İsrailin ən ünlü mətbu orqanlarından birinin iki gün öncə yaydığı bir xəbər Azərbaycan siyasi dairələrinin ciddi reaksiyasına səbəb oldu. Məlumatla bağlı rəsmi açıqlama Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovdan gəldi. N. Məmmədov AZƏRTAC-a verdiyi açıqlamada məlumatın həqiqəti əks etdirmədiyini, son zamanlar həmin mətbu orqanın Azərbaycan əleyhinə bir neçə məlumat dərc etdiyini bildirdi və “məsuliyyət hissindən məhrum bu kimi mətbuat orqanlarını vaxtaşırı yalan və böhtan xarakterli dezinformasiyalar yaymaqda” qınadı.
Sözsüz ki, Cənab Məmmədovun bu cəld reaksiyası səbəbsiz deyildi. Məlumatın bu cür əks-səda doğurmasının bir neçə səbəbi var. Səbəblərdən biri həmin xəbərlə hədəf seçilən ünvan, digəri Azərbaycan siyasi iradəsinə qarşı informasiya hücumunun edildiyi məkan, bir başqası isə hücum edənin kimliyi və hücumun zamanlaması idi.
Novruz Məmmədov dünənki açıqlamasında sionist məkrin hədəfinə çevrilən ünvanın Azərbaycan prezidenti və onun ailəsi olduğundan cavab vermək məcburiyyətində qaldığını etiraf edərək bildirirdi: “İndiyə qədər İsrailin “Haaretz” qəzetində dəfələrlə Azərbaycan dövləti, onun xarici və daxili siyasəti ilə bağlı bəzi yalan məlumatlar dərc olunub. Lakin növbəti yalan və böhtan birbaşa Prezidentin ailəsinə qarşı yönəldiyindən ona münasibət bildirməyə ehtiyac var”. Elə bu açıqlamanın özü yuxarıda ilk səbəb olaraq göstərdiyimiz amilin həqiqət olduğunu sübut edir və əlavə şərhə ehtiyac qalmır.
Digər başlıca səbəb isə həmin dezinformasiyanın İsrailin ən ünlü qəzeti tərəfindən yayılmasıdır. Xatırladaq ki, “Haaretz” yəhudilərin ilk mətbu orqanı kimi tanınır. Yaşı İsrailin yaşından xeyli çoxdur; İsrail 1948-ci ildə qurulub, “Haaretz”in fəaliyyətə başlama tarixi isə 100 il əvvələ qədər uzanır. İki dildə - ibranicə və ingiliscə dərc olunan bu qəzet ilk dəfə 1918-ci ildə işıq üzü görüb. Həmin il ingilislərin dəstəyi ilə Fələstində həyata vəsiqə qazanan qəzet İsrail dövlətinin qurulmasında əsas təşviqatçı və təbliğatçı rolunu oynayıb, uzun müddət sionizmin əsas məfkurə trubinasına çevrilib.
Hazırda belə, o, İsraildə ən çox satılan qəzetlərdəndir. Məlumata görə, qəzetin təkcə ibranicə variantının 65 min abunəçisi var. Qəzet hər gün 72 min tirajla dərc olunur və həftəsonları bu sayı 100 minə çatdırır. Nəzərə alsaq ki, İsrailin əhali sayı Azərbaycan qədərdir, bu qədər böyük tirajla çıxan qəzetin İsrail toplumundakı nüfuzunu anlamaq çətin olmaz. Zira bizdə ən çox satılan qəzetin tirajı 10 mini nadir hallarda keçir.
“Haaretz” İsrail intellektuallarının və dövlət adamlarının ən çox oxuduğu və təsirləndikləri qəzetdir. Bu mənada o, indi də İsrailin siyasətinin formalaşmasında mühüm rol oynayır.
Qəzetin ingiliscə variantı ibranicəsindəkindən az dərc olunsa da, təsir imkanı baxımından ondan geri qalmır. 15 min abunəçisi olan qəzetin ingilis variantı “International New York Times”la birgə dərc olunur və satılır.
Hər iki variantın həm də internet səhifəsi var və bu da qəzetdə dərc olunan məlumatların daha çox insana çatdırılmasına kömək edir.
Sözsüz ki, bu qədər nüfuzlu mətbu orqanda hədəfə ( özü də Novruz Məmmədovun təbirincə desək, haqsız hədəfə) çevrilmək arzuolunmaz haldır və rəsmi Bakının yəhudi məkrinə dərhal reaksiya verməsi başadüşüləndir.
Rəsmi Bakını qıcıqlandıran səbəblərdən biri də məlumatın İsrail rəsmilərinin diliylə sızdırılmasıdır. Bilindiyi kimi, Azərbaycan siyasi iradəsi barədə həqiqətə uyğun olmayan fikirlər İsrailin Turizm naziri Yarev Levin tərəfindən dilə gətirilmişdi. Novruz Məmmədovun dünənki açıqlamasında keçən bir ştrix rəsmilərimizi də ən çox narahat edən məqamın məhz bu olduğunu göstərir. ““Haaretz” qəzetinin jurnalisti məkrli niyyətini həyata keçirmək üçün İsrailin turizm naziri Yarev Levinə istinad edir” - deyən Novruz həm ölkəmizdəki İsrail səfirliyini, həm də yəhudi naziri xəbər barədə fikir bildirməyə çağırırdı.
İsrailin turizm naziri Yarev Levinin siyasi mənsubiyyəti də narahatlıq doyurmaya bilməz. O, beşpartiyalı indiki koalisiya hökumətində “Likud”u təmsil edir. “Likud” isə mövcud 34-cü hökumətin Baş naziri Benjamin Netanyahunun rəhbəri olduğu partiyadır və qlobal sionist lobbinin öndə gələnlərindəndir. Netanyahunun qlobal siyasi gücü ABŞ-ın əvvəlki prezidenti Obamanın dövründə tam mənası ilə ortaya çıxmışdı. Yəhudi məsələsinə münasibətdə əks mövqedə dayanan Obamanın iradəsini onun öz ölkəsində belə, üstələyən Netanyahu ABŞ Senatında və Konqresində rahatlıqla toplantılar keçirir, Ağ evə ciddi təzyiqlər edə bilirdi. Bəzi ekspertlərin fikrincə, demokratların təmsilçisi Klitonun Tramp qədər zəif, qeyri-ciddi respublikaçı qarşısında məğlubiyyətə uğramasının başlıca səbəblərindən biri də Obama ilə sionizm iradəsi arasında yaranan ziddiyyət olmuşdur.
Bu baxımdan Novruz Məmmədovun İsrail rəsmilərini məlum çıxışla bağlı mövqelərini bildirməyə çağırması anlaşılandır. Görünür, rəsmi Bakı həmin çıxışın dil sürüşməsindənmi, yoxsa İsrailin siyasi iradəsinin ifadəsindənmi doğduğunu müəyyənləşdirmək istəyir. Həqiqətən də Novruz Məmmədovun bu çağırışına İsraildən gələcək reaksiya bir çox qaranlıq mətləblərə aydınlıq gətirəcək.
Hələlik isə, Tel-əvivin rəsmi mövqeyi təsiri bağışlayan bu çıxışın zamanlaması da ciddi narahatlıq doğurur. Məlum olduğu kimi, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarıyla Soçidə görüşmüş və görüş xeyli mehriban şəraitdə keçmişdi. Görüş barədə Azərbaycan mətbuatında gedən şərhlərdə iki liderin əsasən erməni məsələsi üzərində müzakirə apardıqları qeyd olunsa da, fikrimcə, bu analizlər ictimai rəyi başqa istiqamətlərə yönəltməyə xidmət edirdi. Zənnimcə, görüşün başlıca məqsədi Azərbaycanın geopolitik məkanda öz tərəfdaşını aydınlaşdırması idi. Nədən ki, bu zamana qədər ABŞ və Rusiya arasında balanslaşdırıcı siyasət yürütməklə heç kimin xətrinə dəyməyən Azərbaycan diplomatiyası artıq dalana dirənib. Neftin ucuzlaşmasıyla onsuz da Qərbin gözündəki cazibəsi azalan ölkəmizin qeyri-neft sektorunun inkişafı yolunda isə Rusiya bazarına ciddi ehtiyacı var. Rusiya üçün də əslində Qərbin sanksiyalarının təsirini azaltmaq, xarici basqılara qarşı dayanmaq üçün yaxın tərəfdaşlar lazımdır. Yeni müttəfiqlik planında isə Avrasiya İttifaqının adı çəkilir, Türkiyədən tutmuş, Qırqızıstana qədər bir çox türk toplumlarının bu ittifaqda yer ala biləcəyindən söz edilir. Yerləşdiyi coğrafiyada getdikcə təklənən rəsmi Bakının bu basqılı təkliflərdən uzaq dayanması xeyli çətin görünür.
Avrasiyaçılığa yönəlmək isə təkcə iqtisadi əməkdaşlıqla qalmaya bilər. İttifaqın kəmərlərini bərkitmək üçün rəsmi Bakı ciddi kadr islahatlarına getməli və yaxud ruspərəstlərin Qərbyönümlülərlə dəyişdirilməsi prosesini dayandırmalıdır. Prinsipcə, bu təklif Azərbaycanı köhnə sovet təfəkkürü ilə idarə etməyə alışmış mövcud hakimiyyətə də sərf edir. Bu yoldakı yeganə əngəl Azərbaycan məmurlarının Qərb ölkələrinə yatırdığı investisiyaların batma riskidir. Daha konkret ifadə ilə desək, Qərb dövlətləri bu zamanadək yatırılan investisiya kapitalının mənbəyinin bilinmədiyini iddia edib onlar üzərində “STOP” işarəsi qoya bilər. Fikrimizcə, İsrail nazirinin dilə gətirdiyi (əgər dil sürüşməsi deyilsə) fikirlər də bu mesajı vermək üçün idi.
Sual oluna bilər: Azərbaycanın Rusiyayla yaxınlaşması İsraili niyə qorxudur?
Fikirmizcə, bu qorxu Rusiyanın yenidən SRRİ dövrünün “anti-imperialist” siyasətinə qayıtmaq ehtimalından qaynaqlanır. Sirr deyil ki, ABŞ və Avropa ölkələrinin Şərq xalqlarını müstəmləkəyə çevirdiyini bəhanə gətirən SRRİ həmin xalqların “imperializmə qarşı” dirənişini dəstələyir, Qərbin planını pozurdu. Moskvanın bu siyasətinin xüsusilə Yaxın Şərqdə təsirli olduğu bəllidir və ən çox da ərəb dünyasının bir çox ərazilərini ələ keçirmək istəyən sionizmə zərər vururdu.
Baxmayaraq ki, İsrailin qurulmasına 1848-ci ildə ciddi dəstək verən SSRİ 1967-ci ildən sonra siyasətini tamamilə dəyişmişdi. Tarixə “6 günlük müharibə” kimi düşən yəhudi-ərəb qarşıdurmasında İsrailin irəliləməsini SSRİ-nin sərt bəyanatları dayandırmışdı. 1973-cü ildə Yom Kippur müharibəsinə SSRİ-nin mövqeyi isə daha sərt olmuşdu. O dövrün sovet lideri L. İ. Brejnevin ABŞ prezidentinə yazdığı məktub Yaxın Şərqə bir xeyli stabillik gətirmişdi. Həmin məktubda İsrail irəliləyişini dayandırmasa, sovet ordusunun bölgəyə hərbi müdaxilə edəcəyi bildirilirdi. Məhz bu ultimatum sionist ilhaq siyasətinin qarşısını almışdı.
SSRİ dağıldıqdan sonra “aranı xəlvət” görən Tel-əviv yenidən Fələstin xalqına qan uddurdu, İraq və Suriyadakı proseslərə gizli dəstək verərək, müsəlmanları zəiflədən məzhəb savaşlarını körüklədi. Maraqlıdır ki, son zamanlar Suriyada bu siyasətin qarşısını kəsən yenə Rusiyanın hərbi müdaxiləsi oldu.
İsrail yaxşı anlayır ki, hücumun ən yaxşı müdafiə olduğunu bilən Moskva özünün yenidən dünya dövlətinə çevrilməsi yolunda bir çox riskləri gözə almağı düşünür və bu istiqamətdə konkret addımlar atır. Atılacaq əsas addımlardan biri isə, 200 ilə yaxındır ki, öz nəzarəti altında tutduğu ərazilərdə qüvvətlənmək, yalnız bundan sonra Yaxın Şərq və Şərqi Avropa coğrafiyalarına qayıtmaqdır. Görünür, post-sovet məkanı kimi Azəbaycanın Rusiyayla yaxınlaşması bu səbəbdən Tel-əvivdə xof yaradır. Yəqin ki, Azərbaycan siyasi iradəsi barədə dezinformasiya yayılması da bu xofdan qidalanır.
Heydər Oğuz
Ovqat.com
Paylaş: