriləcək. Hərbi komandanlıq məqsədəuyğun hesab edərsə, Paşinyan da onun həyata keçirilməsinin əleyhinə deyilmiş.
“Vaxtını xatırlamıram, mən artıq İrəvanda idim - Onik Qasparyan mənə bu əməliyyatın həyata keçirilməsi ilə bağlı qərarın verildiyini dedi”, - baş nazir bildirib.
Əməliyyatın uğursuzluğundan sonra, onlar birlikdə danışarkən Qasparyan Cəlal Arutyunyanın əməliyyatın zəruri olması ilə bağlı sözlərini təkrarlayıb.
Paşinyan diqqəti bu məsələ ilə bağlı cinayət işinə cəlb edərək bildirib ki, əməliyyatın yersiz və ya qeyri-mümkün olması qətiyyən fakt deyil. Bununla belə, istintaq hər şeyi aydınlaşdıracaq.
Komissiyanın rəhbəri Andranik Köçəryan bəyan edib ki, Samvel Babayan və Baş Qərargahın keçmiş rəhbəri Onik Qasparyan Lələ-Təpə məsələsinin olmadığını təsdiqləyiblər.
İstintaq Komitəsinin məlumatına görə, Azərbaycanın açdığı müharibə zamanı Cəlal Arutyunyan səhlənkarlıq göstərib və bu, ağır nəticələrə gətirib çıxarıb, xüsusilə də canlı qüvvə və zirehli texnikada böyük itkilər verib, ehtiyatda olan qüvvələr yararsız hala düşüb, atəş mövqeləri düşmənin nəzarətinə keçib. Bu səbəbdən də Arutyunyana iki əsas maddə üzrə ittiham irəli sürülüb. Bir epizod oktyabrın əvvəllərində uğursuz əks-hücumla, ikincisi isə Azərbaycanın böyük diversiya qrupunun Füzuli rayonu yaxınlığındakı erməni mövqelərinə daxil olması ilə bağlıdır. Arutyunyan ona qarşı irəli sürülən ittihamlarla razılaşmır.
Paylaş: