Xəbər lenti


ABŞ-da prezident seçkiləri ərəfəsində ölkənin keçmiş prezidenti Donald Trampın Ukrayna müharibəsi barədə verdiyi bəzi bəyanatlar bütün dünyada, o cümlədən ölkəmizdə ciddi narahatlıqlar yaradır. Trampın təmsilçisi olduğu Respublikçılar partiyasının son zamanlar Konqresdə və Senatda Ukraynaya silah yardımlarını dayandırmaq səyləri də bu narahatlığı artırır. Nəticədə bir çox siyasi analitikdə belə fikir formalaşır ki, Tramp ABŞ prezidenti seçilərsə, Ukraynadan tamamilə üz döndərəcək və “Öncə Amerika” devizini əldə rəhbər tutaraq öz qınına çəkiləcək. Beləliklə də, xüsusilə Şərqi Avropa yenidən rus imperializminin mərhəmətindən asılı vəziyyətə düşəcək.

 

Bəs, bu təsəvvürlər nə qədər realdır?

 

Əvvəla, onu deyək ki, ABŞ-da və ümumiyyətlə Qərb ölkələrində seçki öncəsi verilən vədlərlə seçki sonrası aparılan siyasət bir çox hallarda üst-üstə düşmür. Siyasi liderlər bəzən seçicilərin səsini qazanmaq üçün populist fikirlər ortaya atır, icraata gələndə isə öz dövlətlərinin milli maraqlarından kənara çıxa bilmirlər. Ukrayna savaşında Rusiyanı tamamilə zəiflətmək də ABŞ-ın milli maraqlarından irəli gəlir, hakimiyyət kreslosunda kimin oturmasından asılı olmayaraq, bu siyasət eynilə davam etdirməilidir. Bu baxımdan, Donald Trampın seçki öncəsi nə deməsi hələ onun seçiləcəyi təqdirdə öz sözünün ağası olacağı mənasına gəlmir. ABŞ-da keçirilən rəy yoxlamaları ilə də hakimiyyətə gələcəyi şübhə doğurmayan Trampın vəzifəsini təhvil aldıqdan sonra hansı siyasəti yürüdəcəyini onun ilk prezidentlik dövründəki atdığı addımlar daha aydın göstərir. İstərsəniz, gəlin, bu addımları bərabər nəzərdən keçirək.

 

Doğrudur, Trampın hakimiyyəti dövründə ən çox məruz qaldığı ittihamlar onun Rusiya ilə yaxın əlaqələrinin olması ilə bağlı idi. ABŞ-ın kəşfiyyat orqanları Trampın yaxın çevrəsinin Rusiya ilə əlaqələrini ortaya çıxarmış və bu səbəbdən də onun bir çox komanda üzvü istefa vermək məcburiyyətində qalmışdı. Bununla belə, Trampın hakimiyyətdə olduğu 4 il müddətində Rusiya ilə uyumlu siyasət yürütdüyünü də demək çətindir. Əksinə, Tramp zamanında Rusiya, Avropa və Çinlə bağlı aparılan bir çox siyasətlərin Co Bayden tərəfindən daha da genişləndirildiyini görə bilərik. Bu siyasətlərin başında gələn əsas strategiyalardan biri isə Avropa İttifaqı, xüsusilə də Ukraynanın yer aldığı Şərqi Avropa ilə bağlıdır.

 

Bildiyimiz kimi, Böyük Britaniyanın Avropa İttifaqından ayrılma (“BREXİT”) siyasəti Trampın prezident seçkilərinə təsadüf edirdi – 2016-cı ilin yay aylarına. O zaman ABŞ prezidenti vəzifəsini icra edən, amma növbəti dəfə seçilmək səlahiyyəti olmadığından siyasi çevrələrdə “topal ördək” adlandırılan Barak Obama referendumla ayrılmaya qərar vermiş Böyük Britaniya xalqının bu addımını “İngiltərə bu siyasətlə Aİ-dən geri düşəcək” kimi qiymətləndirmiş, Tramp isə onu “Böyük zəfər” olaraq dəstəkləmişdi. Bu faktın özü Respublikaçılar partiyasının “Brexit”dən yana olduğunu göstərirdi. Daha sonrakı illərdə də Tramp İngiltərənin “Brexit” qərarını açıq şəkildə dəstələmiş və London məhz bu dəstək sayəsində tərəddüdündən vaz keçib 2020-ci ilin 31 yanvarında rəsmən Aİ-dən ayrıldığını bəyan etmişdi.

 

Trampın bu siyasəti, sözsüz ki, Aİ-yə qarşı idi, məqsəd isə qitə üzərində Almaniya və Fransanın təsir gücünü azaltmağa xidmət edirdi. Başqa sözlə, ABŞ prezidenti alman və fransız siyasətinin təsir dairəsinə düşən və enerji asılılığı səbəbindən getdikcə Rusiya ilə yaxınlaşan  Avropanı yenidən anqlo-sakson ittifaqın himayəsinə qaytarmaq istəyirdi. Biz bunu Trampın daha sonra Şərqi Avropanı özündə birləşdirən və qitənin enerji mərkəzinə çevirilməyi hədəfləyən Üç Dəniz Təşəbbüsü (Three Seas Initiative – TSI) layihəsini dəstəkləməsində daha açıq şəkildə müşahidə edə bildik.

  

 Üç Dəniz Təşəbbüsü (TSI) layihəsi nədir?

 

Bu layihə Mərkəzi və Şərqi Avropa ölkələri də daxil olmaqla beynəlxalq platforma kimi qurulub. Polşa, Xorvatiya, Avstriya, Estoniya, Latviya, Litva, Çexiya, Sloveniya, Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstanın iştirak etdiyi bu təşəbbüs Mərkəzi və Şərqi Avropada nəqliyyat və rəqəmsallaşma sahələrində infrastruktur çatışmazlıqlarını aradan qaldırmaq, eləcə də enerji infrastrukturunu inkişaf etdirmək və enerji təchizatı təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Maraqlıdır ki, layihə Trampı prezident kürsüsünə daşıyan 2016-cı il seçkilərindən bir il əvvəl, yəni 2015-ci ildə Polşa və Xorvatiyanın təşəbbüsü ilə yaradılıb. İlk baxışdan, iki Şərqi Avropa ölkəsinin özbaşına bir araya gəlib qərar verməsi ilə başlanmış kimi görünən təşəbbüsə daha sonra Tramp hakimiyyətinin böyük dəstək verməsi ağıllara başqa suallar gətirir: Əcəba, bu işdə ABŞ-ın öz barmağı ola bilərdimi və layihə nəyə xidmət edirdi?

 

İlk öncə onu vurğulamaqda yarar var ki, təşəbbüsün əsas məqsədi Şərqi və Mərkəzi Avropa ölkələrini enerji resursları ilə təmin etmək idi. Di gəl ki, bu ölkələrdən yalnız birinin – Rumıniyanın neft və qaz ehtiyatı vardı. Digər ölkələr isə enerjilərinin 75-80%-ni Rusiyadan alırdı. Deməli, təşəbbüsün məqsədi layihəyə qoşulan ölkələrin enerji təchizatını şaxələndirmək və onları Rusiyanın asılılığından xilas etmək idi. Təsadüfi deyil ki, 2020-ci ilin əvvəllərində Ukraynaya və Belarusa səfər edən Tramp administrasiyasının dövlət katibi Mayk Pompeo Miskdə olarkən Rusiyadan neft və qaz ala bilməyən ölkə rəsmilərinə ABŞ-ın enerji məhsillarını təklif etmiş, hətta ABŞ-ın LNG qazını “azadlıq molekulları” adlandırmışdı. O həmçinin Rusiyanın enerji əsarətindən qurtulmaq istəyən digər dövlətləri də qazla təchiz edəcəklərini bildirmişdi.

 

Əlbəttə ki, ABŞ Dövlət Departametinin katibinin bu fikirləri gəlişigözəl sözlər deyildi. ABŞ həmin illərdə yeni texnologiya ilə “qaya qazı və nefti” çıxarmağın yollarını tapmış, birdən-birə dünyanın ən çox enerji məhsulları hasil edən ölkəsinə çevrilmişdi. Əslində Ukrayna savaşının əsas səbəblərindən biri də ABŞ-la Rusiya arasında başlayan sözgedən enerji rəqabəti idi. 

 

Tramp dövründə ABŞ-ın Rusiya ilə enerji rəqabətində əsas bazar olaraq Şərqi Avropa ölkələrini seçməsi və buna ən çox Almaniyanın qarşı çıxması da səbəbsiz deyildi. Məlum olduğu kimi, Rusiyanın Mərkəzi Avropaya enerji nəqli əsasən Şərqi Avropa üzərindən edilirdi. Əsas kəmər isə Ukraynadan keçirdi. Ukraynanın Avropa İttifaqına yönəlməsinə qarşı Rusiyanın onu enerji ilə sınağa çəkməsi və Kiyevin də buna cavab olaraq enerji kəmərlərinin vintilini vaxtaşırı bağlaması qoca qitədə böhrana səbəb olurdu. Üstəlik, Qərbi Avropa ölkələri rus qazının və neftinin tranziti üçün Şərqi Avropaya müəyyən vəsaitlər ödəyirdi. Bu xərcin qarşısını almaq və dolayısıyla daha çox qazanmaq istəyən Almaniya Rusiya ilə “Şimal axını” kəmərlərinin çəkilməsi üçün müqavilələr imzalamışdı. Müqavilərlərdə nəzərdə tutulan kəmərlərdən biri (Şimal axını-1) çəkilmiş, digəri isə (“Şimal axını-2”) tamamlanmaq üzrə idi. Odur ki, ABŞ Almaniyadan bu projedən əl çəkməyi tələb edir, o dövrün alman kansleri Angela Merkel isə bununla razılaşmırdı. Trampla Merkel arasında aparılan çoxsaylı müzakirələrin əsas mərkəzində də bu amil dayanırdı.

 

Almaniya ilə ümumi razılığa gələ bilməyən Tramp Şərqi Avropa ölkələrini öz tərəfinə çəkməyə qərar vermiş və Polşanı qitənin əsas qaz tədarükçüsünə çevirməyi planlaşdırmışdı. Bu da sözsüz ki, Almaniyanın maraqlarına cavab vermirdi. Fransa isə öz qazını Rusiyadan almadığına görə ilk əvvəl bu müzakirələrdə tərəfsiz mövqe tutsa da, daha sonra ABŞ-ın niyyətinin əslində Avropanı anqlo-sankson ittifaqın tam nəzarətinə götürmək olduğunu anlamış və bu plana kəskin reaksiyalar verməyə başlamışdı. “NATO-nun beyin ölümü gerçəkləşib” deyən Emmanuel Makronun məlum üsyanının altında da məhz bu amil yatırdı.

 

Sirr deyil ki, ABŞ-ın “Üç Dəniz Təşəbbüsü”nə dəstək verməsinin əsas səbəblərindən biri də əslində Qərbi Avropa ilə Rusiya arasında bufer zona yaratmaq və onları heç bir zaman bir araya gəlməsinə imkan verməməkdi. Əslində Böyük Britaniyanı Aİ-dən ayırmaq, Şimali Avropa ilə Şərqi Avropanı onun ətrafında birləşdirmək də bu məqsədə xidmət edirdi. Trampın dəstəyi ilə İngiltərədə hakimiyyətə gələn Boris Consonun “Qlobal Britaniya” adlı layihə ilə çıxış etməsi, qəbul etdiyi hərbi doktirində Rusiyanı 1 nömrəli düşmən olaraq göstərməsi, ABŞ və İngiltərənin Finlandiya və İsveçlə hərbi-strateji müdafiə sazişi bağlaması və s. bu baxımdan təsadüfi görünmür. Eynilə Böyük Britaniyanın indiki Baş naziri Rişi Sunakın bu yaxınlarda Ukraynaya səfəri və Zelenski ilə bənzər hərbi müaviləyə imza atması da yaxın gələcəkdə Rusiya ilə Qərbi Avropa arasında bufer zonanın daha da möhkəmləndiriləcəyindən xəbər verir.

 

Bütün bunları nəzərə alanda Trampın yenidən hakimiyyətə gəlməsi ilə Ukraynanın Rusiya qarşısında tamamilə çarəsiz buraxılacağı inandırıcı görünmür. Əksinə belə təsəvvür yaranır ki, Co Bayden də öz sələfinin siyasətini yürüdür. O halda növbəti sual ortaya çıxır: ABŞ Konqresi niyə o zaman Ukraynaya hərbi yardımlarını dayandırmağa qərar verib?

 

Zənnimizcə, istər Tramp, istər onun sələfi Barak Obama, istərsə də Co Bayden bu sualı kifayət qədər cavablandırıb. Hər 3 prezident müxtəlif zamanlarda etdikləri çıxışlarında Avropa ölkələrinin hərbi büdcələrinə ÜDM-nün 2%-ni ayırmamasına etiraz edir, bunu NATO-nun 2014-cü ildə keçirilən Uels sammitinin qərarlarına zidd olduğunu vurğulayıblar. Hər 3 prezidentin fikrincə, Avropanın hərbi öhdəliklərə bu cür barmaqarası baxmasının əsas səbəbi ABŞ-a həddindən çox arxayın olmalarından qaynaqlanır. Görünür, məhz bu səbəbdən ABŞ Ukrayna ilə Rusiya arasında ziddiyyətləri qızışdırıb, Avropanı da bu bataqlığa çəkdikdən sonra geri addım atdı. Məqsəd Avropa ölkələrini də Rusiyanın zəiflətmək daşının altına əl qoymalarını təmin etməkdir. Prinsipcə, Vaşinqton bu məqsədinə nail oldu. Artıq Almaniyadan tutmuş Fransaya qədər bütün Avropa dövlətləri hərbi büdcələrini ÜDM-nün 2%-nə çıxarıb və Ukrayna savaşına daha ciddi hərbi yardımlar göstərir.

 

 Qısası, Barak Obamadan tutmuş Co Baydenə qədər ABŞ-da hakimiyyətə gələn bütün prezidentlərin siyasəti eyni olub və Rusiya ilə Avropa arasında keçilməz səddlər yaratmağa xidmət edib. Trampın növbəti dəfə hakimiyyətə qayıtması bu siyasətin nəinki iflası ilə nəticələnə bilməz, hətta onu daha da inkişaf etməyə hesablanıb. 

 

Heydər Oğuz,

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 5 471          Tarix: 22-01-2024, 15:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma