Xəbər lenti

  

“Lukoyl” şirkətin vitse-prezidenti Vitali Robertus vəfat edib.

 

Ovqat.com-un məlumatına görə, “Lukoyl” şirkəti bu barədə rəsmi açıqlama yayıb.

 

Dərin təəssüf hissi ilə bildiririk ki, şirkətin vitse-prezidenti Robertus Vitali Vladimiroviç 54 yaşında qəflətən vəfat edib”, - açıqlamada deyilir.

 

Bildirilir ki, oxuduğu ali məktəbdən iqtisadçı kimi məzun olan Robertus dərhal “Lukoyl”-da işləməyə başlayıb. 30 ildən artıq bu şirkətdə işləyib.  “O, təkcə şirkətdə deyil, bütövlükdə enerji sənayedə həmkarlarının hörmətini qazanıb, yerli yanacağın və enerji kompleksinin inkişafındakı uğurlarına görə dövlət mükafatlarına layiq görülüb”,- məlumatda deyilir.

 

Robertus Vitalinin qəflətən ölümü Rusiyada bir çoxları tərəfindən sui-qəsd nəzəriyyələrinin ortaya atılmasına yol açıb. Məsələ burasındadır ki, şirkətdə bu cür “qəflətən” ölən təkcə Robertus deyil. Xüsusilə 2022-ci ildən başlayaraq Rusiyanın neft və qaz sənayesinin bir çox rəhbər şəxsləri bir-birinin ardınca “qəflətən” və müəmmalı şəkildə dünyasını dəyişirlər.

 

Bildirilir ki, sonuncu müəmmalı ölüm hadisəsi ötən il oktyabrın 24-də yaşanıb. Həmin gün "Lukoyl" neft şirkətinin Direktorlar Şurasının sədri Vladimir Nekrasov da 66 yaşında qəflətən vəfat etmişdi. Rəsmi açıqlamaya görə, onun ölüm səbəbi kəskin ürək çatışmazlığı idi. “Lukoil”in Nekrasov barədə yaydığı məlumata görə o da təcrübəli mütəxəssis idi. Təxminən 50 il neft-qaz sənayesində çalışan Nekrasov iş karyerasına NGDU "Povxneft"də çilingər-təmirçi kimi başlamışdı. O, Rusiyanın neft sənayesinin inkişaf etmiş yataqlarının təşkili sahəsində uğurlu bir sıra ideyaların müəllifi kimi tanınırdı. 

 

Maraqlıdır ki, Nekrasovun sələfi Ravil Maganov da qəflətən ölümü ilə həmkarlarını göz yaşına boğmuşdu. Maganovun Moskvadakı Mərkəzi Klinik Xəstəxananın (MK) əsas binasının pəncərədən düşərək  öldüyü xəbər verilir. Ona da Nekrasov kimi ürək problemləri diaqnozu qoyulmuşdu. İddialara görə, ölüm faktını araşdıran istintaq intihar və ya kənar müdaxilə halları müəyyənləşdirə bilməmişdi. Maganovun intihar məktubu buraxmaması və faciənin baş verdiyi yerdə müşahidə kameralarının olmaması bu ölümün mübhəmini artıran amillərdən sayılır.

 

Xüsusilə 2022-ci il Rusiyanın enerji sektoru qara il düşəcək. Həmin il ölkənin ən böyük enerji şirkətlərinin top menecerləri bir-birinin ardınca ölürdülər. İlin ilk müəmmalı ölüm hadisəsi yanvarın 30-da "Qazprom Invest" nəqliyyat xidmətinin rəhbəri 60 yaşlı Leonid Şulmanla başlamışdı. O, evində ölü tapılmışdı. Rəsmi versiyaya görə, intihar etmişdi, amma yanında intihar məktubu yox idi. Şulmanın səhətində ciddi problemləri də mövcud deyildi. Sadəcə ayağındakı dözülməz ağrılardan şikayətlənirdi.

 

Təxminən bir ay sonra, fevralın 25-də Lenoblast rayonunun Viborgskoye kəndində "Qazprom"un başqa bir top menecerinin ölüm xəbəri gəlmişdi. Əvvəlkilərdən fərqli olaraq 61 yaşlı Aleksandr Tyulyakovun cəsədinin yanında intihar məktubu var idi. Görünür, Tyulyakov özündən əvvəl ölənlərin yanında “intihar kağızının olmamasının mənasız söz-söhbətə yol açdığını” nəzərə alıb, canına qəsd etmədən əvvəl son “məktubunu yazmaq” zəhmətinə qatlanmışdı. Mərhum, “Qazprom”un təhlükəsizlik xidmətinin rəhbərlərindən idi.

 

Aprel ayında “Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avayev də şübhəli ölülər sırasına daxil olmuşdu. 51 yaşında olan Avayev həyat yoldaşı və azyaşlı qızı ilə birlikdə Moskvada Universitet Prospektindəki bir mənzildə ölü tapılmışdı. 

 

Bir neçə gün sonra oxşar bədbəxt hadisə "Novatek" in Direktorlar Şurası rəhbərinin keçmiş müavini Sergey Protoseneyin də başına gəlmişdi. Protoseneylə birlikdə arvadının və qızının cansız bədənləri İspaniyadakı evlərində bulunmuşdu. İstintaqın ilkin versiyasına görə, keçmiş top menecer arvadını və qızını öldürdükdən sonra intihar etmişdi. Ancaq polis iddiaları təsdiqləyən heç bir dəlilə rast gəlməmişdi. Tanışları ailənin mehriban olduğunu, həyat yoldaşlarının bir-birlərini sevdiklərini və heç vaxt mübahisə etmədiklərini bildirirdilər.

 

May ayında "Lukoyl" un keçmiş top meneceri və milyarder Aleksandr Subbotinin dünyasını dəyişməsi də müəmmalı ölümlər seriyasından növbətisi idi. İstintaq komitəsi onun da bəzi həmkarları kimi kəskin ürək çatışmazlığı səbəbindən öldüyünü müəyyənləşdirmişdi.

 

Məhz iki ildir davam edən müəmmalı ölümlər səbəbindən “Lukoyl”un vitse-prezidenti Vitali Robertusun bu gün yayılan vəfat xəbəri də ağıllara sui-qəsd nəzəriyyələri gətirir.

 




Ana səhifəyə qayıt        Baxış: 5 673          Tarix: 13-03-2024, 20:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma