Xəbər lenti


 

İsrailin Suriyanın paytaxtı Dəməşqə hava hücumu nəticəsində İran təhlükəsizlik qüvvələrinin 5 yüksək rütbəli əməkdaşı həlak olub.

 

Ovqat.com-un məlumatına görə, iddianı İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) da təsdiqləyib.

 

SEPAH-ın dünən yaydığı ilk bəyanatında dörd "baş hərbi məsləhətçisi" ilə yanaşı bəzi Suriya qüvvələrinin də həlak olduğunu açıqlanmışdı. Daha sonra yayılan digər bəyanatda isə hücum zamanı yaralanan Əmin Səmədinin də öldüyü bildirilmişdi.

  

İsrail iddia ilə bağlı heç şərh verməyib. 

 

Şəkildə: İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani

İran Xarici İşlər Nazirliyi dünən yaydığı bəyanatda Dəməşqə hücumu “sabitliyi pozmaq üçün çıxılmaz cəhd” kimi qiymətləndirib.

 

Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani açıqlamasında deyib ki, İran “cavab vermək hüququnu özündə saxlayır”. Başqa sözlə, İran bu hücuma tezliklə cavab vermək niyyətində deyil. Maraqlıdır ki, İsrailin tez-tez təkrarlanan bu hücumları qarşısında səssizliyini qoruyan İran hücumlarının qisasını ya İraqdakı, ya Suriyadakı, ya da Pakistandakı “MOSSAD casusları”ndan alır. Necə ki, bizim Cəbrayil rayonundakı bir fermada bəslənən camışlara “MOSSAD agenti” kimi baxırdı. İranın bu mübahisədoğuran mövqeyi İslam dünyasında, hətta İrana ən yaxın dövlətlərdə də ciddi narahatlıq və ritorik suallar doğurur. Ötən günlərdə ənənəvi Davos Dünya İqtisadi Forumunda iştirak edən İraqın Xarici İşlər naziri Fuad Hüseyn Şərqül-əvsat” nəşrinə müsahibəsində İranın bu absurd mövqeyini tənqid edərək demişdi: 


Şəkildə: İraqın Xarici İşlər naziri Fuad Hüseyn 


“Qəribədir ki, iranlılar başqalarını günahlandırırlar. İran rəsmilərinin uğursuzluğu nəticəsində öz ölkəsində sui-qəsd, terror aktları kimi problemlər qeydə alınır. Bununla belə, onları öz problemlərini sərhədlərindən kənara keçirməyə çalışırlar…

 

Əslində İran İsraillin qarşına çıxa bilmir, ona görə də Ərbilə hücum edir. İrəli sürdüyü iddiaların isə heç bir real əsası yoxdur. Bu, İranın xaricə ixrac etdiyi daxili problemidir. Suriyada İsrailin tam sərhədində dayansa da, onunla qarşılaşmaq istəmir”.

 

Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu hücumda ümumilikdə 10 nəfərin öldüyünü açıqlayıb. Açıqlamada bildirilir ki, İranın “mühüm hərbi, siyasi və iqtisadi gücü” olan İnqilab Keşikçiləri Korpusunun bəzi yüksək vəzifəli şəxsləri 2011-ci ildə başlayan vətəndaş müharibəsindən bəri Suriyada xidmət edir və Bəşər Əsədin administrasiyasını dəstəkləyirlər.

 

Suriya dövlət mediası hücumun İsrail tərəfindən törədildiyindən şübhələnir. Ölkənin rəsmi xəbər agentliyi SANA məlumat yayıb ki, "Dəməşqin əl-Mezeh məhəlləsində bir binanı hədəf alan hücum İsrailin təcavüzü nəticəsində baş verib".

 

İnqilab Keşikçiləri Ordusunun İctimaiyyətlə Əlaqələr bölməsindən verilən ilk açıqlamada, Dəməşqin əl-Mezeh bölgəsindəki hücum nəticəsində çoxlu suriyalı əsgərin öldüyü də etiraf edib.

 

Öldürülən dörd nəfərin adlarının Höcətullah Omidhar, Əli Ağazadə, Hüseyn Məhəmmədi və Səid Kərimi olduğu açıqlanıb, lakin onların hərbi rütbələri barədə məlumat verilməyib.

 

İranın yarı-rəsmi “Mehr” xəbər agentliyinə görə isə, hücum nəticəsində öldürülənlər SEPAH-ın Suriyadakı kəşfiyyat idarəsinin rəisi, onun müavini və digər iki İslam keşikçisidir. Keçən ay İran İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli bir komandiri də Dəməşq yaxınlığındakı bölgədə İsrailin hava hücumu nəticəsində öldürülmüşdü. 

 

Suriyalı qaynaqların iddiasına inansaq, sözügedən hücum ən azı 4 raketlə həyata keçirilib və Dəməşqin Mezeh rayonunda SEPAH yetkililərinin məskunlaşdığı 4 mərtəbəli bina tamamilə dağıldılıb.

 

Dəməşqin qərbində yerləşən Mezeh məhəlləsində hərbi hava limanı, həmçinin Birləşmiş Millətlər Təşkilatının Dəməşqdəki mənzil-qərargahı və Livan və İran səfirlikləri də daxil olmaqla bir sıra diplomatik nümayəndəliklər yerləşir.

 




Ana səhifəyə qayıt        Baxış: 4 859          Tarix: 21-01-2024, 10:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma