Xəbər lenti

ABŞ Maliyyə Nazirliyi İranın silah arsenalının xeyrinə maliyyə şəbəkələrində iştirak edən şəxslər və şirkətlərə sanksiya elan edib.

Vaşinqton bildirir ki, sanksiyanın subyekti olanlar İranın Müdafiə Nazirliyi, İran Silahlı Qüvvələrinin Baş Qərargahı, SEPAH üçün vəsait yaratmağa kömək ediblər.

İranın HƏMAS və “Hizbullah” da daxil olmaqla çoxsaylı regional proksi qüvvələrini dəstəkləmək üçün əmtəə satışı vasitəsilə milyardlarla dollar ekvivalentində gəlir əldə etdiyi bildirilir.

Məlumatlara əsasən, İran bu qeyri-qanuni kommersiya fəaliyyətlərini həyata keçirmək üçün xaricdə yerləşən şirkətlərin və brokerlərin mürəkkəb şəbəkələrindən istifadə edib.

Sanksiyaların yeni raundu İranda fəaliyyət göstərən şəxs və şirkətlərlə yanaşı, Birləşmiş Ərəb Əmirliklərində yerləşən bir neçə müəssisəni də əhatə edir. 

Bundan əlavə, ABŞ Çinin iki şirkətinə də sanksiya elan edərək onları da İrana yardım etməkdə təqsirləndirir.

ABŞ-nin sanksiyası İranın nüvə proqramını irəliyə aparması və Tehranın yeni silahlara sahiblənməsi ərəfəsində elan olunur ki, bu da təsadüfi deyil.

Çünki İran yeni silahları idxal etdiyi xüsusi silah hissələri ilə ərsəyə gətirir və bir neçə şirkət həmin əməliyyatların iştirakçısıdır.

Bundan əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və müxtəlif kəşfiyyat agentlikləri xarici silah istehsalçılarının elektron kommunikasiyalarının monitorinqi ilə topladıqları informasiyalarla həmin şəbəkənin izinə düşüblər.

ABŞ bu izlə gedərək İran üçün quru, hava və dəniz vasitəsilə daşınması nəzərdə tutulan qabaqcıl silah komponentlərinin qarşısını alıb.

İrana qabaqcıl silah proqramını təkmilləşdirmək üçün qurulan şəbəkəyə nəzarəti ABŞ kəşfiyyatının 702-ci Bölməsi həyata keçirir və o, Tehrana ötürülən cihazları dayandırmağı hədəfləyir.

Qərbdə hesab edirlər ki, İran hazırladığı silahları Rusiya-Ukrayna müharibəsində birincinin xeyri üçün istifadə edir.

Bu qorxunun artmasının səbəbi bir müddət əvvəldəki proseslə əlaqəlidir.

Çünki ABŞ-nin sanksiyalarına baxmayaraq, İran ucuz pilotsuz zərbə aparatları əldə edərək Rusiyaya verib, bu dəfə isə Tehran ballistik raket və nüvə proqramlarını özünün gələcək ambisiyaları üçün yeniləyir. 

ABŞ həyəcanlanır ki, Qərbin müasir istehsalı olan komponentlər casusluq yolu ilə Tehranın əlinə düşə bilər və İslam Respublikası bunu Rusiya ilə bölüşər.

Ona görə də 702-ci Bölmə ABŞ istehsalı olan avadanlıqların tədarük xəttini müəyyən etmək üçün müxtəlif casusluq fəaliyyətlərindən istifadə edir ki, İranın əlinə sürpriz keçməsin.

Lakin İran inamla uranın zənginləşdirilməsini 60 faizədək irəlilədə bilib ki, bu da onun nüvə dövlətləri ailəsinə daxil olmaq hazırlığının əlamətidir.

Deməli, ABŞ-nin sanksiyaları İranın silah arsenalını təkmilləşdirmək planına tıxac vursa da, onların Tehranın nüvə proqramına həlledici bir təsiri olmayacaq.

oxu.az

Aqşin Kərimov




Ana səhifəyə qayıt        Baxış: 4 469          Tarix: 1-12-2023, 18:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma