Xəbər lenti


Senat

 

Aralıq seçkilərində demokratlar 50:49 səs nisbəti ilə Senatda üstünlüyü qoruya bildilər. Qələbə üçün vacib ştatlar sayılan Arizonada demokrat Kelli respublikaçı Mastersə, Nevadada Masto respublikaçı Laksarta, Pensilvaniyada isə Fetterman Mehmet Oza qalib gəldi. Corciyada kimin senator olacağı dekabrın 6-sı, ikinci tur seçkilərində bilinəcək. Lakin, respublikaçılar Corciyada qalib olsalar belə, demokratlarla bərabərləşə bilməyəcəklər. Konstitusiyaya görə, səslər bərabər olduqda vitse-prezident qərar qəbuletmədə səs səlahiyyəti qazanmış olur. Son iki ildə demokratlar məhz sərt partiya loyallığı və vitse-prezident K. Harrisin dəstəyi sayəsində Senatda üstünlüyü qoruya bilmişlər. Bu dəfə də demokratların vahid siyasi xətt güdəcəyi gözlənilir.

 

Senata nəzarət demokratlara dövlət katibi, müdafiə naziri, baş prokuror, federal hakimlər, səfir, konsul, diplomatik nümayəndə heyətlərini təyin etmək/dəyişmək səlahiyyəti verir. Qanunvericiliyə görə, hər palatanın komitə rəhbərləri çoxluq qazanmış partiya tərəfindən seçilir. Praktikada bu, R.Menendez başda olmaqla bir çox ermənipərəst senatorların aparıcı komitələr üzərində nəzarəti qoruması deməkdir. 

 

Seçkilərdə Amerika Ermənilərinin Milli Konqresi (ANCA) tərəfindən dəstəklənən Çak Şumer (Nyu-York), Marko Rubio (Florida), Van Hollen (Merilend), Temi Dakvors (İllinoys) və Piter Velç (Vermont) yenidən senator seçildilər. Vurğulyaq ki, Pensilvaniyada qələbə türk əsilli M. Oza çatsa idi, respublikaçılar Senata nəzarət etməyə bir addım yaxın olacaqdı, ANCA isə öz etirafına görə 6 il müddətində priroitetlərini lazımınca təbliğ edə bilməyəcəkdi.

 

Demokratlara qələbəni ilk dəfə 2012-ci ildə uğurla sınaqdan keçirilən özünəməxsus seçki siyasəti təmin etdi. Reytinqlərin aşağı olmasından narahat olan demokratlar məqsədyönlü şəkildə praymeriz seçkilərində radikal baxışlı respublikaçı namizədləri dəstəkləyirdilər. İlinoysda demokrat-qubernatorlar assosiasiyası respublikaçı namizədin reklamına $35 milyon, Miçiqanda isə $435 min xəcrləmişdilər. Məqsəd − qərarsız seçiciləri və mülayim respublikaçıları radikallarla qorxudaraq demokratlara səs verməyə sövq etmək idi. Qutmaher İnstitutuna görə, hazırda 13 ştatda abortlara tam qadağa və ya ciddi məhdudiyyətlər tədbiq edilir. Ştatların bir qismində keçirilən referendumlar hətta respublikaçı yönümlü ştatlarda belə abortların qadağasına mənfi münasibəti müəyyən etdi. Respublikaçı Kentukkidə insanlar ştat konstitusiyasına abortların qadağan edilməsi ilə bağlı düzəlişlərin əleyhinə, Kaliforniya, Vermont və Miçiqanda isə konstitusiyada abortlara zəmanət verən düzəlişlərin leyhinə səs verdilər. Bu tendensiyanı nəzərə alan demokratlar, abortlar məsələsini öz seçki kampaniyalarına daxil etdilər. Respublikaçıların reproduktiv siyasətini azadlığa təhlükə kimi təqdim edən demokratlar, rəqib partiyanın qalib gələcəyi təqdirdə abortlara federal səviyyədə qadağanın tədbiq ediləcəyini bildirirdilər. Prezident Bayden isə əksinə, ara seçkilərində demokratların qalib gələcəyi təqdirdə Rou Veydə (Rou v. Wade) qarşı məhkəmə işinə imza atıb, abortlara zəmanəti məcəllələşdirəcəyini vəd etmişdir. 

 

Demokratların Senatda üstünlüyünə daha iki mühüm faktor təsir göstərdi. Onlar xalqı inandıra bildilər ki, respublikaçılar öz gündəliklərini yox, Trampın gündəliyini irəli çəkirlər. Tramp respublikaçılar içərisində nüfuzlu olsa da, bütün əhali üzrə böyük populyarlığa malik deyil. Regionların səciyyəvi xüsusiyyətlərinin nəzərə alınması da demokratların qələbəsinə töhfə verdi. İşsizlik və inflyasiya kimi iqtisadi məsələlər bütün əhali üzrə aparıcı problem hesab olunsa da, hər ştat əhalisi seçkilərdə yerli problemlərə və namizədlərin şəxsi keyfiyyətləri ilə ştat dəyərləri arasında yaxınlığa xüsusi diqqət yetirirdi. Bu səbəbdən demokratlar bəzi tərəddüd edən ştatlarda qələbə qazandılar, digər ştatlarda isə respublikaçılara kiçik fərq ilə məğlub oldular. Həmçinin demokratlar iddia edirdilər ki, respublikaçılar iqtisadiyyatın vəziyyətini pisləməkdən savayı real heç bir xilas variantı təklif etmirlər. 

 

Nümayəndələr Palatası

 

Respublikaçılar Nümayəndələr Palatasına (NP) nəzarət etmək üçün tələb olunan 218 yeri qazana bildilər. Yeni spiker vəzifəsini K. Makkarti, demokrat azlığın rəhbəri vəzifəsini isə təqaüdə çıxan N.Pelosinin yerinə ehtimal ki, H.Ceffris tutacaqdır.

 

Demokratların Senat və Ağ Evdə, respublikaçıların isə NP-də üstünlüyü yaxın 2 ildə hissolunan dəyişikliklərin baş verməyəcəyini göstərir. Respublikaçılar NP-də bir çox təşəbbüslərlə çıxış etməyə cəhd göstərsə də demokratik Senat onun reallaşmasına mane olacaq. Hətta respublikaçılar bəzi demokratları öz tərəfinə çəkib, lazımi səs toplaya bilsələr belə, Bayden güman ki, veto hüququndan istefa edəcək. Respublikaçılar isə Prezident vetosunu dəf etmək üçün tələb olunan 2/3 səs çoxluğu toplaya bilməyəcək.

 

Cari qüvvələr balansı iqtisadiyyat və sosial sahədə əhəmiyyətli dəyişiklərin baş verməsinə imkan vermir. Demokratların 2020-ci ildən bəri vergi siyasəti, varlılardan minimum 15%-lik vergitutma və inflyasiyanın azaldılması aktı ehtimal ki, 2024-cü ilə qədər davam edəcək. Lakin, NP-də çoxluğun respublikaçılarda olması demokratların yeni iqtisadi təşəbbüslərlə çıxış etməsini qeyri-mümkün edəcək. Sosial islahatların əksəriyyəti qüvvədə qalsa da, yeni islahatlar növbəti prezident seçkilərinə qədər təxirə salınacaq.

 

2022-ci ilin noyabr ayı üçün ABŞ-ın milli borcu $31 trilyondan çoxdur. 2023-cü il büdcə layihəsi milli borc həddinin daha da artırılmasını tələb edir. K.Makkarti və digər respublikaçılar borc həddinin artırılması müqabilində demokratlardan dövlət xərclərinin azaldılmasını tələb edəcəklər. Respublikaçıların şantajından qurtarmaq üçün demokratların ilin sonuna (Konqresin yeni tərkiblə işə başlayacağına) qədər borc həddini artıracağı güman edilir. Borc həddi artırıldıqdan sonra dövlət xərclərinin azalması inflyasiya göstəricilərindən asılı olacaq. İnflyasiyanın artması da demokratları dövlət xərclərini azaltmağa məcbur edə bilər.

 

Palatalar üzərində nəzarətin fərqli partiyalara keçməsi siyasi problemlərdən xəbər verir. Wall-Street isə əksinə udacaqdır. Qarışıq Konqres sabitlik arzulayan investorlar tərəfindən müsbət qarşılanır. 1950-ci ildən “S&P 500”-ün ən yüksək orta gəliri Ağ Evin Demokratların, Konqresin isə Respublikaçıların əlində olduğu vaxtda olub. Konqres fərqli partiyalar arasında bölünəndə isə Ağ Evin hansı partiyanın nəzarətində olmasından asılı olmayaraq gəlirlər orta səviyyədən yuxarı olur.

 

Əhəmiyyətli dəyişikliklər xarici siyasətdə baş verə bilər. Sorğular respublikaçıların əsas düşmən qismində Çin və İranı gördüyünü göstərir. Respublikaçılar seçki kampaniyası zamanı Ukraynaya göndərilən yardımları azaldacaqlarına dair siqnallar versələr də, Xersonun alınması cəbhədə qüvvələr balansını dəyişdi. Görünən odur ki, Ukraynanın üstün olduğu vaxtda respublikaçılar yardımları azaltmayacaqlar. Demokratlar Konqresin tərkibi yenilənə qədər Ukraynaya gələn il üçün $50 milyard yardım ayırmağı planlaşdırırlar. Seçkilər ərəfəsində bəzi ermənipərəst demokrat namizədlərin administrasiya üzərində təsiri artmış və sonuncunun erməni lobbisinin bəzi tələblərinə uyğun hərəkət etməsinə səbəb olmuşdu. Seçkilərdən sonra administrasiyanın normal iş rejiminə və siyasətinə qayıdacağı gözlənilir.

 

Aralıq seçkiləri növbəti prezident seçkilərinə çox təsir göstərəcək. Senatdakı qələbədən sonra Bayden, NP-dəki qələbən sonra isə Tramp seçkilərdə iştirak edəcəklərini bəyan etdilər. Buna baxmayaraq, hər iki namizədin qələbə şansları aşağı qiymətləndirilir. Konqresə nəzarət etdiyi 2 il ərzində Baydenin reytinqləri aşağıya düşüb. Qarışıq Konqreslə reytinqlərin artacağı az ehtimal olunandır. Trampın dəstəklədiyi bir çox namizədlərin seçkilərdə məğlub olması, bir çox nüfuzlu şəxsin Trampdan üz döndərməsinə gətirdi. Rupert Merdoka məxsus “New York Post” və “Wall Street Journal” Trampı tənqid edən bir sıra məqalələr dərc etdi. Respublikaçılar daxilində güclü parçalanma + əksər respublikaçıların vahid namizəd kimi Floridanın qubernatoru R. DeSantisi görmək istəməsi Trampın yenidən prezident olma şanslarını azaldır.

 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi

 




Ana səhifəyə qayıt        Baxış: 6 530          Tarix: 24-11-2022, 11:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma