ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti bu gün səsvermə nəticəsində vəzifəsindən uzaqlaşdırılıb.
Ovqat.com-un məlumatına görə, Nümayəndələr Palatasının spikerinin impeçmenti ABŞ-ın siyasi tarixində bir ilkdir.
İmpiçment təklifi Respublikaçılar Partiyasının ifrat sağ qanadını təmsil edən konqresmen Matt Gaetz tərəfindən irəli sürülmüşdü.
Respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasında nümayəndələrin əksəriyyəti Makkartinin istefaya göndərilməsinə səs verib.
Respublikaçı Kevin Makkarti partiya daxilindəki ultra-mühafizəkar qanadın təşəbbüsü ilə 210 əleyhinə 216 səslə vəzifəsindən kənarlaşdırılıb.
Maraqlıdır ki, təklif respublikaçılar tərəfindən irəli sürülsə də, partiyanın 8 nümayəndəsi impiçmentin lehinə səs verib. Onun getməsinə səs verən digər 208 konqresmen isə demokrat olub.
Demokratlar Kevin Makkartinin səsvermə yolu ilə vəzifəsindən uzaqlaşdırılmasının qarşısını almamaq mövqeyində çıxış edərək, respublikaçıların öz problemlərinin həllinə kömək etməyəcəklərini bildiriblər.
Demokratlar isə öz partiyalarından seçilən prezident Co Baydenlə büdcə ilə bağlı əldə edilən razılaşmaya əməl etmədiyi üçün Respublikaçı Makkartiyə qarşı idilər və prezident Baydenlə bağlı impiçment təhqiqatına yaşıl işıq yandırdığına görə də onu “qara siyahı”ya salmışdılar.
Kevin Makkartidən sonra kimin Nümayəndələr Palatasının spikeri olacağı hələlik bəlli deyil. Bununla belə, Nümayəndələr Palatasının üzvü Stiv Skalizin adı hallanır.
Kevin Makkartiyə yaxınlığı ilə tanınan Respublikaçı Nümayəndələr Palatasının üzvü Patrik MakHenri müvəqqəti olaraq parlamentin spikeri vəzifəsini icra edəcək.
Paylaş: