Bir müddət əvvəl Fransanın Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı casus şəbəkəsinin məhz Azərbaycanda ifşa olunması təkcə ölkəmizdə deyil, bütün dünyada böyük əks-səda doğurdu. Qərb mediasının Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin bu əməliyyatını Fransa xüsusi xidmət orqanlarının son 50 ildəki ən böyük iflası və biabırçılığı adlandırdı. Hətta Fransa xüsusi xidmət orqanının rəhbərinin istefaya göndərilməsini də bu amillə əlaqələndirirlər.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin analizini təqdim edirik.
Fransa casus şəbəkəsinin Azərbaycanda ifşası Emmanuel Makronun Cənubi Qafqazdakı geosiyasi çabalarına ağır zərbədir. Yerli tarixin və bölgədəki reallıqların inkarı üzərində qurulmuş siyasətdən fərqli aqibəti gözləmək əbəs olardı. Avropanın Qərbindən Asiya ilə sərhəd olan bölgəsinə uzanan aqressiv siyasətin mövcud tarazlığın pozulması və sadəcə bir xalqa olan simpatiya üzərində qurulması onun əvvəlcədən iflasa uğrayacağına işarə idi. Baş verənlərdə məntiq var: Paris regional çəkişmədə Azərbaycana bütün müstəvilərdə biabırcasına məğlub oldu.
Parisin naşılığı və özünə hədsiz arxayınlığı
44 günlük müharibənin hərbi gedişatını dəyişə bilməyən Makron BMT-də ardıcıl məğlubiyyətlərdən sonra güclü mövqelərə malik olduğu Avropa Ittifaqı müstəvisində də əliboş qalıb. Azərbaycan Avropanın müxtəlif kürsülərindən edilən təzyiq cəhdlərinə, ümumiyyətlə, önəm verməyib. Bizim Fransa və Ermənistandan fərqli olaraq, qitənin ciddi dövlətləri, işgüzar dairələri və düşünən beyinləri ilə daha effektiv münasibətlərimiz var. Azərbaycanın xarici siyasəti real imkanlar, təsirli alətlər və gerçək gözləntilər üzərində qurulub. Şahmat taxtasında partiya başlamadan öncə rəqiblərin gedişlərini nəzərə almaqla yanaşı, cavab tədbirləri də hazır olmalıdır. Son 3 il sübut edir ki, rəsmi Bakı yaşadığımız reallığın təhdid və çağırışlarına hələ 27 sentyabr 2020-ci ildə hazır olub. Yeganə gözlənilməyən faktor Parisin naşılığı və özünə hədsiz arxayınlığıdır: BMT TŞ-nin 5 üzvündən biri kimi ciddi dövlət imicinə malik olmuş Fransanın həm özünü, həm də himayəsinə götürdüyü Ermənistanı “Qafqaz tələsi”nə salacağını öncədən təsəvvür etmək həqiqətən də çətindir. Fransız casuslarının deşifrə edilib Azərbaycandan qovulması Makron Fransasının acı reallıqlarının bariz göstəricisidir.
Qəflət yuxusundan oyanış
MDB liderlərinin Sankt-Peterburqdakı qeyri-formal görüşündə Nikol Paşinyanın ənənəvi diskomfortundan savayı həm də çox bədbin görünməsi İrəvanda qəflət yuxusundan acı oyanışın təzahürü idi. Ermənistan hakimiyyəti Fransanın sakitləşdirici həblərindən oyanıb reallığın sərt tələbləri ilə üz-üzə qalıb. Paşinyanın tənhalığı, parlament sədri Simonyanın Azərbaycanla gələcək qonşuluğun romantik konturlarını cızması, diplomatdan çox demaqoq və şikayətçi olan XİN rəhbəri Mirzoyanın isə özünü boğub sülh gündəminə dair bəyanat verməsi bu gerçəkliyi dərketmə mənzərəsinin əlamətləridir. Yəqin ki, Paşinyan hökumətində bu aqibətdə Parisin fitvasının heç də sonuncu rol oynamadığını anlayanlar da var. Fransanın cırılmış maskası və zədələnmiş simasını nəzərə almasaq, maddi itkiləri böyük deyil: Senatda mənasız müzakirələr, ermənipərəst merlərin lüzumsuz qərarları və Ermənistana göndərilmiş ikinci əl zirehli hərbi maşınlar. İrəvanın son 3 ildəki itkiləri ilə müqayisədə Makronun “xərclər”i cüzidir. Bütün bunları kompensasiya etmək üçün iki ölkə arasında heç qarşılıqlı normal ticarət dövriyyəsi də yoxdur. Ermənistanın Rusiya ilə olan iqtisadi təmasları yanında Fransa ilə olan ticarətin cılız rəqəmləri gülünc görünür. Makronun geosiyasi kaprizlərini Fransa kimi dövlət növbəti hakimiyyətləri ərzində kompensasiya edə biləcək. Ermənilərə isə şirin yuxudan sadəcə xatirələr qalacaq.
Fransa Cənubi Qafqazda yad ünsürdür
Fransanın şahmatın bu partiyasını da rəzil şəkildə uduzmasının başlıca səbəbi Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə təsirli xarici siyasət, resurslardan savadlı istifadə, “yumşaq güc”lə hərbi qüdrətin zamanında və bir neçə dəfə əvəzləməklə effektiv yararlanmasıdır. Ola bilsin ki, Parisdə Bakının potensialını kifayət qədər nəzərə almayıblar, ənənəvi şovinist diplomatiya Yelisey sarayında hədsiz arxayınlığa səbəb olub. Nəticə göz önündədir: geosiyasətdə məğlub Makronun regional ümidləri casus ifşası ilə puç oldu. Əks-kəşfiyyatımızın bu parlaq əməliyyatı Azərbaycanın bir ciddi dövlət olaraq dünyadakı imicinə əlavə rəng qatır. Cəmi 30 illik müstəqillik tarixi olan bir ölkənin zəngin tarixi olan nüvə dövləti - Fransaya qarşı demarşı beynəlxalq reputasiyamızı daha da gücləndirəcək.
Fransa Cənubi Qafqazda yad ünsürdür. Bu ölkə bizim bölgənin ənənəvi geosiyasi aktoru deyil. Makron hakimiyyəti etnik və dini romantizmi kənara qoyub regiondakı perspektivlərə ayıq başla yanaşmayınca, belə fiaskolar davam edəcək. Fransanın geoiqtisadi iştahasını nəzərə alsaq, gələcək itkiləri daha miqyaslı ola bilər. Afrikadakı çoxəsrlik mövqelərini itirdikdən sonra enerji istehsalı üçün xammalı - uranı Orta Asiyada axtaran Paris Bakı ilə normal münasibətləri nəzərə almağa məcburdur. Azərbaycan bu münasibətlərin hazırkı vəziyyətə gəlib çatmasında heç vaxt maraqlı olmayıb. Bunun bariz göstəricisi fransız şirkətlərinin problemsiz fəaliyyətidir. Fransa iqtisadiyyatının Xəzərdən əldə etdiyi gəlir Ermənistanla mövcud və perspektiv ticarətdən dəfələrlə çoxdur. Makron bu reallığı nəzərə almayınca Cənubi Qafqaz trekində məğlubiyyətə məhkumdur.
Ayaq altında qalanın canı çıxsın!
Şübhəsiz ki, Fransada romantik təşəbbüslərin siyasi dəhlizlərdə bir araya gətirdiyi populist siyasətçilərlə yanaşı, duruma soyuq başla baxan praqmatik peşəkarlar da var. Makron Fransasını “Qafqaz bataqlığı”ndan çıxarmaq qarşıdakı illərdə məhz onların üzərinə düşən yük olacaq. Ancaq bu fiasko tək Fransanın deyil, ümumilikdə Qərbin qeyri-adekvat yanaşmasının iflasıdır. Son 3 ildə Fransa ilə ABŞ hər vəchlə Ermənistan-Azərbaycan yekun sülhünü əngəlləməyə, yaxud ən azı ertələməyə çalışıblar. Keçmiş Minsk qrupu ənənələrinin bərpasına yönəlmiş bu cəhdlər nəticə etibarilə kollektiv Qərbin regional maraqlarına böyük zərbədir. Bu gün Ermənistan Azərbaycanın “3+3” təşəbbüsünə qoşulmaq məcburiyyətində qalıbsa, Qərb oyundankənar vəziyyətə düşməsinin səbəblərini Vaşinqtonda və Parisdə axtarmalıdır. Türkiyə-Rusiya-İran diplomatik trafiki Qərbin yarıtmaz siyasətinin reallığıdır. İtkiləri bərpa etmək üçün xeyli vaxt və çaba lazım olacaq. Necə deyərlər, ayaq altında qalanın canı çıxsın!
Paylaş: