Xəbər lenti


 

Giriş 

 

17-18 oktyabrın tarixlərində Pekində Üçüncü Kəmər və Yol Beynəlxalq Əməkdaşlıq Forumu keçirilib. 2013-cü ildə Prezident Si Cinpin tərəfindən irəli sürülən təşəbbüsün 10-cu ildönümünə təsadüf edən Forum Kəmər və Yol Təşəbbüsünü (KYT) dəstəkləyən Asiya, Afrika, Şərqi Avropa və Cənubi Amerikanın 23 ölkəsinin liderlərinin, ümumilikdə isə 130-a yaxın ölkənin rəsmilərinin və 30 qlobal təşkilatın nümayəndələrinin iştirakı ilə baş tutub

 

Foruma sədrlik edən Si Cinpinin açılış çıxışının mövzusu “Ümumi inkişaf üçün açıq, inklüziv və qarşılıqlı əlaqəli dünyanın qurulması” idi. Çıxışda əsas diqqət çəkən məqamlar aşağıdakılar olub: 

 


• COVID-19 zamanı, KYT həyat qurtaran yola çevrildi. Çin digər ölkələrə 10 milyarddan çox maska və 2,3 milyard doza peyvənd verib və 20-dən çox ölkə ilə birgə peyvənd istehsal edərək, KYT tərəfdaşlarının COVID-19 ilə mübarizə səylərinə xüsusi töhfə verib. Çin də pandemiyadan ağır zərbə alanda 70-dən çox ölkədən dəyərli dəstək alıb; 

• KYT əməkdaşlığı “birlikdə planlaşdırmaq, birlikdə qurmaq və birlikdə fayda əldə etmək” prinsipinə əsaslanır. O, sivilizasiyalar, mədəniyyətlər, sosial sistemlər və inkişaf mərhələləri arasındakı fərqləri üstələyir. Bu, ölkələr arasında mübadilə üçün yeni yol açıb və beynəlxalq əməkdaşlıq üçün yeni çərçivə yaradıb; 

• “Kəmər və Yol” əməkdaşlığı vasitəsilə Çin öz qapılarını dünyaya daha da geniş açır. Çin bazarı qlobal bazarla daha da sıx inteqrasiya olunub. Çin 140-dan çox ölkə üçün ticarət tərəfdaşına və əsas investisiya mənbəyinə çevrilib. Həm xaricdəki Çin sərmayəsi, həm də Çinə xarici investisiyalar dostluğu, əməkdaşlığı, inamı və ümidi artırıb; 

• Öyrəndik ki, qazan-qazan əməkdaşlıq hamının xeyrinə olan böyük təşəbbüslərin həyata keçirilməsində uğurun etibarlı yoludur. İqtisadi inkişafda liderlik edən ölkələr hələ yetişməmiş tərəfdaşlarına əl uzatmalıdırlar. Necə deyərlər, başqalarına qızılgül hədiyyə edəndə onların ətri əlində qalır. Başqa sözlə, başqalarına kömək etmək həm də özünə kömək etməkdir. Başqalarının inkişafına təhlükə kimi baxmaq və ya iqtisadi qarşılıqlı asılılığı risk kimi qəbul etmək insanın öz həyatını yaxşılaşdırmayacaq və inkişafını sürətləndirməyəcək; 

• Qədim ipək yollarının öncülləri tarixdə öz yerlərini döyüş gəmisi, silahı olan atlı, qılınclı fateh kimi qazanmayıblar. Onlar dəvə karvanlarına və mallarla yüklənmiş yelkənli gəmilərə rəhbərlik edən mehriban elçilər kimi xatırlanırlar; 

 • İdeoloji qarşıdurma, geosiyasi rəqabət və blok siyasəti bizim üçün seçim deyil. Qarşı durduğumuz şey birtərəfli sanksiyalar, iqtisadi məcburiyyət, ayrılma və təchizat zəncirinin pozulmasıdır. 


Si Cinpin həmçinin Çinin yüksək keyfiyyətli Kəmər və Yol əməkdaşlığına dair atacağı səkkiz əsas addımı elan edib: 

 

Birincisi, çoxölçülü Kəmər və Yol bağlantı şəbəkəsinin qurulması. Çin, Çin-Avropa Dəmir Yolu Ekspressinin yüksək keyfiyyətli inkişafını sürətləndirəcək, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizində iştirak edəcək, Çin-Avropa Dəmiryolu Ekspres Əməkdaşlıq Forumuna ev sahibliyi edəcək və Avrasiya qitəsi boyunca yeni logistika dəhlizinin qurulması üçün birgə səylər göstərəcək. Biz limanları, gəmiçilik və ticarət xidmətlərini “İpək Yolu Dənizçilik” çərçivəsində intensiv şəkildə birləşdirəcəyik və Yeni Beynəlxalq Quru-Dəniz Ticarət Dəhlizinin və Hava İpək Yolunun tikintisini sürətləndirəcəyik; 

 

İkincisi, açıq dünya iqtisadiyyatının dəstəklənməsi. Çin İpək Yolu e-ticarət əməkdaşlığı üçün pilot zonalar yaradacaq, daha çox ölkə ilə azad ticarət sazişləri və investisiyaların qorunması müqavilələri bağlayacaq. Biz istehsal sektorunda xarici investisiyaların girişinə qoyulan bütün məhdudiyyətləri aradan qaldıracağıq. Çin hər il Qlobal Rəqəmsal Ticarət Sərgisini keçirəcək. Növbəti beş ildə (2024-2028) Çinin ümumi mal və xidmət ticarətinin müvafiq olaraq 32 trilyon və 5 trilyon ABŞ dollarını keçəcəyi gözlənilir; 

 

Üçüncüsü, praktiki əməkdaşlığın həyata keçirilməsi. Çin “kiçik, lakin ağıllı” proqramları təşviq edəcək. Çin İnkişaf Bankı və Çin İxrac-İdxal Bankı hər biri 350 milyard RMB maliyyələşdirmə pəncərəsi yaradacaq. İpək Yolu Fonduna əlavə 80 milyard RMB daxil ediləcək. Onlar birlikdə bazar və biznes fəaliyyəti əsasında KYT layihələrini dəstəkləyəcəklər. Bu Forum çərçivəsində baş tutan CEO Konfransında 97,2 milyard ABŞ dolları dəyərində əməkdaşlıq sazişləri bağlanıb. Çin 1000 kiçik miqyaslı layihə həyata keçirəcək və peşə təhsili sahəsində əməkdaşlığı genişləndirəcək. Biz həmçinin KYT layihələrinin və işçilərin təhlükəsizliyini təmin etmək üçün birgə səyləri gücləndirəcəyik; 

 

Dördüncüsü, yaşıl inkişafın təşviqi. Çin yaşıl infrastruktur, yaşıl enerji və yaşıl nəqliyyat kimi sahələrdə əməkdaşlığı dərinləşdirməyə davam edəcək və KYT Beynəlxalq Yaşıl İnkişaf Koalisiyasına dəstəyi artıracaq. Çin “Kəmər və Yol” Yaşıl İnnovasiya Konfransını keçirməyə davam edəcək və günəş sənayesi üçün dialoq və mübadilə mexanizmləri və yaşıl və aşağı karbonun inkişafı üzrə ekspertlər şəbəkəsi quracaq. Çin KYT üçün Yaşıl İnvestisiya Prinsiplərini həyata keçirəcək və 2030-cu ilə qədər tərəfdaş ölkələr üçün 100.000 təlim imkanı yaradacaq; 

 

Beşincisi, elmi və texnoloji innovasiyaların inkişafı. Çin “Kəmər və Yol” Elm, Texnologiya və İnnovasiyalar üzrə Əməkdaşlıq Fəaliyyət Planını həyata keçirməyə davam edəcək, Elm və Texnologiya Mübadiləsi üzrə ilk “Kəmər və Yol” konfransı keçirəcək, növbəti beş ildə digər tərəflərlə tikilən birgə laboratoriyaların sayını 100-ə çatdıracaq və digər ölkələrdən olan gənc alimlərin Çində qısamüddətli proqramlar üzərində işləməsinə dəstək verəcək. Bu Forumda Çin Süni İntellekt (AI) İdarəetmə Qlobal Təşəbbüsünü irəli sürəcək. Biz digər ölkələrlə mübadilə və dialoqu artırmağa və dünyada sağlam, nizamlı və təhlükəsiz AI inkişafını birgə təşviq etməyə hazırıq; 

 

Altıncısı, insanlar arasında mübadilələrin dəstəklənməsi. Çin, KYT tərəfdaş ölkələri ilə sivilizasiyalar üzrə dialoqu genişləndirmək üçün Liangcu Forumuna ev sahibliyi edəcək. Yaradılan İpək Yolu Beynəlxalq Teatrlar Liqası, İpək Yolu Beynəlxalq İncəsənət Festivalı, İpək Yolu Muzeylərinin Beynəlxalq Alyansı, İpək Yolu Beynəlxalq İncəsənət Muzeyləri Alyansı və İpək Yolu Beynəlxalq Kitabxana Alyansı ilə yanaşı, Çin həmçinin İpək Yolu Şəhərlərinin Beynəlxalq Turizm Alyansına start verib. Və biz Çin hökumətinin təqaüdü olan İpək Yolu Proqramı ilə davam edəcəyik; 

 

Yeddinci, dürüstlük əsasında Kəmər və Yol əməkdaşlığının təşviqi. Çin əməkdaşlıq tərəfdaşları ilə birlikdə “Bir Kəmər və Yol Dürüstlüyünün Qurulması Nailiyyətləri və Perspektivləri” və “Bir Kəmər və Yol Dürüstlüyünün Qurulması üzrə Yüksək Səviyyəli Prinsiplər”i dərc edəcək və “Kəmər və Yol” əməkdaşlığında iştirak edən şirkətlər üçün Dürüstlük və Uyğunluğun Qiymətləndirilməsi Sistemini yaradacaq. Biz həmçinin “Kəmər və Yol” əməkdaşlığında dürüstlüyün təşviqi ilə bağlı tədqiqat və təlim keçirmək üçün beynəlxalq təşkilatlarla işləyəcəyik; 

 

Səkkizinci, “Kəmər və Yol” beynəlxalq əməkdaşlığı üçün institusional təməlin gücləndirilməsi. Çin KYT tərəfdaş ölkələri ilə enerji, vergi, maliyyə, yaşıl inkişaf, fəlakətlərin azaldılması, korrupsiya ilə mübarizə, beyin mərkəzi, media, mədəniyyət və digər sahələri əhatə edən çoxtərəfli əməkdaşlıq platformalarının qurulmasını gücləndirmək üçün işləyəcək. Çin “Kəmər və Yol” Forumuna ev sahibliyi etməyə davam edəcək və Forum üçün katiblik yaradacaq. 



KYT-ni kimlər dəstəkləyir? 

 

Sonuncu “Kəmər və Yol” Forumundan bir qədər əvvəl dərc edilmiş Çinin KYT haqqında ilk ağ sənədinə görə, Pekin beş qitədə 150-dən çox ölkə və 30 beynəlxalq təşkilatla 200-dən çox KYT üzrə əməkdaşlıq müqaviləsi imzalayıb. Bu anlaşmalar Çin üçün vacibdir, çünki onlar KYT-yə etibarlılıq verir və Pekin tərəfindən təşviqat vasitəsi kimi təqdim olunur. Vacib məqamlardan biri odur ki, KYT anlaşma memorandumu imzalayan hər ölkə KYT layihələrinə ev sahibliyi etmir. Bundan əlavə, İtaliyanın təcrübəsi sübut etdiyi kimi, KYT-yə qoşulmaq bir ölkənin təşəbbüsə qoşulmayan 5 ölkələrlə müqayisədə Çin banklarından güzəştli kredit rejimi alacağına zəmanət vermir. Tənqidlərə baxmayaraq, Çin ilə KYT-yə qoşulan ölkələr arasında investisiya və ticarətin həcmində artım müşahidə edilib. 2013-2022-ci illər arasında Çinin KYT tərəfdaşları ilə ticarəti hər il təxminən 6,4 faiz artaraq 19,1 trilyon ABŞ dollarına, ümumi investisiyanın həcmi isə 380 milyard ABŞ dollarına çatdıb (mənbə: Ağ sənəd). 

 

Həmçinin, “Kəmər və Yol” Forumunda müxtəlif ölkələrin yüksək səviyyədə təmsilçi ilə iştirak edib-etməməsi akademik dairələrdə müzakirə edilən məsələlərdən biri olub. 2017-ci ildə 29 ölkənin liderləri Birinci “Kəmər və Yol” Forumunda iştirak etmək üçün Pekinə səfər edib, 2019-cu ildə ikinci forumda bu rəqəm 37-yə yüksəlib. Bununla belə, üçüncü forumda yalnız 23 dövlət və hökumət başçısı iştirak edib. Bu tendensiyanın səbəblərindən biri kimi Çinin bəzi ölkələrə borc vermək istəyinin azalması göstərilib. 

 

Üçüncü “Kəmər və Yol” Forumunda qonaqlar arasında Rusiya Prezidenti Vladimir Putin əsas diqqət mərkəzində olub. Onunla yanaşı Forumda həmçinin Taylandın Baş naziri Srettha Thavisin, Kambocanın baş naziri Hun Manet, İndoneziya Prezidenti Coko “Cokovi” Vidodo, Laos Prezidenti Thongloun Sisoulith, Şri Lanka Prezidenti Ranil Vickremesinghe və Papua-Yeni Qvineyanın Baş naziri Ceyms Marape, Pakistanın müvəqqəti baş naziri vəzifəsini icra edən Ənvaar-ül-Haq Kakar, Keniya Prezidenti Uilyam Ruto, o cümlədən Talibanın nümayəndə heyəti iştirak ediblər. İştirakçıların siyahısını təhlil edərkən vurğulamağa dəyər bir neçə məqam var. 

 

Birincisi, Rusiya prezidenti Vladimir Putin hər üç forumda iştirak edib. O, Beynəlxalq Cinayət Məhkəməsinin onun həbsinə order verdikdən sonra ilk dəfə keçmiş Sovet İttifaqı ölkələrindən kənara səfər edib.

 

İkincisi, Qərbi Avropa ölkələri demək olar ki, yekdilliklə forumdan kənar qalmağı seçiblər. Çexiya, Yunanıstan və İtaliya liderləri ilk iki “Kəmər və Yol” Forumunda iştirak etsələr də, bu dəfə Pekinə getməyiblər. KYT-yə qoşulan yeganə G7 ölkəsi İtaliyanın da iştirak etməməsi ehtimal ki, yaxın aylarda onun təşəbbüsdən rəsmən geri çəkiləcəyini təsdiqləyir

 

Üçüncü “Kəmər və Yol” Forumunda iştirak edən Avropa İttifaqının üzvü olan yeganə dövlət lideri hər forumda iştirak etmiş Viktor Orban olub. V.Orban Si Cinpin ilə görüşündə Macarıstanın Çinin Avropa İttifaqında etibarlı dostu və tərəfdaşı olmağa davam edəcəyini və təchizat və sənaye zəncirlərinin hər hansı bir şəkildə ayrılması və ya qırılmasına qarşı olduğunu bildirib. 

 

Nəticə 

 

Hadisələrin inkişafı göstərir ki, Pekinin KYT-dən vaz keçəcəyinə inanan skeptiklərin əksinə, Çin bu layihəyə diqqət ayırmağa davam etməkdədir. Ağ sənəddə də qeyd edildiyi kimi KYT Si Cinpinin xarici siyasət baxışının “əsas sütunu”, “ortaq gələcəyin qlobal icması” adlandırılır. On görə də, ən azı təşəbbüsün “baş memarı” kimi təsvir edilən Si Cinpin hakimiyyətdə olduğu müddətdə Çinin bu layihədən imtina etməyəcəyini zənn edə bilərik.

 

 Bununla belə, KYT-nin ikinci onilliyinin ilk on ildəkindən bəzi məqamlara görə fərqli olacağını ehtimal etmək olar. Növbəti onillikdə Çinin inkişaf etməkdə olan ölkələrə investisiya yatırmaqda daha seçici olacağını və KYT çərçivəsində meqalayihələrdən böyük ölçüdə vaz keçəcəyini proqnozlaşdıra bilərik. 

 

Eyni zamanda, rəqəmsal bağlantı, yaşıl inkişaf və rəqəmsal iqtisadiyyatla bağlı layiəhələrin prioritet olacağı gözlənilir. Həmçinin, KYT çərçivəsində Çin qlobal idarəetmə normalarına dair öz baxışlarını daha aktiv şəkildə təşviq edəcək. 

 

Qısacası, KYT bu gün Qlobal İnkişaf Təşəbbüsü, Qlobal Təhlükəsizlik Təşəbbüsü və Qlobal Sivilizasiya Təşəbbüsü ilə birlikdə Çinin qlobal vizyonunu əks etdirir. Başqa sözlə, Si Cinpin hələ də ABŞ ilə güclənən rəqabət şəraitində Çinin gücünü və təsirini inkişaf etdirmək üçün KYT-yə vacib bir vasitə kimi baxır. Gələcək illərdə ABŞ-Çin rəqabətinin artması ehtimalı ilə KYT-nin Pekin üçün dəyəri də artacağı gözlənilir. 

 

Bundan başqa, Si Cinpinin həm açılış nitqində, həm də Tokayevlə görüşündə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna xüsusi vurğu etməsi, eyni zamanda Çin və Qazaxıstan hökumətləri Çin və Avropa arasında konteyner qatarları da daxil olmaqla adıkeçən marşrutun inkişafı haqqında saziş imzalaması Çinin bu nəqliyyat dəhlizinə yaxın gələcəkdə daha çox diqqət ayıracağını deməyə əsas verir. 

 

Beləliklə, sonuncu forum təşəbbüsün ilk onillikdəki icrasını qiymətləndirmək və bundan sonra hara gedəcəyini görmək üçün fürsət olub. Dəyişikliklər müəyyən dərəcədə zamanın geosiyasi meyllərini və KYT-nin özünün üzləşdiyi çətinlikləri əks etdirir. 

 

Müəllif: Nağı Əhmədov, 

 

Beynəlxalq Münasibətlətlərin Təhlili Mərkəzində aparıcı məsləhətçi




Ana səhifəyə qayıt        Baxış: 5 275          Tarix: 2-11-2023, 13:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma