Xəbər lenti
Kitab Əli Bəy Hüseynzadənin babası Qafqazın Şeyxülislamı Şeyx Əhməd Salyaninin şəxsi kitabxanasından yadigardır

 
Qafqaz müsəlmanlarının III Şeyxülislamı Şeyx Əhməd Salyaniyə məxsus, 250 ildən çox yaşı olan iki “Qurani-Kərim” kitabı bu günlərdə şəhər mərkəzi kitabxanasına hədiyyə edilib.
İslam.az AZƏRTAC-a istinadən xəbər verir ki, kitablar kitabxananın xüsusi şöbəsində saxlanılır.
Nizami Gəncəvi adına Salyan şəhər Mərkəzi Kitabxanasında bir neçə ildir “kitab abidələr”i mövcuddur ki, həmin kitablar dövlət reyestr xidmətində qeydiyyatdan keçərək xüsusi şöbədə saxlanılır. Kitabxananın mübadilə şöbəsində qorunan 114 adda “kitab abidələr”in bir əsrdən çox yaşı var ki, bunlardan 69-u lüğət tərkibli, 15-i söz birləşmələri haqda ensiklopedik lüğət, 6-sı isə Yer planetindən bəhs edən ensiklopediyadır. Qalanları “Qurani-Kərim”in nümunələridir.
Bu günlərdə şəxsi evlərdə saxlanılan daha bir neçə qədim kitab kitabxanaya hədiyyə edilib və “kitab abidələr”i daha da zənginləşib. Bunların arasında ən dəyərlisi iki “Qurani-Kərim” kitabıdır. Həmin kitablar Şeyx Əhməd Salyaniyə məxsus olub. Hər iki Quran xəttatlar tərəfindən əllə yazılıb. Deyilənlərə görə, Şeyx Əhməd Salyani təxminən 1865-ci illərdə bu kitablardan istifadə edib. Şeyxdən yadigar qalan bu kitabları 1937-ci ildə repressiya qurbanı olan Salyanın nüfuzlu din xadimi Mirbağırağa Ağazadə kimsənin əlinə keçməsin deyə torpağa basdırıb. Bir neçə il bundan əvvəl qazıntı zamanı həmin kitablar aşkar edilib və şəxsi evlərdə saxlanılıb. Bu günlərdə isə həmin kitablar mərkəzi kitabxanaya hədiyyə edilib.
Qeyd edək ki, 1812-ci ildə Salyanda doğulub 1887-ci ildə Tiflisdə dünyasını dəyişmiş, dövrünün görkəmli islamşünas alimi, Qafqaz müsəlmanlarının III Şeyxülislamı olan Şeyx Əhməd Salyani Qafqaz müsəlmanlarının I Şeyxülislamı Məhəmmədəli Hüseynzadənin oğlu, dahi mütəfəkkir Əli bəy Hüseynzadənin babasıdır.



Ana səhifəyə qayıt        Baxış: 1 242          Tarix: 31-03-2017, 08:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma