ABŞ Konqresinin Nümayəndələr Palatası indi də öz prezidentlərinə ilişib.
Ovqat.com-un xəbərinə görə, Palata prezident Donald Trump-ın vəzifədən kənarlaşdırılması prosesini başlatan qanun layihəsini qəbul edib.
Qətnaməyə 232 konqresmen lehinə, 196-sı isə əleyhinə səs verib. Əleyhinə olanlar arasında 194 respublikaçı, 2 demokrat deputat var.
Sənəddə Konqresin 6 komitəsinə, xüsusilə də, xarici işlər və kəşfiyyat komitələrinə demokratlar tərəfindən başladılan təhqiqatı davam etdirmək tapşırığı yer alıb.
***
Bəs, Donald Trampı impiçmentə sürükləyən günahı nədir?
Məlumata görə, demokratların çoxluq təşkil etdiyi Nümayəndələr Palatası Trampın işdən qovulmasını ötən ayın 25-də gündəmə gətirmişdi. Tramp Ukrayna prezidenti Vladimir Zelenskiydən demokratların prezidentliyə namizədi Co Baydenə qarşı korrupsiya istintaqı başlatmaq istəməkdə gühanlandırılır.
Maraqlıdır ki, bu, Trampı məşhər ayağına gətirən ilk günahı da deyil. Prezident daha əvvəl bir başqa suçla ittiham edilərək Konqresin gündəminə gəlmiş, impiçment cəzasından isə son anda yaxasını qurtara bilmişdi. Onu ilk dəfə Rusiyanın 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etməsi ilə bağlı istintaqın işdən çıxarılma prosesinə səbəb ola bilməkdə günahlandırırdılar. Ancaq istintaq Trampın cinayətdə iştirakını təsdiq edən heç bir dəlil tapa bilmədiyi üçün prosesə başlamaq mümkün olmamışdı.
Bu dəfə isə vəziyyət çox ciddidir. Nümayəndələr Palatasının demokratik çoxluğunun lideri Nensi Pelosi ötən ay prezidenti öz rəqibini qurşaqdan aşağı zərbələrlə sıradan çıxarmaqda ittiham etmiş və onun hesab verməli olduğunu düşünərək məsələni konqresmenlərin müzakirəsinə çıxarmışdı. Bu dəfə demokratların əllərində ciddi dəlilləri də var: Trampın Zelenski ilə son telefon danışığı. İddiaya görə, Tramp Zelenskidən Bayden və onun oğlunun Ukraynadakı şirkətinə qarşı korrupsiya istintaqının başlamasını xahiş edib.
Prinsipcə, Tramp da Zelenski ilə telefon danışığında Baydenlə bağlı məsələni müzakirə etdiklərini boynuna alıb, lakin o, Ukrayna prezidentindən Bayden barədə korrupsiya istintaqı aparmaq istədiyini iddiasını rədd edir. Ağ Ev telefon danışığını senzurasız tam deşifrə etsə də, rəqibləri bunu yetərli görməyiblər.
İmpiçmentin hüquqi əsası
Bəs ABŞ-da prezidentlər necə impiçment olunurlar? Tramp bu qərarla hakimiyyətini itirə bilərmi?
ABŞ Konstitusiyası Konqresə prezidentin ən azı üç kateqoriyadan birindən cinayət törətdiyi təqdirdə vəzifədən azad edilməsinə icazə verir: ABŞ-ın düşməni olan bir ölkəyə kömək etmək - vətənə xəyanət; pul və ya hədiyyəni siyasi mənfəət üçün qəbul etmək-rüşvət; "ağır və daha ağır cinayət ya da digər pis davranışlar".
"Ağır və daha ağır cinayət ya da digər qanun pozuntusu"nun nədən ibarət olduğu Konstitusiyada göstərilmir. Buna görə ABŞ-ın konstitusiya hüququ mütəxəssisləri deyirlər ki, hansı növ hərəkətlərin son kateqoriyaya düşdüyü bəlli deyil. Onların fikrincə, bu kateqoriyadakı hərəkətlər çox vaxt cəmiyyətə birbaşa təsir edən və ya prezidentə etimadını ciddi şəkildə pozan ağır cinayətlər ola bilər. Başqa sözlə desək, ABŞ Konstitusiyası Prezidentin impiçmentini asanlaşdırmaq üçün suçlama dairəsini açıq buraxıb.
Bu günə qədər Konqresdə üç prezidentə impiçment prosesi başlanılıb. Ancaq tarixdə Konqres tərəfindən vəzifədən alınan və impiçment edilən prezident yoxdur. İmpiçment prosesi əslində ABŞ-ın quruluşunun ilk dövrləri İngiltərədən alınmış bir hüquq sistemdir və hər bir məhkəmə prosesində olduğu kimi mühakimə, hökm və cəza mərhələlərindən ibarətdir.
Proses necə işləyir?
ABŞ-da prezidentin impiçmenti prosesinin bütün mərhələləri Konqresdə baş verir. Konqresinin iki qanadından biri olan Nümayəndələr Palatasının hər hansı bir üzvü impiçment prosesini başlatmağa təşəbbüs göstərə bilər. Konqresmenlərdən birinin və ya bir neçəsinin qaldırdığı təşəbbüsə daha sonra Nümayəndələr Palatası Ədalət Komitəsində baxılır. Prosesin davamı üçün qərar komitə üzvlərinin səs çoxluğu ilə qəbul olunmalıdır.
Bu günə qədər bir çox prezidentin impiçment prosesi ancaq Ədalət Komitəsinə qədər gedib çıxa bilmişdir. Komitədə isə rədd cavabı alaraq geri qaytarılmış və proses dayanmışdır. Görünən budur ki, Trampın impiçment qərarı ilk mərhələdən keçdiyi üçün bu gün Nümayəndələr Palatasının ümumi iclasına qədər gəlib çıxıb. Palatanın ümumi müzakirəsi ikinci mərhələdir. Ədalət Komitəsi təsdiq edərsə, bu təklif Nümayəndələr Palatasında səsverməyə qoyulur və konqresmenlər onun barəsində öz hökmlərini verirlər. Necə ki, bu gün Tramp barəsində bu “fitva” verildi.
Amma bu, prezidentin impiçmenti üçün yetərli deyil. Nümayəndələr Palatasında mütləq əksəriyyətin səsi ilə qəbul edilən qərar daha sonra Senatın müzakirəsinə çıxarılır. Senatdakı müzakirələr əsl məhkəmə prosesinə bənzəyir. Prezidentin işdən çıxarılması barədə tələbin sübutları istintaq olunur, şahidlər dinlənilir. Prezident də öz müdafiəsini edir. Senatorlar isə münsiflər heyəti olaraq son qərarlarını verirlər. Prezidentin impiçmenti üçün Senatda üçdə iki səs çoxluğunu tələb olunur.
Böyük ehtimalla, Trampın impiçmenti Senatdan keçməyəcək. Çünki Nümayəndələr Palatasından fərqli olaraq, Senatda çoxluq respublikaçıların əlindədir. Təbii ki, respublikaçıların öz namizədləri əleyhinə səs verməsi gözlənilmir. Bununla belə, Senatda qurulan məşhər ayağı xeyli çəkəcək və bu da növbəti seçki prosesində Trampın nüfuzuna ciddi zərbə vuracaq. Gələn il prezident seçkiləridir, respublikaçıların ən güclü namizədi isə Trampdır. Senatdakı məşhər ayağından əzilərək çıxan prezidentin seçki prosesində qələbə qazanmaq şansı da xeyli azalacaq. Bu da onun əsas rəqibi demokrat Baydenin işinə yarayır. Əslində demokratların nail olmaq istədikləri də bu idi və öz məqsədlərinə böyük ölçüdə çatdılar.
Bəs, növbəti president seçkiləri Bayden qazanarsa nə olacaq?
Bax, bizim üçün əsl sual da bu olmalıdır. Nədən ki, Bayden ən aşırı erməni dəstəkçisidir. Bu barədə daha geniş məlumat almaq istəyirsinizsə, bir neçə ay öncə yazdığımız yazıları oxuyun.
http://ovqat.com/manset/28330-2020-ci-ild-bizi-gozlyn-thluk-cozef-bayden-ab-prezidenti-olarsa.html
Paylaş: