Xəbər lenti


 

Bu zamanadək Rusiya Ukraynaya hərbi dəstək verən Qərb ölkələrinin birbaşa özünü hədələyirdi. İstinad etdiyi yeganə silahı isə nüvə zərbəsi idi. 

 

Qərb ölkələri tez-tez irəli sürülən bu təhdidlərin blefdən başqa bir şey olmadığını anladıqdan sonra rus rəsmilərinin hədə-qorxularına əhəmiyyət verməməyə başladılar. İş o yerə çatdı ki, Litvanın prezidenti NATO-nu bu ölkənin Rusiya ilə sərhəddinə daimi hərbi bazalar qurmağa çağırdı. Onun çağırışın sonunda dilə gətirdiyi fikirlər isə olduqca düşündürücü idi: “Biz Rusiyanın nüvə təhdidlərindən artıq qorxmuruq. Çünki bu təhdidlərə öyrəşmişik”.

 

Maraqlıdır ki, NATO-nun keçirilməkdə olan Vilnus sammitində müttəfiqlər Rusiyanın bir zamanlar “qırmızı cizgisi” elan etdiyi hər addımı atmağa qərar verirlər. Rusiya isə bu qərarları əvvəlki kimi emossional şəkildə qarşılamır, əksinə öz cavab bəyanatlarında kifayət qədər təmkinli olmağa çalışırlar. Bunun ən bariz nümunəsi Fransa prezidenti Emmanuel Makronun Kiyevə uzaqmənzilli raketlər ötürmək istədikləri ilə bağlı açıqlamasına Kremldən gələn cavabdır.

 

Ovqat.com-un məlumatına görə, Emmanuel Makron NATO-nun Vilnüs sammitindən əvvəl bu niyyətini açıqlayıb. 

 

O qeyd edib ki, Kiyevə tədarük və avadanlıqların artırılması, eləcə də dərin zərbələr endirməyə imkan verən raketlərin tədarükü ilə bağlı qərarı şəxsən özü verib. Fransa prezidenti bunu Ukrayna tərəfinə “öz ərazisini müdafiə etməyə” imkan vermək ehtiyacı ilə əlaqələndirib.

 

Putinin sözçüsü Dmitri Peskovun Fransa prezidentinə cavabı isə olduqca ürkəkliyi ilə seçilib. Peskov deyib ki, Emmanuel Makronun uzaqmənzilli raketləri Kiyev rejiminə təhvil verməsi ilə bağlı qərarı səhvdir və “nəticələrlə doludur”. 

 

Görünür, Peskov sözlərinin yalnış anlaşıla biləcəyini düşündüyündən bu addımın hansı konkret nəticələrlə üzləşəcəyinə də aydınlıq gətirmək zərurəti hiss edərək deyib: “Əlbəttə, hansı radiusdan danışdığımızı aydınlaşdırmaq və anlamaq lazımdır. Bizim nöqteyi-nəzərimizdən bu, Ukrayna tərəfi üçün fəsadlarla dolu səhv qərardır, çünki təbii ki, bu, bizi əks tədbirlər görməyə məcbur edəcək”.

 

Bəs, sözügedən əks-tədbirlər nədən ibarət ola bilər?

 

Onun sözlərinə görə, bu, xüsusi hərbi əməliyyatın gedişinə təsir göstərə bilməyəcək, lakin Kiyev hakimiyyətinin taleyini çətinləşdirəcək.

 

Göründüyü kimi, Kremlin sözçüsü üzünü Fransaya tutaraq əslində Ukraynanı təhdid edib. Üstəlik, konkret hansı yolla Kiyevin taleyini çətinləşdirəcəyini də göstərməyib. Əgər söhbət Rusiyanın da eyni silahlardan istifadə edə biləcəyindən gedirsə, zatən bunu edir. Tez-tez Ukraynanın müxtəlif şəhərləri Rusiyanın uzaqmənzilli raketləri ilə vurulur. Və əsası, Rusiya Fransanın silah tədarükünə cavabı Ukraynaya verəcəksə, Paris niyə bundan çəkinməlidir? Parisə də Rusiyanı tükəndirmək və silahsızlaşdırmaq üçün elə bu lazım deyilmi?

 

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu da ABŞ-ın Ukraynaya misket bombası göndərmək qərarına eynilə Peskovun məntiqilə cavab verib. O qeyd edib ki, Kiyev rejiminə misket bombalarının verilməsi yalnız münaqişənin uzanmasına xidmət edəcək. “Kiyev misket sursatları alacağı təqdirdə, Moskva cavab olaraq Ukrayna Silahlı Qüvvələrinə qarşı analoji silahlardan istifadə etməli olacaq”, - deyə Soyqu bildirib.

 

Zənnimizcə, Rusiyanın ritorikasında baş verən bu önəmli dəyişiklik və təhdid “planka”sının aşağı salınması Kremlin artıq reallıqlarla razılaşmasından, artıq bu cür hədə-qorxuların işə yaramadığını anlamasından qaynaqlanır. Rusiya liderləri anlayırlar ki, yanlış hesablar nəticəsində girdikləri bu savaşdan hansısa uğurla çıxmaq şansları qalmayıb. İndi onlar Ukraynadan ləyaqətli çıxış barədə düşünürlər və bunun yolunun şirin dildən keçdiyinin fərqindədirlər.

 




Ana səhifəyə qayıt        Baxış: 6 364          Tarix: 12-07-2023, 14:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma