Xəbər lenti


Azərbaycanda bir çox çevrələr Ermənistanla yaşadığımız gərginlikdə xarici güc mərkəzlərinin mövqeyindən gileylənirlər. Onların fikrincə, ermənilər təkcə Fransa tərəfindən yox, həm də dünyanın super gücü sayılan ABŞ tərəfindən də dəstəklənirlər

 

İlk baxışdan ABŞ-dakı erməni lobbisinə bağlı siyasi xadimlərin verdiyi bir sıra bəyanatlar həqiqətən də bu mülahizələrə haqq qazandırır. Amma o da var ki, ABŞ-dakı erməni lobbisinin ölkəmizə qarşı apardığı kampaniyadan faktiki heç bir nəticəyə hasıl olmur. Ermənipərəst deputatlar və sabiq rəsmilər sadəcə danışır, amma iş icraata gələndə tamamilə başqa mənzərə ilə qarşılaşırıq.

 

Bəs, erməni tərəfindən bu mənzərə necə görünür? 

 

Ovqat.com-un məlumatına görə, Ambartsum K. adlı erməni müəllif qələmə aldığı ABŞ Türkiyəyə kart-blanş verdi: bu niyə təhlükəlidir?” sərlövhəli analizində bu suala Türkiyə Xarici İşlər naziri Hakan Fidanın Vaşinqton səfəri kontekstində cavab axtarmağa çalışıb.

 

“Azərbaycan Ermənistana qarşı ərazi iddiaları səsləndirmək yolunu tutub, buna görə ona heç bir şey olmayacağından əmindir. Bakıya belə bir zəmanəti kim vermişdi? Düzdü, Amerika-Türkiyə tandemi! Əslində Vaşinqton-Ankara-Bakı situativ üçlüyü artıq yaranıb”, Ambartsum K.-nın analizində gəldiyi yekun qənaət belədir.

 

Məqaləni olduğu kimi təqdim edirik:

 

Birləşmiş Ştatlar və Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhü təşviq etmək üçün birgə işləməyə söz verdilər. Bu barədə Türkiyə-ABŞ Strateji Mexanizminin yeddinci görüşü ilə bağlı bəyanatda deyilir. Qeyd edildiyi kimi, dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə 7-8 mart 2024-cü il tarixlərində Vaşinqtonda ABŞ-Türkiyə Strateji Mexanizminin yeddinci iclası keçirilib.

 

“Martın 7-də ABŞ Dövlət Departamentinin və Türkiyə Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmilərinin rəhbərlik etdiyi açıq, birgə strateji müzakirələr, ardınca isə martın 8-də katib Blinken ilə katib Fidan arasında görüş baş tutub. Blinken və Fidan Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə edilməsi üçün birgə işləmək öhdəliyi götürüblər və bunun regional sabitliyə, əməkdaşlığa və rifaha kömək edəcəyinə dair razılığa gəliblər”, - deyə bəyanatda qeyd olunub.

 

Bu isə Ermənistan üçün çox həyəcanverici siqnaldır. Həm də bir yox, bir sıra səbəblərə görə. Gəlin, ondan başlayaq ki, Vaşinqton və Ankara arasında Türkiyənin ABŞ-ın ən mühüm regional oyunçu rolunda tanıması əsasında dialoqun qurulmasına dair sübutlarımız var. Əslində ABŞ Türkiyə rəhbərliyinə kart-blanş verib. Təkcə bu, regionumuzun Ermənistan üçün xoşagəlməz sarsıntılarla üzləşəcəyini deməyə əsas verir.

 

Axı ölkəmizin rəhbərliyi başqa vaxtlarda Cənubi Qafqazda Amerika-Türkiyə tandeminin rolunu neytrallaşdıra biləcək Rusiya ilə münasibətləri kəsməyə hazırlaşır. Bəli, indi Rusiya buna qarşı dura bilməyəcək qədər zəifləyib. Yəni ondan apriori keçmiş əks-təsir gücünü gözləmək sadəlövhlük olardı. Üstəlik problem həm də ordadır ki, Türkiyə özü çox ağıllı şəkildə təkcə ABŞ üçün deyil, həm də Rusiya üçün əvəzolunmaz tərəfdaş rolunu oynayır.

 

Biz bunu Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfəri zamanı  da gördük. Əslində bu səfər Zelenski üçün heç nə ilə bitmədi. O, Ukraynanın ərazi bütövlüyünə dəstək haqqında yalnız çoxlu boş, əvvəllər eşidilmiş vədlər aldı. Bu vədlər ölkə ərazisinin dörddə birinin faktiki ələ keçirildiyini nəzərə alanda hətta istehzalı səslənir.

 

Eyni zamanda, rəsmi Ankaranın Ukraynanı Rusiya ilə danışıqlar masasına oturtmaq cəhdlərini hamı gördü. Bəli, Zelenski bununla razılaşmadı. Amma Türkiyənin irəli sürdüyü təklifin özü də önəmlidir. Hansı ki, böyük ehtimalla,  Birləşmiş Ştatlar ilə tam koordinasiyalı hərəkət edirdi. Və əgər ABŞ-dan Ukraynaya hərbi və maliyyə yardımının uzun müddət gecikməsini xatırlasaq, onda hər şey aydın olur.

 

Bəli, Vaşinqton və Ankara Rusiya-Ukrayna müharibəsini bitirmək üçün sinxron işləyirlər. Bu isə o deməkdir ki, istənilən halda Ankara qalib olacaq. Bunun Ermənistan üçün vəziyyətin son dərəcə əlverişsiz situasiya olduğunu başa düşmək çətin deyil. Axı Ankara-Bakı əlaqəsi sinxron fəaliyyət göstərir və onların ölkəmizə təzyiq etmək üçün ortaq planları var.

 

Heç də təsadüfi deyil ki, dünən Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev təxribatçı tələb irəli sürdü. O, qeyd etdi ki, “Ermənistan tərəfindən işğal edilmiş dörd qeyri-eksklav kəndin Azərbaycana məxsusluğu danılmazdır və dərhal azad edilməlidir”. Bu tələb Ermənistanın suveren ərazilərini işğal altında saxlayan Azərbaycandan gəlir!

 

Belə çıxır ki, Bakı ərazilərimizin qaytarılmasına nəinki razılıq vermir, hətta Ermənistana təzyiqləri artırır, təxribatçı tələblər səsləndirir. Azərbaycan ona heç nə olmayacağına əminliyindən bu tələbləri səsləndirir. Ona belə zəmanətləri kim verib? Düzdür, Amerika-Türkiyə tandemi. Hansı ki, bizim buna qarşı çıxacaq heç bir şeyimiz sadəcə olaraq yoxdur.

 

Cənubi Qafqaz regionu ilə bağlı böyük planları olan Fransa Vaşinqton-Ankara-Bakı üçlüyünə müqavimət göstərə bilmir. Bəli, paradoksal olaraq, sırf situativ xarakterli, lakin bizim üçün təhlükəli olan bu üçlük artıq yaranıb. Burada isə Azərbaycanın Süniki ələ keçirməyə cəhd edə biləcəyi proqnozları artıq şifahi təhlükə təsiri bağışlamır.

 

Fransaya olan ümidlər sadəlövhlükdür, Rusiyaya olan ümidlər isə hökumətimiz tərəfindən puça çıxarıldı və strateji rəqiblərini bölgəyə gətirmək cəhdlərindən hiddətlənən İranla da münasibətlərimiz korlana bilər. Üstəlik, Tehran bu barədə açıq danışır, bu da onun İranı narahat edən problemlərlə bağlı pərdəarxası xəbərlər vermək prinsipinə söykənən diplomatik ənənələrinə tamamilə ziddir. 

 

Pazllar bu şəkildə tam yerinə oturur. Və bu vəziyyət ona görə inkişaf edib ki, Ermənistanın başında yeni geosiyasi reallıqları dərk edə bilməyənlər dayanır.

 

Tərcümə etdi: Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 5 975          Tarix: 10-03-2024, 15:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma